Humanitar məsələlər
Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min nəfər azərbaycanlı öz doğma yurdlarından zorla qovularaq Azərbaycana gəlmişlər. Eyni zamanda 1990-cı ildə Orta Asiyadan gəlmiş 50 min nəfərə qədər Məshəti türkü də Azərbaycanda sığınacaq tapmışdır.
1988-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü Azərbaycan torpaqlarının 20 faizinin - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun işğal olunmasına səbəb olmuş və Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış mənətəqələrindən 700 min nəfərədək soydaşımız öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburi köçkünə çevrilmişdir. Bu insanlar respublikanın 62 şəhər və rayonunda müvəqqəti olaraq məskunlaşmışlar.
Beləliklə, hazırda Azərbaycanda bir milyona yaxın qaçqın, məcburi köçkün və «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxs vardır.
Artıq uzunmüddətdir ki, məcburi köçkünlər çadır düşərgələrində, fin tipli yığma evlərdə, ferma, yeraltı qazma və yol kənarlarında, dəmir yolu üzərindəki yük vaqonlarında, ictimai binalarda, yataqxanalarda, təhsil müəssisələri binaları və uşaq bağçalarında, sanatoriya, pansionat, istirahət evlərində, turist bazalarında, tikintisi yarımçıq qalmış binalarda, qohum evlərində və s. yerlərdə ağır şəraitdə yaşayırlar.
Ötən müddətdə ölkəmizdə qaçqınların, məcburi köçkünlərin, «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin problemlərinin həlli ilə bağlı beynəlxalq normalara uyğun tam hüquqi baza yaradılmış, ölkə Prezidenti tərəfindən 46 Fərman və Sərəncam imzalanmış, Nazirlər Kabineti 215 qərar və sərəncam, Milli Məclis isə 23 Qanun qəbul etmişdir.
1998-ci ildə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında», 1999-cu ildə isə «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köcürülmüş şəxslərin) statusu haqqında», «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Qanunlar qəbul edilmişdir. Qeyd etmək istəyirik ki, ilk iki qanuna uyğun olaraq Ermənistandan qovulmuş bütün qaçqınlara vətəndaşlıq statusu verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə» Dövlət Proqramı müvafiq sahədə həyata keçirilən işlərin yeni mərhələsini təşkil edir.
Münaqişənin həllinin uzandığı bir vəziyyətdə qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Qeyd etmək istəyirik ki, Dövlət Neft Fondunun vəsaiti ilkin olaraq qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir.
Ümumiyyətlə, 2001-2006-cı illərdə Dövlət Neft Fondundan qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar yeni qəsəbələrin salınması məqsədi ilə ayrılmış vəsait hesabına 10586 ev tikilmişdir.
Görülən tədbirlər nəticəsində Azərbaycanda mövcud olmuş 12 çadır düşərgəsindən 9-u ləğv edilmişdir. 2007-ci ilin sonuna qədər isə qalan 3 çadır düşərgəsinin də ləğvi nəzərdə tutulmuşdur.
Aparılan səmərəli işlərin nəticəsi olaraq 1992-2006-cı illərdə donor ölkə, beynəlxalq və yerli humanitar təşkilatlar tərəfindən Azərbaycandakı qaçqın, məcburi köçkün və aztəminatlı əhalinin sosial müdafiəsi ilə bağlı həyata keçirilən layihələrə təxminən 700 milyon ABŞ dolları həcmində vəsait sərf edilmişdir.
Lakin həyata keçirilən tədbirlərə baxmayaraq, ölkəmizdə qaçqınların, «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin və məcburi köçkünlərin humanitar vəziyyəti mürəkkəb olaraq qalmaqdadır və onların bütün problemlərinin həlli beynəlxalq ictimaiyyətin, donor ölkə və maliyyə qurumlarının köməyi olmadan çox çətindir.
Bir məqamı vurğulamaq istərdik ki, Azərbaycanda yoxsulluğun ən yüksək həddi məhz məcburi köçkünlər arasında qeydə alınmışdır.
Azərbaycan hökumətinin qarşısında duran vəzifələr yeni qəsəbələrin salınması işlərinin davam etdirilməsi, məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə infrastrukturun yaxşılaşdırılması, məcburi köçkünlərin regionlarda həyata keçirilən yoxsulluğun azaldılması və iqtisadi inkişaf layihələrinə cəlb olunması, onların məşğulluğunun artırılması, donor ölkə, təşkilat, özəl şirkətlər və humanitar təşkilatlar tərəfindən humanitar yardım və inkişaf layihələrinin davam etdirilməsi, müvafiq təşkilatlar tərəfindən Azərbaycandakı real vəziyyətin həqiqi surətdə beynəlxalq aləmdə işıqlandırılması və bir növ təbliğati rol funksiyasının həyata keçirilməsi, Böyük Repatriasiya («Böyük Qayıdış») proqramının beynəlxalq maliyyə qurumları, BMT agentlikləri, beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının iştirakı və maliyyə dəstəyi ilə hazırlanması və s.təşkil edir.
Ölkədə bir milyonadək qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin sosial problemlərinin həlli ilə bağlı da hökumət, beynəlxalq və milli humanitar təşkilatlar tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
Hazırda Azərbaycanda 3119 nəfər «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxs mövcuddur. Onların böyük əksəriyyətini çeçen mənşəli Rusiya vətəndaşları, Əfqanıstan, İran, İraq və Fələstindən olan şəxslər təşkil edir.
Ölkəmizdə «Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası» təsdiq edilmiş, xarici ölkələrdən «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin müvafiq Qanuna uyğun hüquqlarının tənzimlənməsi məqsədilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi köməyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Qaçqın Statusunun Müəyyənləşdirilməsi Departamenti yaradılmışdır.
2000-ci ilin may ayından etibarən BMT QAK-da qeydiyyatdan keçmiş «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərə tibbi xidmət göstərilir. Eyni zamanda «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərə status verilməsi, onların sosial problemlərinin həlli və məktəb yaşlı uşaqlarının təhsil almaları üçün BMT QAK və müvafiq dövlət orqanları ilə birgə lazımi işlər görülür.
«Qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərlə bağlı məsələlərin operativ həlli məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının, Xarici İşlər, Daxili İşlər, Milli Təhlükəsizlik, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Sərhəd Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət işçi qrupu yaradılmışdır.
«Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli Fərmanı ölkəmizdə miqrasiya proseslərinə nəzarət mexanizminin təkmilləşdirilməsinə, bu sahədə aidiyyəti dövlət orqanlarının əlaqəli fəaliyyətinin tənzimlənməsinin təmin edilməsinə və işlərin müasir səviyyədə qurulmasına əlverişli şərait yaradacaqdır.
Bu sahədə hökumətin qarşısında duran vəzifələr «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin dövlət sərhədində və digər zəruri olan yerlərdə qanunvericiliklə müəyyən edilmiş müddətdə saxlanılmaları üçün müvəqqəti yerləşdirmə mərkəzlərinin yaradılması, fövqəladə hallarda xüsusilə bu kateqoriyadan olan qadın və uşaqların ilkin yerləşdirilməsi məqsədilə sığınacaq yerlərinin təşkili, onların sosial və digər problemlərinin həlli istiqamətində yerli və beynəlxalq humanitar təşkilatlarla birgə tədbirlərin həyata keçirilməsi kimi adddımlar təşkil edir.
Azərbaycan dövləti, donor ölkə, beynəlxalq maliyyə qurumları və humanitar təşkilatlar tərəfindən bütün mümkün olan tədbirlərin görülməsinə baxmayaraq, bu problemin fundamental həlli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi və qaçqınların, məcburi köçkünlərin öz doğma yurdlarına ləyaqətlə qayıtmalarıdır.
2012-ci ilin 26 aprel tarixində ölkəmiz BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) tərəfindən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə (BMTQAKİK) yekdilliklə üzv qəbul olunmuşdur.
Beynəlxalq Qırmızı Xaç Komitəsi
Azərbaycana qarşı Ermənistanın təcavüzü ilə əlaqədar olaraq BQXK 1992-ci ildən etibarən ölkəmizdə fəaliyyət göstərir. Təşkilat əsas diqqəti itkin düşmüş şəxslər və münaqişə və ya təhlükəsizlik səbəblərinə görə əsir götürülmüş şəxslərə verir və təmas xətti və Ermənistanla beynəlxalq sərhəd boyunca yaşayan icmalara yardım və onların dəstəklənməsi istiqamətində işləyir. BQXK beynəlxalq humanitar hüququn həyata keçirilməsi və onun silahlı və təhlükəsizlik qüvvələrinin treninqlər və tədris proqramlarında tətbiqini təşviq edir. BQXK Azərbaycan Qırmızı Aypara Cəmiyyəti ilə tərəfdaşlıq şəraitində işləyir və onun potensialının möhkəmləndirilməsini hədəfləyir.
Azərbaycan Qırmızı Aypara Cəmiyyəti və Böyük Britaniya Qırmızı Xaç Cəmiyyəti ilə birlikdə BQXK təmas xətti boyunca kəndlərdə yaşayan əhalinin məşğuliyyətlərini dəstəkləməyə davam etmişdir. Bura istehlak və suvarma üçün su ehtiyatlarından istifadə, yaşam imkanlarının verilməsi, evlərin təmiri vasitəsilə təmas xətti boyu atəş hallarına qarşı daha yaxşı müdafiənin təmin edilməsi aid olmuşdur.
Münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi prioritet olaraq qalmışdır. BQXK Əsir və itkin düşmüş şəxslər üzrə Dövlət Komitəsinə itkin düşmüş şəxslərin ailələrindən müvafiq məlumatların toplanması üzrə mərkəzləşdirilmiş sistemin yaradılması və istifadəsi və bu proses boyunca texniki yardımın göstərilməsi istiqamətində yardım göstərmişdir.
Milli cəmiyyət/BQXK-nin nümayəndələri və Mina fəaliyyəti üzrə Azərbaycanın Milli Agentliyi mina ilə bağlı insidentlər və belə hadisələr zamanı ailə başçısını itirmiş ailələrin ehtiyacları üzrə məlumat toplamağa davam etmişdir. BQXK-nin məlumatına uyğun olaraq, Azərbaycanda ailə başçısını itirmiş 12 ailə müvafiq yardımlar nəticəsində mal-qara fəaliyyəti vasitəsilə gəlirlərini və ya ərzaq istehsalını artırmışlar.
İtkin düşmüş şəxslər ilə bağlı məsələlər Azərbaycan üçün vacibdir. Azərbaycandan 4046 şəxs itkin düşmüşdür. Yerli tərəfdaşlarla birlikdə BQXK itkin düşmüş şəxslərin ailələrinə psixoloji yardımlar göstərmiş, eyni zamanda onların pulsuz tibbi xidmət və digər imtiyazlardan yararlanmaları xüsusunda hakimiyyət orqanları təşviq etmişdir.
Ölkəmizin Cenevrədəki Daimi Nümayəndəliyi BQXK ilə əməkdaşlıq edir. Bu xüsusda, sözügedən qurumun hesabatlarının Azərbaycana aid hissələrində ölkəmizin Dağlıq Qarabağ bölgəsindəki müxtəlif məntəqələri (Ağdərə, Xocavənd və s.) Azərbaycan dilindəki tarixi adlarında əks olunmuş və eyni zamanda, ölkəmizin ərazisi ilə bağlı BQXK-nin yeni xəritəsi tərtib olunmuşdur. Xəritədə işğal olunmuş ərazilərimiz xüsusi işarələr ilə göstərilmişdir.
Beynəlxalq Mülki Müdafiə Təşkilatı
Azərbaycan Respublikası 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvüdür. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi sözügedən təşkilat ilə sıx əməkdaşlıq etməkdədir. 2014-cü ildə ölkəmiz 2015-2018-ci illər üzrə sözügedən qurumun İcraiyyə Komitəsinə yekdilliklə üzv seçilmişdir.
BMT-nin fəlakət təhlükəsinin azaldılması üzrə Beynəlxalq Strategiyasının Katibliyi
Azərbaycan Respublikası BMT-nin Fəlakət təhlükəsinin azaldılması üzrə Beynəlxalq Strategiyasının Katibliyi (UNISDR) ilə əməkdaşlığını davam etdirməkdədir. 2013-cü ilin mayında Daimi Nümayəndəlik Cenevrə şəhərində UNISDR-in təşkilatçılığı ilə keçirilmiş fəlakət təhlükəsinin azaldılması üzrə Qlobal Platformanın 4-cü sessiyasında, 14-15 iyul 2014-cü il tarixində isə Fəlakət təhlükəsinin azaldılması üzrə BMT-nin Üçüncü Beynəlxalq Konfransına Hazırlıq Komitəsinin iclasında iştirak etmişdir.