15.09.2012
Daimi Nümayəndəlik Millətlər Sarayında “Açıq Gün” adlı tədbirdə iştirak etmişdir

Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi BMT-nin Cenevrə şəhərindəki Baş Qərargahında – Millətlər Sarayında keçirilmiş “Açıq Gün” adlı tədbirdə iştirak etmişdir. Tədbirin keçirilməsində məqsəd, BMT və onun Cenevrə şəhərindəki bölməsi, BMT-nin ixtisaslaşmış qurumları və üzv dövlətlərinin fəaliyyəti haqqında İsveçrə ictimaiyyətinin məlumatlandırılmasından ibarət olmuşdur.  Tədbirdə ölkəmiz ilə yanaşı, Almaniya, Böyük Britaniya, İtaliya, İsveçrə, ABŞ, Macarıstan, Rumıniya, Qazaxıstan, Nepal, Botsvana və Çinin Daimi Nümayəndəlikləri iştirak etmişlər.

On minə yaxın insanın iştirak etdiyi sözügedən mərasimdə Azərbaycanın milli mədəniyyəti, incəsənəti və kulinariyasını özündə əks etdirən əşya və məlumatlardan ibarət sərgi təşkil edilmiş, ölkəmizin turizm potensialı, mədəniyyəti və incəsənətinə dair kitab və jurnallar, eləcə də digər vəsaitlər nümayiş edilmiş və ziyarətçilərə paylanmışdır.

Mərasim çərçivəsində ölkəmizin sərgi stendi BMT-nin Cenevrə bölməsinin Baş Direktoru Kasım-Jomart Tokayev tərəfindən ziyarət edilmiş və ona Daimi Nümayəndəlik tərəfindən “Azərbaycan xalçaları. İrəvan Qrupu” adlı yüksək keyfiyyət və nəfis tərtibata malik xatirə kitabı hədiyyə edilmişdir.

BMT-nin Cenevrə şəhərindəki bölməsində “Açıq Gün” adlı tədbir iki ildən bir təşkil olunur. İlk belə mərasim 2010-cu ildə təşkil olunmuşdur.

növbəti xəbər əvvəlki xəbər