İnsan hüquqları

Azərbaycan Respublikası və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (BMTİHAK)

Azərbaycan Respublikası (AR) insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə tərəf olmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində AR ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (BMTİHAK) arasında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. BMTİHAK BMT Baş Assambleyasının 48/141 saylı 20 dekabr 1993-cü il tarixli qətnaməsi əsasında BMT Katibliyinin tərkib hissəsi kimi Cenevrə şəhərində təsis olunmuşdur. BMTİHAK-ın Cənubi Qafqaz ölkələri üzrə insan hüquqları müşaviri Tbilisi şəhərində BMT-nin Gürcüstandakı Ofisinin heyətinin tərkibində fəaliyyət göstərir.  

Ölkəmizin BMTİHAK ilə əməkdaşlığı ilkin olaraq 1998-ci ildə imzalanmış və müddəti 2000-ci ilədək müəyyən edilmiş “Azərbaycanda insan hüquqlarının təşviqi və müdafiəsi üçün imkanların və infrastrukturun gücləndirilməsi” (Strengthening Capacities and Infrastructure for the Protection and Promotion of Human Rights in Azerbaijan) adlı texniki əməkdaşlıq sənədinə əsasən həyata keçirilmişdir. Məsələnin aktuallığı nəzərə alınaraq, keçirilən proqramların davam etdirilməsi məqsədilə 2001-ci ilin dekabrında BMTİHAK ilə Azərbaycan hökuməti arasında yeni layihə sənədi imzalanmışdır. Layihə çərçivəsində insan hüquqları sahəsində müxtəlif tədbirlər (seminar, treninq, təcrübə mübadiləsi, hüquqi ədəbiyyatın nəşri və s.) həyata keçirilmişdir. Layihənin yerinə yetirilməsində Azərbaycan tərəfindən əlaqələndirici qurum kimi Ədliyyə Nazirliyi çıxış etmişdir. 

BMTİHAK beynəlxalq səviyyədə insan hüquqlarını müdafiə və təşviq etməklə yanaşı, BMT çərçivəsində fəaliyyət göstərən insan hüquqlarının monitorinqi mexanizmlərinin – insan hüquqları üzrə müqavilə qurumlarının və İHŞ-nin katibliyi funksiyası yerinə yetirir. 

1.     BMT-nin insan hüquqları üzrə müqavilə qurumları:

BMT-nin insan hüquqları üzrə müqavilə qurumları BMT-nin insan hüquqları üzrə əsas beynəlxalq müqavilələrinin hər biri üzrə tərəf-dövlətlərin seçdiyi müəyyən sayda müstəqil ekspertlərdən ibarətdir. Müqavilə qurumları hər bir müqavilə üzrə tərəf-dövlətin dövri olaraq təqdim etdiyi məruzə əsasında tərəf-dövlət ilə interaktiv dialoqlar keçirməklə müvafiq müqavilənin həmin ölkədə tətbiqi vəziyyətini qiymətləndirir və müvafiq tövsiyələrini verir. Hazırda ölkəmiz BMT-nin insan hüquqları üzrə 10 əsas beynəlxalq müqaviləsindən doqquzuna tərəfdir və mövcud 10 müqavilə qurumundan 9-u ilə sıx əməkdaşlıq edir (Bütün şəxslərin zorakılıqla yoxa çıxarılmadan müdafiəsi üzrə Beynəlxalq Konvensiya əsasında yaradılmış Zorakı yoxa çıxarılmalar üzrə Komitə istisna olmaqla). Ölkəmizin əməkdaşlıq etdiyi sözügedən müqavilə qurumları aşağıdakılardır:

  1. İnsan hüquqları Komitəsi;
  2. İqtisadi, sosial və mədəni hüquqlar üzrə Komitə;
  3. İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitə;
  4. Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitə;
  5. İşgəncələrə qarşı Komitə;
  6. İşgəncələrin qarşısının alınması üzrə Alt-komitə;
  7. Uşaq hüquqları üzrə Komitə;
  8. Əməkçi miqrantlar üzrə Komitə;
  9. Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitə.

“Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın tətbiqi üzrə AR-in 3-cü dövri məruzəsinə BMT-nin İnsan hüquqları Komitəsinin 96-cı sessiyası çərçivəsində 20-21 iyul 2009-cu il tarixidə Cenevrə şəhərində baxılmış və müvafiq tövsiyələr verilmişdir. AR-in 4-cü dövri məruzəsinə 20-21 oktyabr 2016-cı il tarixində baxılmışdır.

“İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ın tətbiqi üzrə AR-in 3-cü dövri məruzəsinə BMT-nin İqtisadi, sosial və mədəni hüquqlar üzrə Komitəsinin 50-ci sessiyası çərçivəsində 3 may 2013-cü il tarixində Cenevrə şəhərində baxılmış və müvafiq tövsiyələr verilmişdir. AR-in 4-cü dövri məruzəsinin 31 may 2018-ci il tarixinədək Komitə Katibliyinə təqdim edilməsi xahiş olunmuşdur.

“İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya”nın tətbiqi üzrə AR-in 7-ci, 8-ci və 9-cu birgə dövri məruzəsinə BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 89-cu sessiyası çərçivəsində 3-4 may 2016-cı il tarixində Cenevrə şəhərində baxılmış və müvafiq tövsiyələr verilmişdir. AR-in 10-cu, 11-ci və 12-ci birgə dövri məruzəsinin 15 sentyabr 2019-cu il tarixinədək Komitə Katibliyinə təqdim edilməsi xahiş olunmuşdur.

“Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiya”nın tətbiqi üzrə AR-in 5-ci dövri məruzəsinə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 60-cı sessiyası çərçivəsində 18 fevral 2015-ci il tarixində Cenevrə şəhərində baxılmış və müvafiq tövsiyələr verilmişdir. AR-in 6-cı dövri məruzəsinin 2019-cu ilin mart ayında Komitə Katibliyinə təqdim edilməsi xahiş olunmuşdur.

“İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya”nın tətbiqi üzrə AR-in 4-cü dövri məruzəsinə BMT-nin İşgəncələrə qarşı Komitəsinin 56-cı sessiyası çərçivəsində 11-12 noyabr 2015-ci il tarixində Cenevrə şəhərində baxılmış və müvafiq tövsiyələr verilmişdir. AR-in 5-ci dövri məruzəsinin 9 dekabr 2019-cu il tarixinədək Komitə Katibliyinə təqdim edilməsi xahiş olunmuşdur.

“Uşaq hüquqları haqqında Konvensiya”nın tətbiqi üzrə AR-in 3-cü və 4-cü birgə dövri məruzəsinə BMT-nin Uşaq hüquqları Komitəsinin  59-cu sessiyası çərçivəsində 3 fevral 2012-ci il tarixində Cenevrə şəhərində baxılmış və müvafiq tövsiyələr verilmişdir. AR-in 5-ci və 6-cı dövri məruzəsinin 11 mart 2018-ci il tarixinədək Komitə Katibliyinə təqdim edilməsi xahiş olunmuşdur.

“Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Beynəlxalq Konvensiyanın tətbiqi üzrə AR-in 2-ci dövri məruzəsinə BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin 18-ci sessiyası çərçivəsində 17-18 aprel 2013-cü il tarixində Cenevrə şəhərində baxılmış və müvafiq tövsiyələr verilmişdir. AR-in 3-cü dövri məruzəsinin 1 may 2018-ci il tarixinədək Komitə Katibliyinə təqdim edilməsi xahiş olunmuşdur. Hazırda AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul əməkdaşı Azad Tağızadə həmin Komitənin üzvüdür.   

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT Konvensiyasının tətbiqi üzrə AR-in 1-ci dövri məruzəsinə BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyası çərçivəsində 1-2 aprel 2014-cü il tarixində Cenevrə şəhərində baxılmış və müvafiq tövsiyələr verilmişdir. AR-in 2-ci və 3-cü birgə dövri məruzəsinin 28 fevral 2019-cu il tarixinədək Komitə Katibliyinə təqdim edilməsi xahiş olunmuşdur.

BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt-komitəsinin üzvləri 8-14 sentyabr 2014-cü il və 16-24 aprel 2015-ci il tarixlərində ölkəmizə rəsmi səfər etmişdir. Səfəri zamanı azadlıqdan məhrumetmə yerlərinə maneəsiz girişin təmin olunması müsbət qiymətləndirilmişdir.

BMT-nin İnsan Hüquqları Şurası (İHŞ):

İHŞ BMT-nin insan hüquqları sistemində xüsusi yer tutur. 2006-cı ildə Azərbaycanın insan hüquqları sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən biri ölkəmizin BMT-nin yeni yaradılmış İHŞ-yə üzv seçilməsi olmuşdur. BMT Baş Assambleyasının A/RES/60/251 saylı 15 mart 2006-cı il tarixli qətnaməsi əsasında yaradılan İHŞ BMT-nin İnsan Hüquqları Komissiyasını əvəz etmişdir. BMT Baş Assambleyasının köməkçi orqanı qismində təsis olunan İHŞ 19 iyun 2006-cı ildə fəaliyyətə başlamışdır. Azərbaycan İHŞ-nin ilk 47 üzv-dövlətindən biri olmuş (2006-2009), 2008-2009-cu ildə İHŞ-yə vitse-prezidentlik etmişdir.

İHŞ-nin müntəzəm sessiyaları hər ilin mart (dörd həftə), iyun (üç həftə) və sentyabr (üç həftə) aylarında BMT-nin Cenevrədəki Bölməsində (Palais des Nations) keçirilir.

Azərbaycanlı qaçqın və məcburi köçkünlərin Ermənistan tərəfindən kütləvi şəkildə pozulmuş insan hüquqlarının bərpası istiqamətində BMTİHAK tərəfindən müvafiq səylərin göstərilməsinə dair Azərbaycan tərəfinin çoxsaylı təkidli müraciətlərindən sonra BMT-nin insan hüquqları üzrə ali komissarı Zeid Ra’ad Al Hussein 2016-cı ilin iyun və sentyabr aylarında keçirilmiş İHŞ-nin müvafiq olaraq 32-ci və 33-cü sessiyalarında ilk dəfə olaraq Dağlıq Qarabağ münaqişəsinə toxunmuşdur.

İHŞ çərçivəsində BMT üzv-dövlətlərində insan hüquqlarının vəziyyətinin qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsi məqsədilə yaradılmış Universal Dövri İcmal (UDİ) xüsusi prosedurlar üzrə mandat daşıyıcıları mexanizmlərii fəaliyyət göstərir.

UDİ çərçivəsində BMT üzv-dövlətləri insan hüquqları üzrə ölkələrindəki ümumi vəziyyətə dair hesabat təqdim edir və həmin hesabata UDİ üzrə İşçi Qrupunun müvafiq sessiyalarında İHŞ-nin üzv və müşahidəçi dövlətlərinin iştirakı ilə baxış keçirilir və müvafiq tövsiyələr verilir.

  • 4 fevral 2009-cu il tarixində UDİ üzrə İşçi Qrupunun 4-cü sessiyası çərçivəsində AR xarici işlər nazirinin müavini X.Xələfovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə AR-in 1-ci məruzəsi ilə əlaqədar Azərbaycanda insan hüquqlarının vəziyyəti üzrə interaktiv dialoq keçirilmişdir. Sessiya çərçivəsində milli hesabatımız üzrə  ümumilikdə 58 dövlət interaktiv dialoqda çıxış etmiş, sual və tövsiyələrini səsləndirilmişlər. İnteraktiv dialoq çərçivəsində nümayəndə heyətləri tərəfindən AR Hökumətinin insan hüquq və əsas azadlıqlarının təşviqi və müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər, bu sahədə əldə edilən irəliləyişlər, həmçinin mövcud çətinliklər qeyd edilmişdir. UDİ üzrə AR-in 1-ci dövri məruzəsinin yekunlarına dair hesabat İHŞ-nin 11-ci sessiyası çərçivəsində 11 iyun 2009-cu il tarixində qəbul olunmuşdur.
  • 27 dekabr 2011-ci il tarixində AR Prezidenti tərəfindən Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilmişdir. Proqram, əsasən, Universal Dövri İcmal (UDİ) üzrə Azərbaycanın birinci məruzəsi ilə bağlı verilmiş tövsiyələrdə əks olunan məsələləri özündə ehtiva etmişdir. Fəaliyyət Proqramı normativ-hüquqi bazanın təkmilləşdirilməsi (həmçinin, qanunların hazırlanması zamanı insan hüquq və azadlıqlarının əsas amil kimi götürülməsi vasitəsilə), dövlət qurumlarının işinin təkmilləşdirilməsi, şəffaflığın artırılması, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlığın davam etdirilməsi, insan hüquqları sahəsində təlim, tədqiqat və maarifləndirici tədbirlərin davam etdirilməsi, habelə insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq proqramlarının həyata keçirilməsini nəzərdə tutulmuşdur.
  • 2012-ci ildə UDİ üzrə İşçi Qrupunun AR-in 1-ci məruzəsinə dair yekun rəyində verilmiş tövsiyələrin həyata keçirilməsi ilə əlaqədar AR Hökumətinin aralıq məruzəsi aidiyyəti üzrə BMTİHAK-a və İHŞ-yə təqdim edilmişdir. Eyni zamanda, UDİ üzrə ölkəmizə münasibətdə verilmiş tövsiyələrin həyata keçirilməsi prosesi ilə bağlı tədbirlər və buradan irəli gələn digər məsələlər haqqında BMTİHAK və İHŞ mütəmadi olaraq məlumatlandırılmışdır.  
  • 2013-cü ilin 30 aprel tarixində UDİ üzrə İşçi Qrupunun 16-cı sessiyası çərçivəsində AR xarici işlər nazirinin müavini X.Xələfovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə AR-in 2-ci məruzəsi ilə əlaqədar Azərbaycanda insan hüquqlarının vəziyyəti üzrə interaktiv dialoq keçirilmişdir. Sessiya çərçivəsində milli hesabatımız üzrə  ümumilikdə 77 dövlət interaktiv dialoqda çıxış etmiş, sual və tövsiyələrini səsləndirilmişlər. İnteraktiv dialoq çərçivəsində nümayəndə heyətləri tərəfindən AR hökumətinin insan hüquq və əsas azadlıqlarının təşviqi və müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər, bu sahədə əldə edilən irəliləyişlər, həmçinin mövcud çətinliklər qeyd edilmişdir. UDİ üzrə AR-in 2-ci dövri məruzəsinin yekunlarına dair hesabat İHŞ-nin 24-cü sessiyası çərçivəsində 20 sentyabr 2013-cü il tarixində qəbul olunmuşdur.
  • 2016-cı ilin mart ayında UDİ üzrə İşçi Qrupunun AR-in 2-ci məruzəsinə dair yekun rəyində verilmiş tövsiyələrin həyata keçirilməsi ilə əlaqədar AR Hökumətinin aralıq məruzəsi aidiyyəti üzrə BMTİHAK-a və İHŞ-yə təqdim edilmişdir. Eyni zamanda, UDİ üzrə ölkəmizə münasibətdə verilmiş tövsiyələrin həyata keçirilməsi prosesi ilə bağlı tədbirlər və buradan irəli gələn digər məsələlər haqqında BMTİHAK və İHŞ mütəmadi olaraq məlumatlandırılmışdır.
  • 2016-cı ilin sonunadək UDİ-nin 2-ci dövrəsinin başa çatması və 2017-ci ildən etibarən UDİ-nin 3-cü dövrəsinə başlanılması nəzərdə tutulur. AR-in UDİ üzrə 3-cü məruzəsinə 2018-ci ilin may ayında baxılması nəzərdə tutulur.

İHŞ tərəfindən təyin olunan və tematik və ya bəzi ölkələrdə insan hüquqlarının vəziyyətinə dair hesabat və tövsiyələr verən xüsusi prosedur üzrə mandat daşıyıcıları (xüsusi məruzəçilər, müstəqil ekspertlər və ya işçi qrupunun üzvləri) müstəqil insan hüquqları ekspertləridir, BMT-nin işçi heyətinə daxil deyildir və mandat daşıyıcı olduqlarına görə BMT-dən heç bir maliyyə vəsaiti almırlar. Hazırda 42 tematik və 14 ölkə mandat daşıyıcısı fəaliyyət göstərir. Mandat daşıyıcıları illik hesabatlarını İHŞ-yə təqdim edirlər. Onların əksəriyyəti həmçinin BMT Baş Assambleyasına da hesabat təqdim edirlər.   

AR İHŞ-nin xüsusi prosedurlar üzrə mandat daşıyıcıları ilə məhsuldar əməkdaşlıq edir. Azərbaycan hökuməti BMT-nin xüsusi prosedur üzrə mandat daşıyıcılarından ölkəyə səfər etməklə bağlı rəsmi müraciətlərinə müsbət cavab vermişdir. Eyni zamanda, xüsusilə qeyd edilməlidir ki, 2013-cü ilin aprel ayında Azərbaycan hökuməti BMT-nin xüsusi prosedurlar üzrə mandat daşıyıcılarına ölkəyə səfər etməklə bağlı daimi dəvətnamə (“standing invitation”) göndərmişdir.

  • 16-23 may 2012-ci il tarixində fiziki və əqli sağlamlığın mümkün olan ən yüksək standartlarından istifadə hüququ üzrə BMT-nin xüsusi məruzəçisi A.Qrover regionlarda səhiyyə sahəsində mövcud vəziyyətlə tanış olmaq məqsədilə Azərbaycana səfər etmişdir. Bununla əlaqədar 27.05.2013-cü il tarixində İHŞ-nin 23-cü sessiyası çərçivəsində xüsusi məruzəçisi ilə interaktiv müzakirələr keçirilmişdir. Müzakirələr çərçivəsində xüsusi məruzəçinin ölkəmizə səfərinin hesabatı nəzərdən keçirilmişdir. Daimi Nümayəndəlik xüsusi məruzəçinin hesabatı ilə bağlı hökumətimizin rəylərini öncədən aidiyyəti üzrə təqdim etmiş və eyni zamanda müzakirələrdə fəal iştirak etmişdir.
  • 25 noyabr - 6 dekabr 2013-cü il tarixində BMT-nin qadınlara qarşı zorakılıq, onun səbəb və nəticələri üzrə xüsusi məruzəçisi R.Manjunun ölkəmizə səfəri olmuşdur. Xüsusi məruzəçi İnsan Hüquqları Şurasının 26-cı sessiyasına təqdim etdiyi hesabatın Azərbaycana səfəri ilə bağlı Əlavəsində Dağlıq Qarabağ regionunun AR-ə məxsus olduğunu qeyd etmiş və münaqişə ilə bağlı BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad etmişdir. Eyni zamanda, xüsusi məruzəçi hesabatında münaqişə ilə bağlı aşağıdakı tövsiyəni vermişdir: “Xüsusi məruzəçi torpağın işğalı məsələsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT Baş Assambleyasının 62/243 saylı “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnaməsində əks olunan müddəalar əsasında tezliklə həlli ilə bağlı beynəlxalq ictimaiyyətə öz səylərini intensivləşdirməyi tövsiyə edir”.
  • 18-24 may 2014-cü il tarixində BMT-nin Məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Bəyaninin Azərbaycana rəsmi səfər etmişdir. Xüsusi məruzəçi Azərbaycana səfəri ilə bağlı hesabatını İHŞ-nin 2015-ci ilin iyun ayında keçirilmiş sessiyasına təqdim etmişdir. Ç.Bəyani İHŞ-yə təqdim edilmiş hesabatında məcburi köçkünlərin hüquqlarının tam bərpa olunması üçün ilk növbədə AR-in Dağlıq Qarabağ və onun ətraf ərazilərindəki münaqişənin tezliklə həll edilməli olduğunu qeyd etmiş və bu xüsusda, BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrini, habelə BMT Baş Assambleyasının 62/243 (2008) saylı “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməsini yerinə yetirməyə çağırmışdır. O həmçinin, 2016-cı ilin iyul ayında Azərbaycan tərəfinə ünvanlanmış məktubunda növbəti səfəri zamanı yalnız Azərbaycanın nəzarəti altında olan ərazilərə deyil, eyni zamanda, Ermənistanın nəzarəti altında olan Azərbaycanın digər ərazilərinə – Dağlıq Qarabağ və ətraf 7 rayona getmək niyyətini ifadə etmiş, lakin daha sonra öz proqramı ilə əlaqədar ölkəmizə səfər etmək fikrindən daşınmışdır.
  • 18-27 avqust 2014-cü il tarixində İHŞ-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupunun ölkəmizə səfəri olmuşdur. 16 iyun 2015-ci il tarixində İşçi Qrupu ölkəmizə etdiyi səfərin yekunlarına dair hesabatını İHŞ-nin 29-cu sessiyasına təqdim etmişdir. İşçi Qrupu Azərbaycanda biznes və insan hüquqlarının tam təmin olunmasının qarşısında duran əsas maneənin məhz Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətraf ərazilərindəki münaqişə nəticəsində öz yurd-yuvalarını tərk etmiş qaçqın və məcburi köçkünlər məsələsi olduğunu qeyd etmişdir.
  • 16-25 may 2016-cı il tarixində İHŞ-nin Özbaşına həbslər üzrə İşçi Qrupu ölkəmizə rəsmi səfər etmişdir. Səfərin yekunlarına dair hesabatın 2017-ci ilin mart ayında İHŞ-nin 34-cü sessiyasına təqdim edilməsi nəzərdə tutulur.
  • 14-22 sentyabr 2016-cı il tarixində İHŞ-nin İnsan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst ölkəmizə ilk dəfə səfər etmişdir. Səfərin yekunlarına dair hesabatın İHŞ-nin 34-cü sessiyasına təqdim edilməsi nəzərdə tutulur.

BMTİHAK-ın rəhbərliyi ilə 2016-cı ildə keçirilmiş görüşlər:

  • 1 aprel 2016-cı il tarixində Daimi Nümayəndəliyin təşəbbüsü ilə BMTİHAK-da BMT-nin insan hüquqları üzrə ali komissarı Zeid Ra’ad Al Hussein (İordaniya)  və daimi nümayəndə V.Sadıqov arasında görüş keçirilmişdir. Görüşün keçirilməsində əsas məqsəd ali komissar ilə tanışlıq, eləcə də AR və BMTİHAK arasındakı münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparmaq, habelə iki tərəf arasında mövcud olan əməkdaşlığın daha da gücləndirilməsi və genişləndirilməsi olmuşdur.
  • 14 aprel 2016-cı il tarixində Daimi Nümayəndəliyin təşəbbüsü ilə BMTİHAK-da BMT-nin insan hüquqları üzrə ali komissarının müavini Kate Gilmore və daimi nümayəndə V.Sadıqov arasında görüş keçirilmişdir. Görüşün keçirilməsində əsas məqsəd ali komissarın yeni təyin olunmuş müavini ilə tanışlıq, AR və BMTİHAK arasındakı münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparmaq, habelə iki tərəf arasında mövcud olan əməkdaşlığın daha da gücləndirilməsi və genişləndirilməsi olmuşdur.
  • 4 may 2016-cı il tarixində Azərbaycan tərəfinin təşəbbüsü ilə BMTİHAK-da AR xarici işlər nazirinin müavini X.Xələfov və BMT-nin insan hüquqları üzrə ali komissarı Zeid Ra’ad Al Hussein arasında görüş keçirilmişdir. Görüşdə X.Xələfov azərbaycanlı qaçqın və məcburi köçkünlərin ləyaqətli və təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıtma hüququnun təmin olunması istiqamətində beynəlxalq səylərin artırılmasının zəruriliyini vurğulamışdır. Ümumiyyətlə, Ermənistanın hərbi təcavüzü nəticəsində kütləvi şəkildə insan hüquqları pozulan bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün vəziyyətinin ciddi narahatlıq səbəbi olaraq qaldığını və bu problemin aradan qaldırılmasının Ermənistan-Azərbaycan münaqişəsinin həllindən asılı olduğunu diqqətə çatdıran nazir müavini, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası istiqamətində BMTİHAK tərəfindən müvafiq səylərin göstərilməsinin vacibliyini vurğulamışdır. Ali komissar, Ermənistan-Azərbaycan münaqişəsinin həssaslığını dərk etdiklərini ifadə etmiş, münaqişənin hazırkı vəziyyəti və ölkədəki qaçqın və məcburi köçkünlərlə bağlı verilmiş ətraflı məlumata görə X.Xələfova minnətdarlığını bildirmişdir.
  • 13 iyun 2016-cı il tarixində Cenevrədə İHŞ-nin 32-ci sessiyasının açılışında AR xarici işlər nazirinin müavini M.Məmməd-Quliyev yüksək səviyyəli qonaq qismində çıxış edərək insan hüquqlarının təşviqi və müdafiəsinin təmin edilməsinin Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən olduğunu sessiya iştirakçılarının diqqətinə çatdırmışdır və ölkəmizin BMTİHAK ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini ifadə edərək, bu xüsusda BMT insan hüquqları üzrə qurumları ilə mövcud sıx əməkdaşlığı məmnuniyyətlə qeyd etmişdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan M.Məmməd-Quliyev Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzün nəticəsində bir milyondan artıq azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşdüyünü və onların əsas insan hüquqlarının kütləvi şəkildə pozulduğunu sessiya iştirakçılarının nəzərinə çatdırmış, münaqişəsinin həllinin BMT-nın Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təmin edilərək mümkün ola biləcəyini vurğulamışdır. O, Ermənistanın beynəlxalq insan hüquqları üzrə götürdüyü öhdəliklərinin yerinə yetirilməməsinə görə insan hüquqları üzrə ali komissar tərəfindən müvafiq mövqenin bildirilməsinin vacibliyini vurğulamış, İHŞ-ni azərbaycanlı məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası istiqamətində daha fəal rol oynamasına çağırmışdır.

Arxiv üzrə axtarış