20.01.2015
Qara Yanvar faciəsinin iyirmi beşinci ildönümü

Bu gün Azərbaycan Respublikasında Milli Matəm günüdür. Minlərlə insan 20 yanvar 1990-cı il tarixində azadlıq və müstəqillik uğrunda həlak olmuş Azərbaycan xalqının cəsur oğul və qızlarının qəhrəmanlıq xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edir.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında ölkəmizin müstəqilliyi naminə Bakının küçə və meydanlarına çıxan geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli gecədə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar Sovet hakimiyyətinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

Sovet hakimiyyəti bu faciəvi cinayətin miqyasını daxili və beynəlxalq ictimaiyyətdən gizlətməyə çalışırdı. Buna baxmayaraq, bu qanlı əməliyyatın ağır nəticələri çox aydın idi. Belə ki, Bakıda törədilmiş qanlı qırğın nəticəsində 131 günahsız insan öldürülmüş, 611 nəfər yaralanmış, yüzlərlə insan isə həbs olunmuşdu. Azərbaycanın paytaxtında bir ildən çox davam edən fövqəladə vəziyyət elan edilmişdi.

Sovet hərbi maşını tərəfindən Azərbaycanda törədilmiş bu qırğın, dövlətin öz vətəndaşlarına münasibətdə həyata keçirdiyi görünməmiş qanlı təcavüz idi. Hadisə keçmiş SSRİ və Azərbaycan SSR Konstitusiyalarının biabırçı şəkildə pozulması demək idi. Mülki əhalinin məhv edilməsi məqsədilə qoşunlarını göndərməklə SSRİ hökuməti, eyni zamanda, beynəlxalq hüquq, o cümlədən BMT Nizamnaməsi, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, habelə tərəfi olduğu Mülki və Siyasi hüquqlar haqqında 1966-cı il Beynəlxalq Paktına saymazyana münasibət göstərmiş oldu.

Bütün bunlara baxmayaraq, bu mənfur hərəkət Azərbaycan xalqının Sovet İttifaqından müstəqil olmaq niyyətinin qarşısını ala bilmədi. Azərbaycan xalqının cəsur mübarizəsi nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyimizi bərpa etdik və ölkəmiz suverenlik əldə etdi.

Bu gün Azərbaycan xalqı öz qəhrəmanlarının məzarını ziyarət etməklə bir daha 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edir. Şəhidlərin həyat və mübarizəsi bugünkü və gələcək nəsillərin qürur mənbəyidir. Məhz onların qəhrəmanlığının nəticəsidir ki, bu gün dünya xalqları arasında Azərbaycan dövləti mövcuddur. Bu səbəbdən də böyük itkilərlə qazanılmış Azərbaycan Respublikasının müstəqilliyinin qorunması və daha da möhkəmləndirilməsi bütün Azərbaycanlıların müqəddəs borcudur.

növbəti xəbər əvvəlki xəbər