27.08.2014
Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Ermənistan Respublikası tərəfindən işğalının 21-ci ildönümü

Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edilməsindən 21 il ötür.

Cəbrayıl Azərbaycanın mineral və müxtəlif tikinti təbii ehtiyatları ilə ən zəngin torpaqlarından biridir. Cəbrayılda zəngin sement, mərmər, mişar daşı və digər tikinti materialları, habelə dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. Eyni zamanda, eramızın I əsrində yaradılmış kəhriz (“yeraltı çaylar”) şəbəkəsindən Cəbrayılda işğala qədər geniş şəkildə istifadə olunmuşdur. Azərbaycanda olan 813 kəhrizin 118-i Cəbrayılın payına düşür. Bununla yanaşı, rayonda təbii minerallarla zəngin 360-dan çox bulaq mövcuddur.

Azərbaycanın mədəni həyatında da özünəməxsus yerə malik olan Cəbrayıl mühüm maddi və qeyri-maddi mədəni irs mərkəzlərindən biri olmuşdur. Belə ki, rayon ərazisində Dağ-Tumas kəndi yaxınlığında yerləşən "Divlər Sarayı" mağarası (daş dövrü), Qalacıq kəndindəki "Məscid Təpəsi" (tunc dövrü), "Canqulu" və "Qumtəpə" kurqanları (tunc dövrü), Qızılqaya dağındakı Sigeon tikintisi, Qıxlar kəndi yaxınlığında "Şəhərcik qalıqları" və "Qışlaq yerləri", Diri dağındakı “Mazannənə”, “Mərmərnənə” məqbərələri kimi arxeoloji, Dağtumas kəndindəki "Başıkəsik Gümbəz", Sirik kəndindəki "Qala", Diri dağındakı "Qız qalası" (XII əsr), Xudafərin körpüləri (XI, XII və XIII əsrlər), Çələbilər kəndindəki Məscid kompleksi (XVII əsr), rayon mərkəzindəki "Sultan Məcid hamamı", Şıxlar kəndindəki "Dairəvi Türbə", Xubyarlı kəndindəki "Dairəvi" 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri, habelə Ağoğlandakı Orxan yazılı abidəsi (ilkin orta əsrlər) nəsildən-nəsilə ötürülmüş canlı tarixdir.

Xüsusilə qeyd edilməlidir ki, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil olan Azərbaycan aşıq sənəti (2009) və Azərbaycan xalçaçılıq sənətinin (2010) mühüm mərkəzlərindən biri də məhz Cəbrayıl olmuşdur.

Lakin, Ermənistan Respublikasının məkrli, işğal və etnik təmizləmə siyasəti Cəbrayıldan da yan keçməmişdir. Belə ki, 26 avqust 1993-cü il tarixində Cəbrayıl rayonu Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal zamanı Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən törədilən zorakılıq və etnik təmizləmə fəaliyyəti nəticəsində Cəbrayılda 352 nəfər öldürülmüş, 191 nəfər əlil edilmiş, 67898 nəfər isə məcburi köçkün vəziyyətinə düşmüşdür. Eyni zamanda, Cəbrayılda 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən bütünlüklə dağıdılmışdır.

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə əlaqədar beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən müvafiq sənədlər, xüsusilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, 25 yanvar 2005-ci il tarixində Avropa Şurası tərəfindən qəbul edilmiş 1416 saylı qətnamə, 14 mart 2008-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş 62/243 saylı “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamə, Avropa Parlamenti tərəfindən 20 may 2010-cu il tarixində qəbul edilmiş “Cənubi Qafqazda Avropa İttifaqı strategiyasına ehtiyac” adlı hesabat Azərbaycan Respublikasının ərazi bütövlüyünü bir daha təsdiq etmiş, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf ərazilərinin işğal edildiyini qəbul etmiş və Ermənistanın bütün işğalçı qüvvələrinin həmin ərazilərdən çıxarılmasını tələb etmişdir.

Buna baxmayaraq, sözügedən sənədlər Ermənistan Respublikası tərəfindən həyata keçirilməmişdir.

Azərbaycan Respublikası hesab edir ki, Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olmasının yeganə yolu Azərbaycan Respublikasının ərazilərinin Ermənistan Respublikası tərəfindən işğalına son qoyulması və Azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaq hüququnun təmin edilməsidir.

növbəti xəbər əvvəlki xəbər