“28 May - Respublika Günü” münasibətilə Cenevrə şəhərində rəsmi qəbul mərasimi təşkil edilmişdir.
28 may 2015-ci il tarixində Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi tərəfindən “28 May - Respublika Günü” münasibətilə Cenevrə şəhərində rəsmi qəbul mərasimi təşkil edilmişdir.
Tədbirdə BMT-nin Cenevrə şəhərindəki bölməsinin Baş Direktoru M.Moller, BMT-nin İnsan Hüquqları Şurasının Prezidenti Y.Rücker, BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə Regional Ofisinin direktoru Y.Dusik, habelə Cenevrə şəhərində yerləşən digər beynəlxalq təşkilatların rəhbər şəxsləri, BMT-nin Cenevrə bölməsində akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Cenevrə kantonunun rəsmiləri, Cenevrədə yerləşən ali təhsil ocaqlarının müəllim heyətləri, səhiyyə qurumlarının rəhbərləri, İsveçrədə yaşayan soydaşlarımız, gənclər və azərbaycanlı tələbələr iştirak etmişlər.
Rəsmi qəbul çərçivəsində, ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti, habelə turizm potensialını əks etdirən materiallardan ibarət sərgi təşkil olunmuş, milli musiqi səsləndirilmiş, tədbir iştirakçılarına Səfir, Daimi Nümayəndə Murad Nəcəfbəyli tərəfindən Azərbaycanın tarixi və mədəniyyəti, qədim dövlətçilik ənənələri barədə məlumat verilmişdir. Eyni zamanda, tədbir iştirakçılarına ölkəmizin tarixini, mədəniyyətini və incəsənətini, habelə turizm potensialını əks etdirən kitablar, nəşrlər və suvenirlər hədiyyə edilmişdir.
Bununla yanaşı, mərasimdə 12-28 iyun 2015-ci il tarixində Bakı şəhərində təşkil olunacaq I Avropa Oyunlarının təqdimatı keçirilmiş, Səfir, Daimi Nümayəndə M.Nəcəfbəyli tərəfindən Oyunlara dair ətraflı məlumat verilmiş və bu xüsusda, müvafiq slaydşou və videoçarx nümayiş olunmuşdur.
Rəsmi qəbul zamanı qonaqlar Azərbaycanın son illər ərzində bütün sahələrdə inamla inkişaf etməsini yüksək qiymətləndirmiş və Bakı şəhərində keçiriləcək I Avropa Oyunları kimi bir sıra mötəbər beynəlxalq tədbirlərə ölkəmizin ev sahibliyi etməsinin bunun bariz nümunəsi olduğunu məmnuniyyətlə qeyd etmişlər.