Silahlara nəzarət və tərksilah

Cenevrə şəhəri, BMT-nin tərksilah mövzularının müzakirə olunduğu yeganə çoxtərəfli danışıqlar platforması hesab edilən Tərksilah üzrə Konfransa ev sahibliyi edir. Tərksilah üzrə Konfrans 1979-cu ildə BMT-nin Baş Assambleyasının Xüsusi Sessiyasının (1978) yekunlarına əsasən təsis edilmişdir. Konfrans silahlara nəzarət və tərksilah sahəsində bütün mövzuların müzakirəsi üçün forum rolunu oynayır.

Hazırda Konfransın gündəliyinə nüvə tərksilahı, nüvə müharibəsinin qarşısının alınması və bununla əlaqəli məsələlər, kosmik fəzada silahlanma yarışı, kütləvi qırğın silahlarının yeni növləri, nüvə silahına malik olmayan dövlətlərin nüvə təhlükəsinə qarşı müdafiəsi və silahlara nəzarət sahəsində şəffaflıq məsələləri daxildir.

65 üzvdən ibarət olan Konfransın üzv tərkibinə tətbiq olunan say məhdudiyyəti səbəbindən Azərbaycan Respublikası BMT-nin Tərksilah üzrə Konfransının işində üzv dövlət olaraq yox, qeyri-üzv dövlət qismində müşahidəçi olaraq iştirak edir. Qeyd olunan məhdudiyyət aradan qaldırılacağı təqdirdə, Azərbaycan Respublikası Konfransın işində üzv qismində iştirak etməyi nəzərdən keçirə bilər. Azərbaycan tərəfi Tərksilah üzrə Konfransı silahlara nəzarət sahəsində aparılan çoxtərəfli müzakirələrə və bu sahədə mövcud olan beynəlxalq təşəbbüslərə töhfə vermək üçün platforma olaraq qəbul edir.

Azərbaycan Respublikası zərərli təsirə malik müəyyən kateqoriya silahların qadağan olunmasına dair beynəlxalq konvensiyalara qoşulmuşdur. Bu sırada “Bioloji və toksin silahların qadağan edilməsi haqqında 1972-ci il Konvensiyası (Azərbaycan konvensiyaya 2004-cü ildə qoşulmuşdur), Kimyəvi silahların qadağan olunması üzrə Konvensiya (Azərbaycan Konvensiyanı 1993-cü ildə imzalamış, 1999-cu ildə ratifikasiya etmişdir), Nüvə silahlarının yayılmaması haqqında 1968-ci il Müqaviləsi (Azərbaycan Müqaviləyə 1992-ci ildə qoşulmuşdur), Nüvə sınaqlarının hərtərəfli qadağan olunması üzrə Müqavilə (Azərbaycan Müqaviləni 1997-cı ildə imzalamış, 1999-cu ildə ratifikasiya etmişdir) və Kosmik Fəza haqqında Müqaviləni (Azərbaycan Müqaviləyə 2015-ci ildə qoşulmuşdur) sadalamaq olar. Bundan əlavə, 7 iyul 2017-ci il tarixində BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı Azərbaycan Nüvə silahlarının qadağan olunması üzrə Müqavilənin yekun mətninin lehinə səs vermişdir.

Tərksilah üzrə Konfrans çərçivəsindəki fəaliyyətində Azərbaycan tərəfinin əsas prioritetlərindən biri ərazilərinin 20%-nin Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılması ilə əlaqədar beynəlxalq nəzarətdən kənarda qalan həmin ərazilərin Ermənistan tərəfindən qanunsuz silah və sursat saxlanılması və ötürülməsi məqsədilə istifadə olunması faktının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasıdır.

Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminin mövcud olmasına baxmayaraq son zamanlar Ermənistan tərəfinin təxribatçı əməllərinin intensivləşməsi ilə əlaqədar hərbi əməliyyatların bərpa olunması təhlükəsi qalmaqdadır. Bununla əlaqədar, münaqişənin xarakterini və münaqişə bölgəsinin relyefini nəzərə alaraq Azərbaycan silahlı qüvvələrinin müəyyən kateqoriya silahlara malik olması zəruridir. Bu xüsusda, insanlar üçün xüsusilə zərərli təsirə malik silahların qadağan edilməsi istiqamətində həyata keçirilən beynəlxalq səyləri alqışlayan Azərbaycan tərəfi təəssüf ki həmin silahların qadağan edilməsini nəzərdə tutan bəzi beynəlxalq konvensiyalara (Ottava Konvensiyası (1997), Adi silahların müəyyən növlərinin qadağan olunmasına dair Konvensiya (1980) və Kasetli hərbi sursatlar haqqında Konvensiya (2008) hələ ki qoşula bilmir.

Bununla belə, Azərbaycan tərəfi ümid edir ki, Ermənistan münaqişənin həll olunması prosesində konstruktiv mövqe tutacaq, öz silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxaracaq, bununla da münaqişənin nəticələrinin aradan qaldırılmasına, münaqişə zonasında yerləşən zərərli hərbi sursatların qalıqlarının təmizlənməsinin həyata keçirilməsinə və ləğv olunmasına, eləcə də Azərbaycanın yuxarıda sadalanan beynəlxalq konvensiyalara qoşulmasına imkan yaratmış olacaqdır.

Eyni zamanda, qeyd edilməlidir ki, BMT Baş Assambleyası çərçivəsində yuxarıda qeyd olunan konvensiyalara dəstək məqsədilə irəli sürülən qətnamə layihələri Azərbaycan tərəfindən mütəmadi əsasda dəstəklənir.

Silahlara nəzarət və tərksilah sahələrində beynəlxalq əməkdaşlığa verilən əhəmiyyətin bariz göstəricisi kimi həmçinin qeyd edilməlidir ki, Azərbaycan tərəfi silahlara nəzarət sahəsində şəffaflığı nəzərdə tutan bütün beynəlxalq və regional məlumat mübadiləsi mexanizmlərində fəal iştirak edir və silahlara nəzarət sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların işinə fəal töhfə verir. Təsadüfi deyildir ki, 2016-cı ilin dekabrında keçirilən seçkilərdə Azərbaycan Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın (OPCW) İcraiyyə Şurasına 2017-2019-cu illər üzrə üzv seçilmişdir.