2015-09-09

Daimi Nümayəndəliyin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının 8 sentyabr 2015-ci il tarixli mətbuat açıqlamasına dair mətbuat buraxılışı

Daimi Nümayəndəlik BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı tərəfindən verilmiş 8 sentyabr 2015-ci il tarixli əsassız və qərəzli bəyanatı tamamilə rədd edir.

Daimi Nümayəndəlik BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının spesifik işlərin təfərrüatlarına dair əvvəlcədən təqdim edilmiş düzgün və dəqiq məlumatları nəzərə almadan qərəzli mənbələr əsasında yanlış ictimai bəyanatlarına davam etməsinə görə dərin narahatlığını ifadə edir.   

Çox təəssüfləndirici haldır ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı məhkəmə qərarları ilə təqsirli bilinmiş şəxslərin azadlığa buraxılmasına dair çağırışlarına davam etməkdədir. Daimi Nümayəndəlik müstəqil məhkəmə sisteminə müdaxiləni, 1 sentyabr 2015-ci il tarixində Xədicə İsmayılovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinməsinə dair məhkəmə qərarını qəsdən siyasiləşdirmək və təhrif etmək cəhdlərini kəskin surətdə pisləyir və qəbuledilməz hesab edir. Azərbaycan Respublikası məhkəmə hakimiyyətinin müstəqilliyini və qanunun aliliyini tam şəkildə təmin edir. Məhkəmənin qərarına hörmət edilməlidir. Eyni zamanda, hər bir  şəxsin, qanunvericilikdə müəyyən edilmiş qaydada, məhkəmə qərarından apelyasiya şikayəti vermək hüququ vardır.

Qeyd olunanları nəzərə alaraq, Daimi Nümayəndəlik BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarını Azərbaycanla bağlı ictimai bəyanatlar verərkən əsaslandığı mənbələrin düzgünlüyünü və etibarlılığını yoxlamağa çağırır.

Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının təşviqi və qorunmasına tamamilə sadiqdir və bu xüsusda, Daimi Nümayəndəlik dialoqun konstruktiv şəkildə davam etdirilməsi ilə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına etdiyi çağırışlarını xatırladır.

Arxiv üzrə axtarış