31.03.2015
31 Mart – Azərbaycanlıların soyqırımı günü

Hər il 31 mart tarixində dünyadakı milyonlarla Azərbaycanlı son iki əsrdə zülmə və soyqırımlara məruz qalmış xalqımızın faciəsini yad edir.

Bu il Azərbaycan xalqı yenidən imperialist siyasətlər və Ermənistanın təcavüzü nəticəsində törədilmiş soyqırımı və etnik təmizləmə cinayətlərinin qurbanlarının xatirəsinə öz ehtiramını nümayiş etdirir. Xalqımıza qarşı mərhələli şəkildə həyata keçirilən qeyri-insani siyasət nəticəsində Azərbaycanlılar öz tarixi torpaqlarından qovulmuş, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, kütləvi qətliam və soyqırımlara məruz qalmışdır.

Rus-fars müharibəsinin nəticəsi olaraq imzalanmış 1828-ci il tarixli Türkmənçay sülh müqaviləsinə əsasən əzəli Azərbaycan ərazilərində yerləşdirilmiş ermənilər tərəfindən ilk mərhələdə Azərbaycanlıların həmin torpaqlardan kütləvi surətdə qovulması prosesi həyata keçirilməyə başlanmışdır. Erməni millətçiləri tərəfindən törədilmiş ağır insan hüquqları pozuntuları, etnik təmizləmə və Azərbaycanlıların kütləvi deportasiyası 20-ci əsr ərzində - 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə davam etdirilmişdir.

İndiki Ermənistan ərazisi və Azərbaycanın Dağlıq Qarabağ ərazisindən Azərbaycanlıların kütləvi çıxarılması, dinc əhaliyə qarşı zorakılıq və vəhşiliklər XX əsrin əvvəllərində - 1905-1907-ci illərdə xüsusi vüsət almışdır. Azərbaycanın Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Qazax və Qarabağ əyalətlərində yüzlərlə kənd yandırılmış, uşaqdan böyüyə qədər hamı amansızcasına qətlə yetirilmişdir. Azərbaycanlıların növbəti kütləvi qırğını 31 mart 1918-ci ildə ilk öncə Bakı şəhərində, daha sonra isə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qarsda həyata keçirilmişdir. Ümumiyyətlə, XX əsrin birinci yarısında törədilmiş qırğınlar zamanı (1905-1907, 1918-1920) 2 milyona yaxın Azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmiş, öz yurd-yuvasından zorla qovulmuşdur.

1947-ci il dekabr ayının 23-də SSRİ Nazirlər Soveti tərəfindən qəbul edilmiş “Ermənistan SSR-dən kolxozçuların və başqa Azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar isə Azərbaycan xalqına qarşı törədilmiş növbəti tarixi cinayət idi. Qərar nəticəsində 150 mindən çox Azərbaycanlı zorakılıqla öz doğma yurd-yuvalarından qovulmuş, uşaq və yaşlılarla da daxil olmaqla, minlərlə insan kəskin iqlim dəyişikliyi, fiziki sarsıntı və mənəvi soyqırımı nəticəsində həlak olmuşdur.

Azərbaycan Respublikası Ermənistan Respublikasının məkrli, işğal və etnik təmizləmə siyasətindən hələ də əziyyət çəkməkdədir. Belə ki, Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf ərazilərinin əhalisinə qarşı aparılan təcavüzkar və etnik təmizləmə siyasətinin nəticəsi olaraq Azərbaycanın 20 % ərazisi Ermənistan tərəfindən işğal edilmiş və 1 milyondan çox Azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

26 mart 1998-ci il tarixində Azərbaycan xalqına qarşı törədilmiş faciələrin qurbanlarının xatirəsini yad edərək Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 31 mart tarixinin Azərbaycanlıların soyqırımı günü elan edilməsi barədə fərman imzalamışdır. Azərbaycanlıların soyqırımı günü ilə bağlı Azərbaycan Respublikasının hazırkı Prezidenti İlham Əliyev isə qeyd etmişdir ki: Erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ildən artıq müddətdir ki, aparılan siyasətin əsas məqsədləri hərbi, siyasi, ideoloji və digər vasitələrdən istifadə etməklə Azərbaycanlıları öz doğma yurd-yuvalarından qovmaq, məhv etmək və mifik “Böyük Ermənistan” dövlətini yaratmaq olmuşdur. Eyni zamanda, bu hiyləgər siyasətin nəticəsində tarixi Azərbaycan torpaqlarının işğal edildiyi, yüz minlərlə həmvətənlərimizin qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, habelə on minlərlə insanın öldürüldüyü qeyd edilmişdir.

31 Mart tarixinin yad edilməsi xalqımızın tarixində baş vermiş faciə qurbanlarının xatirəsinə olan ehtiramı nümayiş etdirir. Sovet hakimiyyəti zamanı faciə qurbanlarının xatirəsini yad etmək mümkün olmasa da, müstəqillik əldə etdikdən sonra Azərbaycan xalqı soyqırımı və onun qarşısının alınması üzrə tədqiqatlar da daxil olmaqla, öz tarixinin öyrənilməsi istiqamətində mühüm addımlar atmışdır. 

növbəti xəbər əvvəlki xəbər