AZƏRBAYCAN - BMT
BMT VƏ AZƏRBAYCAN
Azərbaycan Respublikası və BMT arasında əməkdaşlıq Sovet İttifaqının dağılması və Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən dərhal sonra bərqərar olmuşdur.
Azərbaycan Respublikası 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilmiş və 1992-ci il may ayının 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılmışdır. BMT ilə əməkdaşlığın birinci günündən başlayaraq, Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə və BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışmışdır.
1993-cü il ərzində BMT-nin TŞ Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul etmişdir. Hər bir qətnamə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı nəticəsində qəbul edilmişdir. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürmüşdür. Təəssüf ki, məlum qətnamələrin müddəaları indiyə kimi yerinə yetirilməmişdir.
Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsi və qaçqın və məcburi köçkünlərin sayının 1 milyondan keçdiyindən dərin narahatlıq hissi keçirərək, BMT-nin Baş Assambleyası 1993-cü ildə keçirdiyi 85-ci plenar iclasında “Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında” Qətnamə (A/RES/48/114) qəbul etmişdir.
1992-1996-cı illər ərzində BMT-nin TŞ-nın Sədri və BMT Baş Katibi Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini təsdiqləyən və münaqişənin sülh yolu ilə həll olunmasına yönəlmiş ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyən münaqişə üzrə bir sıra bəyanatlarla çıxış etmişlər.
1996-cı ildən başlayaraq BMT Baş Assambleyası “BMT və ATƏT arasında əməkdaşlıq haqqında” Qətnaməsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü (Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında olan münaqişə) yenidən təsdiqləyir.
Azərbaycan BMT Baş Assambleyasının işi çərçivəsində fəal iştirak edir. Belə ki, 1994 və 1995-ci illərdə BMT BA-nın 49-cu və 50-ci sessiyalarında Azərbaycan Respublikasının Prezidenti c-b Heydər Əliyev Azərbaycan Respublikasının nümayəndə heyətinə başçılıq etmişdir. O, həmçinin, 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Zirvə Toplantısında iştirak etmişdir. Azərbaycan Prezidenti çıxışında qlobalizasiya mövzusuna toxunmuş və qlobalizasiyanın müsbət inkişafı, həmçinin Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə Azərbaycanın verdiyi töhfələri xüsusilə qeyd etmişdir. 2003-cü ilin sentyabrında isə o vaxt ki Baş Nazir İlham Əliyev BMT BA-nın 58-ci sessiyasında milli sosial-iqtisadi inkişaf və regional və beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərlə bağlı çıxış etmişdir.
Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. Qeyd etmək olar.
Azərbaycan və BMT-nin Uşaq Fondu (UNİCEF) arasında olan əməkdaşlıq məcburi köçkün və qaçqın uşaq və yeniyetmələr arasında vəziyyətin yaxşılaşdırılması məqsədilə bərqərar olmuşdur. Azərbaycan UNİCEF-in İcra Heyətinin 1995-1997, 1998-2000-ci illər ərzində üzvü olmuşdur.
Azərbaycan BMT-nin xüsusi qurum və orqanları ilə fəal əməkdaşlıq edir. Azərbaycan Qadınların statusu haqqında Komissiyanın üzvü olmuşdur (2000-2002). Azərbaycan həmçinin Komissiyanın “Hərbi münaqişələr nəticəsində girov götürülmüş qadın və uşaqların azad edilməsi haqqında” illik qəbul etdiyi qətnaməsinin əsas sponsorudur.
Azərbaycan BMT-nin xüsusi qurumları qismində BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Sənaye İnkişaf Təşkilatı (SİN) ilə xüsusi əlaqələrə malikdir. Müxtəlif layihə və proqramlar yaşayış standartlarının yüksəldilməsinə, iqtisadiyyatın struktur tənzimlənməsinin həyata keçirilməsinə xidmət edir.
Xüsusilə də, BMT-nin İnkişaf Proqramı Azərbaycanın Bərpa və Yenidənqurma Agentliyinin (ARRA) və ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) imkanlarının inkişaf etdirilməsi və onların maliyyələşdirilməsi yolu ilə münaqişədən sonrakı bərpa prosesinə böyük yardım göstərmişdir. BMT-nin İnkişaf Proqramı ARRA-nı dəstəkləməklə Dünya Bankı, BMTİP, BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı (UNHCR), Avropa İttifaqının (Aİ) Müstəqil Dövlətlər Birliyinə Texniki Yardımı (TACİS) proqramı və s. həyata keçirir.
Azərbaycan öz siyasi və iqtisadi sistemini yeniləşdirməklə, ölkənin müasir norma və standartlar çərçivəsində inkişaf etməsini əsas üstünlük hesab edir. Bu prosesin mühüm tərkib hissəsi kimi demokratik infrastrukturun gücləndirilməsi, geniş şəffaflıq, qərar qəbulu və siyasi müzakirələr prosesində ictimaiyyətin inkişafı məsələlərini qeyd etmək olar. Yeni iş yerlərinin açılması və iqtisadiyyatın inkişafı üçün BMTİP həmi siyasi və digər müvafiq tədbirlərin xüsusi sektorda effektiv inkişafı və böyüməsini təmin etmək üçün Azərbaycan Hökumətinə yardım edir. Struktur islahatlarının gücləndirilməsi məqsədləri üçün BMTİP Azərbaycanda xüsusi sektorda proqramın icrası ilə əlaqədar Dünya Bankı ilə əməkdaşlıq edir.
Erməni aqressiyası nəticəsində Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkünlər mövcuddur. 1993-cü ildən bəri Azərbaycan dövləti BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı (UNHCR) ilə birgə qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üzrə fəaliyyəti davam etdirirlər.
Təhsil, elm və mədəniyyət məsələlərinin vacibliyini nəzərə alaraq, Azərbaycan BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) ilə geniş əməkdaşlıq edir və bu məqsədlə 1994-cü ildə Azərbaycan Prezidentinin Sərəncamına əsasən Azərbaycanın YUNESKO nəzdində Milli Komissiyası təsis edilmişdir.
Azərbaycanın müxtəlif nazirlik və qurumları BMT sistemində olan müvafiq qurumlarla sıx əməkdaşlıq edirlər (məs: Azərbaycan Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı).
Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti narahat edən müxtəlif məsələlər ilə əlaqədar BMT Baş Assambleyasının qəbul etdiyi qətnamələrin kosponsorudur. Milli nümayəndə heyəti öz təşəbbüsü ilə bəzi qətnamələri irəli sürmüşdür. Beləliklə, BMT-nin İnsan Hüquqları Komissiyasının (CHR) 58-60-cı sessiyalarında Azərbaycan nümayəndə heyəti tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə layihəsi təklif edilmişdir. CHR tərəfindən qəbul edilmiş bu Qətnamənin müddəaları beynəlxalq humanitar hüquq normaları əsasında qəbul edilməklə, beynəlxalq ictimaiyyətin diqqətini bu mühüm məsələyə yönəltmək məqsədini güdmüşdür.
Azərbaycan BMT-nin müvafiq orqan və qurumlarına öz namizədlərini irəli sürməklə, bu orqanlara seçkilərdə aktiv iştirak edir. Əvvəl qeyd edildiyi kimi, Azərbaycan UNİCEF-in İcra Heyətinin 1995-1997, 1998-2000-ci illər ərzində, Qadınların vəziyyəti haqqında Komissiyanın 2000-2002-ci illər ərzində və BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının 2002-2004-cü illər ərzində üzvü olmuşdur. Azərbaycan 2003-2005-ci illər üçün BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü seçilmişdir.
Son üç ildə Azərbaycanın BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında, onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal şəkildə iştirakı xüsusilə qeyd edilməlidir. Bu baxımdan respublikamız BMT TŞ-nın Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin Komitəyə Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim etmişdir (S/2001/1325, S/2002/1022, S/2003/1085).
Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Azərbaycan BMT-nin 21-ci əsrdə olacaq təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün BMT çərçivəsində islahatların aparılması ideyasını dəstəkləyir.
2011-ci ilin oktyabr ayında Azərbaycan qısa tarixində ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. BMT-yə üzv dövlətlərin 155-nin dəstəyi nəticəsində ölkəmizin BMT TŞ-yə seçilməsi Azərbaycanın dünyada qazanmış olduğu hörmət və qlobal təhlükəsizliyə töhfəsinin göstəricisi idi. 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında BMT TŞ-yə sədrliyi dövründə Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri və beynəlxalq münasibətlərdə ədaləti müdafiə etmişdir. Azərbaycanın BMT TŞ-dəki üzvlüyü 2013-cü ilin dekabrında başa çatmışdır.
2013-cü ilin 30 aprel - 2 may və 19-21 noyabr tarixlərində Cenevrə şəhərində BMTTK-nin İcraiyyə Şurasının 75-ci və 76-cı sessiyaları keçirilmişdir. Daimi Nümayəndəlik sözügedən tədbirlərdə iştirak etmişdir. 2013-cü ilin 31 dekabr tarixindən Azərbaycan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyünün müddətinin yekunlaşması ilə əlaqədar ölkəmizin BMTTK-da üzvlük müddəti başa çatmışdır.
Eyni zamanda tərksilah məsələsi ilə bağlı aşağıdakı tədbirlər keçirilmişdir:
12-16 avqust 2013-cü il tarixində Cenevrə şəhərində Bioloji Silahlar üzrə Konvensiyasının növbəti mütəxəssis iclası keçirilmişdir.
09-13 dekabr 2013-cü il tarixlərində Cenevrə şəhərində Bioloji və Toksik Silahların inkişaf etdirilməsi, istehsalı və toplanmasının qadağan olunması və onların məhv edilməsinə dair Konvensiyanın tərəf ölkələrinin görüşü keçirilmişdir. Azərbaycan Respublikası BSK-nın iclasında tərəf ölkə qismində Daimi Nümayəndəlik təmsil edilmişdir.
2013-cü ilin 22 yanvar tarixindən – 13 sentyabr tarixinədək Cenevrədə Tərksilah üzrə Konfransın üç sessiyası keçirilmişdir. Həmin sessiyaların işində AR-in müşahidəçi qismində iştirakı Daimi Nümayəndəlik səviyyəsində təmin edilmişdir.
22 aprel - 3 may 2013-cü il tarixində Cenevrə şəhərində Nüvə Silahının Yayılmaması haqqında Müqaviləyə (NSYM) tərəf-dövlətlərin 2015-ci ildə təşkil ediləcək İcmal Konfransına Hazırlıq Komitəsinin 2-ci sessiyası keçirilmiş və sözügedən tədbirdə ölkəmiz Daimi Nümayəndəlik səviyyəsində təmsil edilmişdir.
İnsan hüquqları
1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya ölkəmizdə əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun başlanğıcını qoymuşdur. Konstitusiya insan hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi müəyyən etmişdir. Sənədin “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlı üçüncü fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir. Azərbaycan insan hüquqları sahəsində əsas beynəlxalq hüquqi sənədlərə tərəfdir. Konstitusiyanın 148-ci maddəsinə əsasən Azərbaycanın tərəf olduğu beynəlxalq müqavilələr Azərbaycan qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Konstitusiyanın 151-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. İnsan hüquq və azadlıqları Azərbaycan ərazisində birbaşa tətbiq gücünə malikdir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 1998-ci il 22 fevral tarixində “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalanmış və onun 1998-ci il 18 iyun tarixli sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiqlənmişdir. Qeyd olunan dövlət proqramı əsasında 2002-ci ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) institutu təsis edilmişdir.
Azərbaycan Respublikasında ictimai həyatın bir çox sahələrində dərin islahatlar həyata keçirilmişdir. Ölkənin demokratikləşdirilməsi sahəsində aparılan islahatların sırasında Azərbaycanın hüquqi sisteminin Avropa İnsan hüquqları Konvensiyası və digər vacib beynəlxalq sənədlərdə təsbit edilmiş beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində atılan addımlar mühüm yer tutmuşdur. Müxtəlif sahələr üzrə qəbul edilən qanun və məcəllələr Azərbaycan Respublikası qanunvericilik sisteminin güclənməsinə səbəb olmuşdur.
Azərbaycan Respublikasında 1993-cü ildə ölüm hökmünün icrasına moratorium qoyulmuş, 1998-ci ilin fevral ayının 10-da isə ölüm hökmü ləğv edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən keçmiş SSRİ məkanında ilk dəfə olaraq, Daxili İşlər Nazirliyinin tabeliyində olan ilkin həbs saxlama yerləri Ədliyyə Nazirliyinin tabeliyinə verilmişdir.
İnsan hüquqlarının təmin edilməsi sahəsində mühüm addımlardan biri də Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi olmuşdur. Xarici İşlər Nazirliyi də daxil olmaqla bir sıra dövlət qurumlarının təklifləri əsasında hazırlanmış Milli Fəaliyyət Planı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli 1889 saylı Sərəncamı ilə təsdiq edilmişdir.
27 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilmişdir. Proqram, əsasən, BMT İnsan Hüquqları Şurasının (İHŞ) Universal Dövri İcmal (UDİ) üzrə Azərbaycanın birinci məruzəsi ilə bağlı verilmiş tövsiyələrdə əks olunan məsələləri özündə ehtiva edir. Fəaliyyət Proqramı normativ-hüquqi bazanın təkmilləşdirilməsi (həmçinin, qanunların hazırlanması zamanı insan hüquq və azadlıqlarının əsas amil kimi götürülməsi vasitəsilə), dövlət qurumlarının işinin təkmilləşdirilməsi, şəffaflığın artırılması, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlığın davam etdirilməsi, insan hüquqları sahəsində təlim, tədqitat və maarifləndirici tədbirlərin davam etdirilməsi, habelə insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq proqramlarının həyata keçirilməsini nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, ATƏT, Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur.
İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində Azərbaycan hökuməti ilə BMT-nin İnsan hüquqları üzrə Ali komissarlığı arasında səmərəli əməkdaşlıq qurulmuşdur. Bu əməkdaşlıq ilkin olaraq 1998-ci ildə imzalanmış və müddəti 2000-ci ilədək müəyyən edilmiş “İnsan hüquqlarının təşviqi və müdafiəsi üçün imkanların və infrastrukturun gücləndirilməsi” (Strengthening Capacities and Infrastructure for the Protection and Promotion of Human Rights in Azerbaijan) adlı texniki əməkdaşlıq sənədinə əsasən həyata keçirilmişdir. Məsələnin aktuallığı nəzərə alınaraq, keçirilən proqramların davam etdirilməsi məqsədilə 2001-ci ilin dekabrında Ofislə Azərbaycan hökuməti arasında yeni layihə sənədi imzalanmışdır. Layihə çərçivəsində insan hüquqları sahəsində müxtəlif tədbirlər (seminar, treninq, təcrübə mübadiləsi, hüquqi ədəbiyyatın nəşri və s.) keçirilmişdir. Layihənin həyata keçirilməsində Azərbaycan tərəfindən əlaqələndirici qurum kimi Ədliyyə Nazirliyi çıxış etmişdir. 2006-cı ildə Azərbaycanın insan hüquqları sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən biri ölkəmizin BMT-nin yeni yaradılmış İHŞ-yə üzv seçilməsi olmuşdur. BMT Baş Assambleyasının A/60/L.48 saylı Qətnaməsinə əsasən yaradılan İHŞ İnsan Hüquqları Komissiyasını əvəz etmişdir. Azərbaycan İHŞ-nin ilk 47 üzv-dövlətindən biri olmuşdur. İHŞ 19 iyun 2006-cı ildə fəaliyyətə başlamışdır.
2012-ci ildə BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun Azərbaycan Respublikasının 1-ci məruzəsinə dair yekun rəyində verilmiş tövsiyələrin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Hökumətinin aralıq məruzəsi aidiyyəti üzrə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və İnsan Hüquqları Şurasına təqdim edilmişdir. Eyni zamanda, Universal Dövri İcmal üzrə ölkəmizə münasibətdə verilmiş tövsiyələrin həyata keçirilməsi prosesi ilə bağlı tədbirlər və buradan irəli gələn digər məsələlər haqqında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və İnsan Hüquqları Şurası mütəmadi olaraq məlumatlandırılmışdır.
Azərbaycan Respublikası İnsan Hüquqları Şurasının Xüsusi Prosedurları ilə məhsuldar əməkdaşlığını davam etdirir. Azərbaycan Hökuməti BMT Xüsusi Prosedurları mandat daşıyıcılarından ölkəyə səfər etməklə bağlı məktubla müraciətlərə müsbət cavab vermişdir. Eyni zamanda, xüsusilə qeyd edilməlidir ki, 2013-cü aprel ayında Azərbaycan Hökuməti BMT Xüsusi Prosedurları mandat daşıyıcılarına ölkəyə səfər etməklə bağlı daimi dəvət (“standing invitation”) göndərmişdir.
Fiziki və əqli sağlamlığın mümkün olan ən yüksək standartlarından istifadə hüququ üzrə BMT-nin xüsusi məruzəçisi A.Qrover regionlarda səhiyyə sahəsində mövcud vəziyyətlə tanış olmaq məqsədilə 16-23 may 2012-ci il tarixində Azərbaycana səfər etmişdir.
2013-cü ilin 30 aprel tarixində BMT İnsan Hüquqları Şurasının UDİ üzrə İşçi Qrupunun 16-cı sessiyası çərçivəsində Azərbaycanda insan hüquqlarının vəziyyəti üzrə interaktiv dialoq keçirilmişdir. Sessiya çərçivəsində milli hesabatımız üzrə ümumilikdə 77 dövlət interaktiv dialoqda çıxış etmiş, sual və tövsiyələrini səsləndirilmişlər. İnteraktiv dialoq çərçivəsində nümayəndə heyətləri tərəfindən Azərbaycan Respublikası Hökumətinin insan hüquq və əsas azadlıqlarının təşviqi və müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər, bu sahədə əldə edilən irəliləyişlər, həmçinin mövcud çətinliklər qeyd edilmişdir.
2013-cü ilin 3 may tarixində BMT-nin İqtisadi, Sosial və Mədəni hüquqlar üzrə Komitəsinin 50-ci sessiyası çərçivəsində Azərbaycan Respublikası Hökumətinin İqtisadi, Sosial və Mədəni hüquqlar üzrə Beynəlxalq Paktı üzrə üçüncü dövri məruzəsi nəzərdən keçirilmişdir. Sessiya çərçivəsində Komitə üzvləri nümayəndə heyətimizin yüksək səviyyədə təmsil olunması, nümayəndə heyətinin açılış nitqini və hesabatımızda iqtisadi, sosial və mədəni hüquqların həyata keçirilməsi sahəsində görülmüş tədbirlərin ətraflı şəkildə əks etdirilməsini yüksək qiymətləndirmiş və sözügedən məsələləri Hökumətimizin iqtisadi, sosial və mədəni hüquqların təminatı sahəsindəki səylərinin bariz nümunəsi qismində səciyyələndirmişlər. Azərbaycan Respublikasının məruzəsi və interaktiv dialoqun gedişi Komitə üzvləri tərəfindən yüksək qiymətləndirilmişdir. İqtisadi, Sosial və Mədəni hüquqlar üzrə Beynəlxalq Paktın yerinə yetirilməsi ilə bağlı Azərbaycan Respublikasının səylərinin təqdirəlayiq olduğu qeyd edilmişdir.
2013-cü ilin 20 sentyabr tarixində BMT İnsan Hüquqları Şurasının 24-cü sessiyası çərçivəsində UDİ üzrə İşçi Qrupunun Azərbaycan Respublikası üzrə hesabatının qəbul edilməsi ilə bağlı iclas keçirilmişdir. Hesabata baxış zamanı təqdim edilən ümumilikdə 162 tövsiyədən 158-i Azərbaycan tərəfindən tam və ya qismın qəbul edilmiş, habelə mövcud tövsiyələrin müəyyən hissəsinin Azərbaycan Hökuməti tərəfindən artıq yerinə yetirildiyi, digər hissəsi ilə bağlı isə işlərin davam etdirildiyi qeyd olunmuşdur. İclasın sonunda UDİ üzrə İşçi Qrupunun Azərbaycan Respublikasının baxışı üzrə hesabatı (A/HRC/24/13) İHŞ tərəfindən yekdilliklə qəbul olunmuşdur.
25 noyabr – 6 dekabr 2013-cü il tarixində BMT-nin qadınlara qarşı zorakılıq, onun səbəb və nəticələri üzrə xüsusi məruzəçisi R.Manjunun ölkəmizə səfəri olmuşdur. Xüsusi Məruzəçi İnsan Hüquqları Şurasının 26-cı sessiyasına təqdim etdiyi hesabatın Azərbaycana səfəri ilə bağlı Əlavəsində Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına məxsus olduğunu qeyd etmiş və münaqişə ilə bağlı BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad etmişdir. Eyni zamanda, Xüsusi Məruzəçi hesabatında münaqişə ilə bağlı aşağıdakı tövsiyəni vermişdir: “Xüsusi Məruzəçi torpağın işğalı məsələsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT Baş Assambleyasının 62/243 saylı “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnaməsində əks olunan müddəalar əsasında tezliklə həlli ilə bağlı beynəlxalq ictimaiyyətə öz səylərini intensivləşdirməyi tövsiyə edir”.
Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması ilə bağlı Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Səfir Murad Nəcəfbəyli tərəfindən BMT-nin İnsan Hüquqları Şurasının prezidentinə müvafiq məktub ünvanlamışdır. Sözügedən məktub BMT İnsan Hüquqları Şurasının 25-ci sessiyasının rəsmi sənədi (A/HRC/25/G/5) qismində yayılmışdır.
Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Səfir Murad Nəcəfbəyli tərəfindən İHŞ-nin prezidentinə müvafiq məktub ünvanlamışdır. Sözügedən məktub BMT İnsan Hüquqları Şurasının 25-ci sessiyasının rəsmi sənədi (A/HRC/25/G/14) qismində yayılmışdır.
1-2 aprel 2014-cü il tarixində Cenevrə şəhərində BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyası çərçivəsində “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT Konvensiyası üzrə Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinə dair həyata keçirdiyi tədbirlər barədə ilk məruzəsinə baxılmış və müvafiq tövsiyələr qəbul edilmişdir. Azərbaycan tərəfi sessiyada əmək və əhalinin sosial müdafiəsi nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur. Komitə, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ölkəmizin səylərini xüsusi qeyd edərək, 31 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunun, habelə əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi sahəsində “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” və “İnkluziv təhsil üzrə Dövlət Proqramı”nın qəbul edilməsini təqdir etmişdir. Komitə həmçinin, ölkədə Konvensiyanın müddəalarının həyata keçirilməsini əlaqələndirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında aidiyyəti dövlət qurumları və əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarından ibarət İşçi Qrupunun yaradılmasını yüksək qiymətləndirmişdir. Eyni zamanda, Konvensiyadan irəli gələn məsələlər üzrə ölkəmizin regionda Konvensiyanın digər tərəf-dövlətləri ilə beynəlxalq əməkdaşlığı təqdir edilmişdir. Bununla yanaşı, Konvensiya üzrə ölkəmizin növbəti hesabatının sadələşdirilmiş hesabat proseduruna (simplified reporting procedure) uyğun olaraq təqdim edilməsi barədə Komitənin təklifi Azərbaycan tərəfindən məqbul hesab edilmiş və ölkəmiz sözügedən prosedura qoşulmuşdur.
Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi eyni zamanda ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyətinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün sözügedən məsələlərə məsul olan qeyri-hökumət təşkilatları ilə təmaslarını davam etdirir. 2014-cü ilin 26 mart tarixində Daxili Yerdəyişmə üzrə Monitorinq Mərkəzi (IDMC) tərəfindən ölkəmiz üzrə hesabat buraxılmışdır. Hesabatda ölkəmizdəki məcburi köçkün vəziyyətinin Ermənistan ilə Azərbaycan arasında baş vermiş münaqişədən irəli gəldiyi, Ermənistanın Dağlıq Qarabağı və onu əhatə edən 7 rayonu nəzarət altında saxlaması, məcburi köçkünlərin yaşadıqları torpaqların Ermənistan qoşunları tərəfindən işğal olunması və münaqişənin hazırda da cəbhə xətti boyunca davam etməkdə olması birmənalı şəkildə qeyd edilmişdir.
18-24 may 2014-cü il tarixində BMT-nin Məcburi köçkünlərin hüquqları üzrə Xüsusi Məruzəçisi Çaloka Bəyaninin Azərbaycana rəsmi səfər etmişdir. Xüsusi Məruzəçi Azərbaycana səfəri ilə bağlı tam hesabatını BMT İnsan Hüquqları Şurasının 2015-ci ilin iyun ayında keçiriləcək iclası zamanı təqdim edəcəkdir.
18-27 avqust 2014-cü il tarixində BMT-nin İnsan Hüquqları Şurasının Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupunun və 8-17 sentyabr 2014-cü il tarixində BMT-nin İşgəncənin qarşısının alınması üzrə Alt-komitəsinin ölkəmizə ilk rəsmi səfəri nəzərdə tutulur.
Humanitar məsələlərErmənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min nəfər azərbaycanlı öz doğma yurdlarından zorla qovularaq Azərbaycana gəlmişlər. Eyni zamanda 1990-cı ildə Orta Asiyadan gəlmiş 50 min nəfərə qədər Məshəti türkü də Azərbaycanda sığınacaq tapmışdır.
1988-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü Azərbaycan torpaqlarının 20 faizinin - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun işğal olunmasına səbəb olmuş və Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış mənətəqələrindən 700 min nəfərədək soydaşımız öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburi köçkünə çevrilmişdir. Bu insanlar respublikanın 62 şəhər və rayonunda müvəqqəti olaraq məskunlaşmışlar.
Beləliklə, hazırda Azərbaycanda bir milyona yaxın qaçqın, məcburi köçkün və «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxs vardır.
Artıq uzunmüddətdir ki, məcburi köçkünlər çadır düşərgələrində, fin tipli yığma evlərdə, ferma, yeraltı qazma və yol kənarlarında, dəmir yolu üzərindəki yük vaqonlarında, ictimai binalarda, yataqxanalarda, təhsil müəssisələri binaları və uşaq bağçalarında, sanatoriya, pansionat, istirahət evlərində, turist bazalarında, tikintisi yarımçıq qalmış binalarda, qohum evlərində və s. yerlərdə ağır şəraitdə yaşayırlar.
Ötən müddətdə ölkəmizdə qaçqınların, məcburi köçkünlərin, «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin problemlərinin həlli ilə bağlı beynəlxalq normalara uyğun tam hüquqi baza yaradılmış, ölkə Prezidenti tərəfindən 46 Fərman və Sərəncam imzalanmış, Nazirlər Kabineti 215 qərar və sərəncam, Milli Məclis isə 23 Qanun qəbul etmişdir.
1998-ci ildə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında», 1999-cu ildə isə «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köcürülmüş şəxslərin) statusu haqqında», «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Qanunlar qəbul edilmişdir. Qeyd etmək istəyirik ki, ilk iki qanuna uyğun olaraq Ermənistandan qovulmuş bütün qaçqınlara vətəndaşlıq statusu verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə» Dövlət Proqramı müvafiq sahədə həyata keçirilən işlərin yeni mərhələsini təşkil edir.
Münaqişənin həllinin uzandığı bir vəziyyətdə qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Qeyd etmək istəyirik ki, Dövlət Neft Fondunun vəsaiti ilkin olaraq qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir.
Ümumiyyətlə, 2001-2006-cı illərdə Dövlət Neft Fondundan qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar yeni qəsəbələrin salınması məqsədi ilə ayrılmış vəsait hesabına 10586 ev tikilmişdir.
Görülən tədbirlər nəticəsində Azərbaycanda mövcud olmuş 12 çadır düşərgəsindən 9-u ləğv edilmişdir. 2007-ci ilin sonuna qədər isə qalan 3 çadır düşərgəsinin də ləğvi nəzərdə tutulmuşdur.
Aparılan səmərəli işlərin nəticəsi olaraq 1992-2006-cı illərdə donor ölkə, beynəlxalq və yerli humanitar təşkilatlar tərəfindən Azərbaycandakı qaçqın, məcburi köçkün və aztəminatlı əhalinin sosial müdafiəsi ilə bağlı həyata keçirilən layihələrə təxminən 700 milyon ABŞ dolları həcmində vəsait sərf edilmişdir.
Lakin həyata keçirilən tədbirlərə baxmayaraq, ölkəmizdə qaçqınların, «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin və məcburi köçkünlərin humanitar vəziyyəti mürəkkəb olaraq qalmaqdadır və onların bütün problemlərinin həlli beynəlxalq ictimaiyyətin, donor ölkə və maliyyə qurumlarının köməyi olmadan çox çətindir.
Bir məqamı vurğulamaq istərdik ki, Azərbaycanda yoxsulluğun ən yüksək həddi məhz məcburi köçkünlər arasında qeydə alınmışdır.
Azərbaycan hökumətinin qarşısında duran vəzifələr yeni qəsəbələrin salınması işlərinin davam etdirilməsi, məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə infrastrukturun yaxşılaşdırılması, məcburi köçkünlərin regionlarda həyata keçirilən yoxsulluğun azaldılması və iqtisadi inkişaf layihələrinə cəlb olunması, onların məşğulluğunun artırılması, donor ölkə, təşkilat, özəl şirkətlər və humanitar təşkilatlar tərəfindən humanitar yardım və inkişaf layihələrinin davam etdirilməsi, müvafiq təşkilatlar tərəfindən Azərbaycandakı real vəziyyətin həqiqi surətdə beynəlxalq aləmdə işıqlandırılması və bir növ təbliğati rol funksiyasının həyata keçirilməsi, Böyük Repatriasiya («Böyük Qayıdış») proqramının beynəlxalq maliyyə qurumları, BMT agentlikləri, beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının iştirakı və maliyyə dəstəyi ilə hazırlanması və s.təşkil edir.
Ölkədə bir milyonadək qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin sosial problemlərinin həlli ilə bağlı da hökumət, beynəlxalq və milli humanitar təşkilatlar tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
Hazırda Azərbaycanda 3119 nəfər «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxs mövcuddur. Onların böyük əksəriyyətini çeçen mənşəli Rusiya vətəndaşları, Əfqanıstan, İran, İraq və Fələstindən olan şəxslər təşkil edir.
Ölkəmizdə «Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası» təsdiq edilmiş, xarici ölkələrdən «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin müvafiq Qanuna uyğun hüquqlarının tənzimlənməsi məqsədilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi köməyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Qaçqın Statusunun Müəyyənləşdirilməsi Departamenti yaradılmışdır.
2000-ci ilin may ayından etibarən BMT QAK-da qeydiyyatdan keçmiş «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərə tibbi xidmət göstərilir. Eyni zamanda «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərə status verilməsi, onların sosial problemlərinin həlli və məktəb yaşlı uşaqlarının təhsil almaları üçün BMT QAK və müvafiq dövlət orqanları ilə birgə lazımi işlər görülür.
«Qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərlə bağlı məsələlərin operativ həlli məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının, Xarici İşlər, Daxili İşlər, Milli Təhlükəsizlik, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Sərhəd Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət işçi qrupu yaradılmışdır.
«Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli Fərmanı ölkəmizdə miqrasiya proseslərinə nəzarət mexanizminin təkmilləşdirilməsinə, bu sahədə aidiyyəti dövlət orqanlarının əlaqəli fəaliyyətinin tənzimlənməsinin təmin edilməsinə və işlərin müasir səviyyədə qurulmasına əlverişli şərait yaradacaqdır.
Bu sahədə hökumətin qarşısında duran vəzifələr «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin dövlət sərhədində və digər zəruri olan yerlərdə qanunvericiliklə müəyyən edilmiş müddətdə saxlanılmaları üçün müvəqqəti yerləşdirmə mərkəzlərinin yaradılması, fövqəladə hallarda xüsusilə bu kateqoriyadan olan qadın və uşaqların ilkin yerləşdirilməsi məqsədilə sığınacaq yerlərinin təşkili, onların sosial və digər problemlərinin həlli istiqamətində yerli və beynəlxalq humanitar təşkilatlarla birgə tədbirlərin həyata keçirilməsi kimi adddımlar təşkil edir.
Azərbaycan dövləti, donor ölkə, beynəlxalq maliyyə qurumları və humanitar təşkilatlar tərəfindən bütün mümkün olan tədbirlərin görülməsinə baxmayaraq, bu problemin fundamental həlli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi və qaçqınların, məcburi köçkünlərin öz doğma yurdlarına ləyaqətlə qayıtmalarıdır.
2012-ci ilin 26 aprel tarixində ölkəmiz BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) tərəfindən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə (BMTQAKİK) yekdilliklə üzv qəbul olunmuşdur.
Beynəlxalq Qırmızı Xaç Komitəsi
Azərbaycana qarşı Ermənistanın təcavüzü ilə əlaqədar olaraq BQXK 1992-ci ildən etibarən ölkəmizdə fəaliyyət göstərir. Təşkilat əsas diqqəti itkin düşmüş şəxslər və münaqişə və ya təhlükəsizlik səbəblərinə görə əsir götürülmüş şəxslərə verir və təmas xətti və Ermənistanla beynəlxalq sərhəd boyunca yaşayan icmalara yardım və onların dəstəklənməsi istiqamətində işləyir. BQXK beynəlxalq humanitar hüququn həyata keçirilməsi və onun silahlı və təhlükəsizlik qüvvələrinin treninqlər və tədris proqramlarında tətbiqini təşviq edir. BQXK Azərbaycan Qırmızı Aypara Cəmiyyəti ilə tərəfdaşlıq şəraitində işləyir və onun potensialının möhkəmləndirilməsini hədəfləyir.
Azərbaycan Qırmızı Aypara Cəmiyyəti və Böyük Britaniya Qırmızı Xaç Cəmiyyəti ilə birlikdə BQXK təmas xətti boyunca kəndlərdə yaşayan əhalinin məşğuliyyətlərini dəstəkləməyə davam etmişdir. Bura istehlak və suvarma üçün su ehtiyatlarından istifadə, yaşam imkanlarının verilməsi, evlərin təmiri vasitəsilə təmas xətti boyu atəş hallarına qarşı daha yaxşı müdafiənin təmin edilməsi aid olmuşdur.
Münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi prioritet olaraq qalmışdır. BQXK Əsir və itkin düşmüş şəxslər üzrə Dövlət Komitəsinə itkin düşmüş şəxslərin ailələrindən müvafiq məlumatların toplanması üzrə mərkəzləşdirilmiş sistemin yaradılması və istifadəsi və bu proses boyunca texniki yardımın göstərilməsi istiqamətində yardım göstərmişdir.
Milli cəmiyyət/BQXK-nin nümayəndələri və Mina fəaliyyəti üzrə Azərbaycanın Milli Agentliyi mina ilə bağlı insidentlər və belə hadisələr zamanı ailə başçısını itirmiş ailələrin ehtiyacları üzrə məlumat toplamağa davam etmişdir. BQXK-nin məlumatına uyğun olaraq, Azərbaycanda ailə başçısını itirmiş 12 ailə müvafiq yardımlar nəticəsində mal-qara fəaliyyəti vasitəsilə gəlirlərini və ya ərzaq istehsalını artırmışlar.
İtkin düşmüş şəxslər ilə bağlı məsələlər Azərbaycan üçün vacibdir. Azərbaycandan 4046 şəxs itkin düşmüşdür. Yerli tərəfdaşlarla birlikdə BQXK itkin düşmüş şəxslərin ailələrinə psixoloji yardımlar göstərmiş, eyni zamanda onların pulsuz tibbi xidmət və digər imtiyazlardan yararlanmaları xüsusunda hakimiyyət orqanları təşviq etmişdir.
Ölkəmizin Cenevrədəki Daimi Nümayəndəliyi BQXK ilə əməkdaşlıq edir. Bu xüsusda, sözügedən qurumun hesabatlarının Azərbaycana aid hissələrində ölkəmizin Dağlıq Qarabağ bölgəsindəki müxtəlif məntəqələri (Ağdərə, Xocavənd və s.) Azərbaycan dilindəki tarixi adlarında əks olunmuş və eyni zamanda, ölkəmizin ərazisi ilə bağlı BQXK-nin yeni xəritəsi tərtib olunmuşdur. Xəritədə işğal olunmuş ərazilərimiz xüsusi işarələr ilə göstərilmişdir.
Beynəlxalq Mülki Müdafiə Təşkilatı
Azərbaycan Respublikası 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvüdür. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi sözügedən təşkilat ilə sıx əməkdaşlıq etməkdədir. 2014-cü ildə ölkəmiz 2015-2018-ci illər üzrə sözügedən qurumun İcraiyyə Komitəsinə yekdilliklə üzv seçilmişdir.
BMT-nin fəlakət təhlükəsinin azaldılması üzrə Beynəlxalq Strategiyasının Katibliyi
Azərbaycan Respublikası BMT-nin Fəlakət təhlükəsinin azaldılması üzrə Beynəlxalq Strategiyasının Katibliyi (UNISDR) ilə əməkdaşlığını davam etdirməkdədir. 2013-cü ilin mayında Daimi Nümayəndəlik Cenevrə şəhərində UNISDR-in təşkilatçılığı ilə keçirilmiş fəlakət təhlükəsinin azaldılması üzrə Qlobal Platformanın 4-cü sessiyasında, 14-15 iyul 2014-cü il tarixində isə Fəlakət təhlükəsinin azaldılması üzrə BMT-nin Üçüncü Beynəlxalq Konfransına Hazırlıq Komitəsinin iclasında iştirak etmişdir.
İqtisadi məsələlər