08.05.2015
Azərbaycan Respublikasının Şuşa rayonunun Ermənistan Respublikası tərəfindən işğalının 23-cü ildönümü

Azərbaycan Respublikasının Şuşa rayonunun Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edilməsindən 23 il ötür.

Əsrarəngiz təbiəti, qədim və zəngin tarixi, nadir maddi və qeyri-maddi mədəni irsi olan, habelə mühüm iqtisadi, siyasi, mədəni və mənəvi əhəmiyyətə malik, eyni zamanda, Azərbaycan xalqının həyatında mühüm rol oynamış Şuşa 8 may 1992-ci il tarixində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

İşğal zamanı Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən törədilən zorakılıq və etnik təmizləmə fəaliyyəti nəticəsində 195 nəfər öldürülmüş, 165 nəfər yaralanmış, 150 nəfər əlil olmuş, 58 nəfər əsir götürülmüş və 20 mindən artıq insan məcburi köçkün vəziyyətinə düşmüşdür.

Şuşadan Azərbaycanın tarixi izlərini silmək məqsədilə Ermənistan Respublikasının silahlı qüvvələri zəbt etdikləri ərazidə çoxlu sayda mədəni və təhsil müəssisələrini - 7 uşaq bağçası, 22 məktəb, mədəni, kənd təsərrüfatı və texniki məktəblər, 8 mədəniyyət evi, 14 klub, 31 kitabxana, 2 kinoteatr, 8 muzey və Qafqazdakı yeganə Şərq musiqi alətləri zavodunu, habelə çoxsaylı tarixi və mədəni abidələri – Pənahəli Xan Sarayı, Cümə Məscidi, Aşağı Gövhər Ağa Məscidi, Xurşud Banu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsini məhv etmişlər. Bununla yanaşı, Tarix Muzeyinin 5 mindən çox eksponatı, Azərbaycan Dövlət Xalçaçılıq və Tətbiqi Sənətlər Muzeyinin Şuşa filialının və Qarabağ Tarixi Dövlət Muzeyinin mindən artıq eksponatı, həmçinin Azərbaycan müasir peşəkar musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin Xatirə Muzeyinə məxsus 300 əşya, Azərbaycan vokal musiqisinin banisi Bülbülün Xatirə Muzeyinə aid 400 əşya və görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın Xatirə Muzeyinə məxsus 100 əşya Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən talan edilmişdir. Hal-hazırda, həmin dəyərli əşyalar хarici hərraclarda satılır, yaхud müхtəlif sərgi və muzeylərdə dünya ictimaiyyətinə еrməni mədəniyyətinin nümunəsi kimi təqdim оlunur.

Xüsusilə qeyd edilməlidir ki, BMT Təhlükəsizlik Şurası Sədrinin 12 may 1992-ci il tarixli bəyanatında Şura “Dağlıq Qarabağla əlaqədar vəziyyətin pisləşməsi, habelə atəşkəs razılaşmalarının ciddi insan itkiləri və geniş yayılmış maddi zərərlə nəticələnən pozulması halları və onların region ölkələri üçün nəticələri ilə bağlı ciddi narahatlığını” ifadə etmiş və “əlaqədar tərəfləri zorakılığa son qoymaq üçün bütün zəruri tədbirləri görməyə” çağırmışdır. Buna baxmayaraq, 18 may 1992-ci il tarixində Azərbaycanın digər rayonu - Laçın Ermənistan Respublikası tərəfindən işğal olunmuşdur.

Bundan əlavə, BMT Təhlükəsizlik Şurası 30 aprel 1993-cü il tarixli 822 saylı qətnaməsində “ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyi” prinsipini bir daha təsdiq etmiş, “davamlı atəşkəsə nail olmaq üçün bütün döyüş əməliyyatları və düşmənçilik fəaliyyətlərinin dərhal sonlandırılmasını, habelə Azərbaycanın işğal edilmiş ......və işğal olunmuş digər rayonlarından bütün işğalçı qüvvələrin dərhal çıxarılmasını” tələb etmişdir.  

Buna baxmayaraq, BMT-nin sözügedən sənədləri Ermənistan Respublikası tərəfindən yerinə yetirilməmişdir.

Azərbaycan Respublikası hesab edir ki, Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olması üçün Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının ərazilərinin işğalına son qoyulmalı və Azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaq hüququ tam təmin edilməlidir.

Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğunun davam etməsi və onların qanunsuz fəaliyyətləri ilə əlaqədar olaraq, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün Azərbaycan Respublikasının atmaq məcburiyyətində qala biləcəyi addımların istənilən nəticələrinin məsuliyyəti tam şəkildə Ermənistan Respublikasının üzərinə düşəcəkdir.

növbəti xəbər əvvəlki xəbər