BMT İnsan Hüquqları Şurasının Universal Dövri İcmal üzrə İşçi Qrupunun 22-ci sessiyası çərçivəsində ABŞ-ın ikinci dövri hesabatı ilə bağlı müzakirələr keçirilmişdir
11 may 2015-ci il tarixində BMT İnsan Hüquqları Şurasının (İHŞ) Universal Dövri İcmal üzrə İşçi Qrupunun 22-ci sessiyası çərçivəsində ABŞ-ın ikinci dövri hesabatı ilə bağlı müzakirələr keçirilmişdir.
ABŞ tərəfinə təqdim olunmuş ilkin suallarla yanaşı, Azərbaycan Respublikası nümayəndə heyəti tərəfindən müzakirələr zamanı ABŞ-da insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı çıxış edilmişdir. Çıxış zamanı Azərbaycan nümayəndə heyəti tərəfindən BMT-nin müqavilə qurumlarının ABŞ-da insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı, xüsusilə ayrı-seçkilik, irqçilik, polis qəddarlığı, silahlı zorakılıq, özəl həyat hüququ, habelə təcridxanalarda işgəncə və pis rəftar halları ilə bağlı çoxsaylı narahatlıqları diqqətə çatdırılmışdır. Eyni zamanda, ABŞ-da bir çox gənc Afrikalı Amerikanların polis məmurları tərəfindən öldürülməsi ilə əlaqədar BMT İnsan Hüquqları üzrə Ali Komissarının narahatlığı qeyd olunmuşdur.
Qeyd olunan problemlər işığında Azərbaycan Respublikası nümayəndə heyəti tərəfindən ABŞ-a aşağıdakı tövsiyələr verilmişdir:
1. İrqi ayrı-seçkiliyin və irqi nifrət oyadan çıxışların qadağan edilməsi və bu xüsusda, hüquqi çərçivənin genişləndirilməsi;
2. Hüquq-mühafizə rəsmiləri tərəfindən irqi xüsusiyyətə görə profilləşdirmə və nəzarət təcrübəsinin aradan qaldırılması;
3. Təcridxanalarda işgəncə və pis rəftar hallarının qarşısının alınması və gizli təcridetmə təcrübəsinə son qoyulması;
4. Davam edən polis qəddarlığı və hüquq-mühafizə rəsmiləri tərəfindən həddindən artıq güc tətbiq edilməsi təcrübəsinin qarşısının alınması, habelə bu tip halların təhlil edilməsi və səbəblərinin aradan qaldırılması;
5. Silahlı zorakılıq hallarının aradan qaldırılması;
6. Ölüm hökmünə ən azı moratorium qoyulması;
7. Özəl həyat hüququna tam hörmət edilməsi və bu hüququn qorunması.
Çıxışın tam mətni aşağıdakı linkdən yüklənə bilər:
/uploads/files/Statement%20of%20Azerbaijan%20on%20UPR%20of%20USA%20-%2011_05_2015(1).pdf