02.09.2014
Azərbaycan Respublikasının Qubadlı rayonunun Ermənistan Respublikası tərəfindən işğalının 21-ci ildönümü

Azərbaycan Respublikasının Qubadlı rayonunun Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edilməsindən 21 il ötür.

Füsunkar təbiəti olan Qubadlı Azərbaycanın meşə ehtiyatı, rəngarəng flora və faunası, habelə mineral və tikinti təbii ehtiyatları ilə ən zəngin torpaqlarından biridir. Əsasən dağlıq hissədən ibarət olan Qubadlıda işğala qədər istifadə olunmamış zəngin əqiq yatağı, mərmər karxanası, habelə təbii minerallarla zəngin çoxsaylı bulaq mövcud olmuşdur.

Heyvandarlıq, tütünçülük və taxılçılığın xüsusilə inkişaf etdiyi rayonda işğala qədər 62 müəssisə, o cümlədən asfalt zavodu, inkubator-quşçuluq fabriki, daş karxanası, texniki-təchizat idarəsi, tikiş fabriki, “Neftqazavtomat” təcrübə zavodu və başqa istehsal xarakterli müəssisələr fəaliyyət göstərmişdir. Rayonda, eyni zamanda, 125 ticarət, 96 ictimai-iaşə, 21 rabitə müəssisəsi və 25 məişət xidməti müəssisəsi əhaliyə xidmət göstərirdi.

Mədəni və sosial potensialına görə Azərbaycanın həyatında mühüm rol oynayan Qubadlı rayonunda işğala qədər 21 orta, 26 səkkizillik, 15 ibtidai məktəb, bir əyani-qiyabi orta məktəb, 4 xəstəxana və 33 səhiyyə müəssisəsi, habelə 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi, 28 klub, 6 avtoklub, 23 kino qurğusu fəaliyyət göstərmişdir.

Qubadlıda olan qədim maddi mədəni irs nümunələri bu ərazinin ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir. Belə ki, rayon mərkəzinin qədim hissəsində son tunc-erkən dəmir dövrünə aid yaşayış ərazisi, Əliquluuşağı kəndində son tunc-erkən dəmir dövrünə aid iki qəsr, Muradxanlı kəndində eyni dövrə aid bir qəsr, Əliquluuşağı, Balahəsənli və Zor kəndlərində IV əsrə aid sığınacaqlar, Gavur yarğanında IV əsrə aid mağara, Yazı düzündə XIV əsrə aid qəbiristanlıq,  Əliquluuşağı və Eyvazlı kəndlərində V əsrə aid göy qalalar, Dəmirçilər kəndində XIII-XIV əsrlərə aid məqbərələr və XVI əsrə aid bulaq, Gürcülü kəndində XVIII əsrə aid məqbərə, Aşağı Xocamsaqlı kəndində IX və XII əsrlərə aid müdafiə qalası, Başarat, Məzrə və Yuxarı Cibikli kəndlərində orta əsrlərə aid alban mədədləri, habelə çoxsaylı digər abidələr nəsildən-nəsilə ötürülmüş canlı tarixdir.

Lakin, Ermənistan Respublikasının məkrli, işğal və etnik təmizləmə siyasəti Qubadlıdan da yan keçməmişdir. Belə ki, 31 avqust 1993-cü il tarixində Qubadlı rayonu Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal zamanı Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən törədilən zorakılıq və etnik təmizləmə fəaliyyəti nəticəsində Qubadlıda 232 nəfər öldürülmüş, 146 nəfər əlil edilmiş, 40 minə yaxın insan məcburi köçkün vəziyyətinə düşmüşdür. Eyni zamanda, Qubadlıda 205 mədəni-məişət ocağı, 12 tarixi abidə və 100-ə yaxın qəsəbə və kənd Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən bütünlüklə dağıdılmışdır.

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə əlaqədar beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən müvafiq sənədlər, xüsusilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, 25 yanvar 2005-ci il tarixində Avropa Şurası tərəfindən qəbul edilmiş 1416 saylı qətnamə, 14 mart 2008-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş 62/243 saylı “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamə, Avropa Parlamenti tərəfindən 20 may 2010-cu il tarixində qəbul edilmiş “Cənubi Qafqazda Avropa İttifaqı strategiyasına ehtiyac” adlı hesabat Azərbaycan Respublikasının ərazi bütövlüyünü bir daha təsdiq etmiş, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf ərazilərinin işğal edildiyini qəbul etmiş və Ermənistanın bütün işğalçı qüvvələrinin həmin ərazilərdən çıxarılmasını tələb etmişdir.

Buna baxmayaraq, sözügedən sənədlər Ermənistan Respublikası tərəfindən həyata keçirilməmişdir.

Azərbaycan Respublikası hesab edir ki, Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olmasının yeganə yolu Azərbaycan Respublikasının ərazilərinin Ermənistan Respublikası tərəfindən işğalına son qoyulması və Azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaq hüququnun təmin edilməsidir.

növbəti xəbər əvvəlki xəbər