2015-03-03

BMT İnsan Hüquqları Şurasının 28-ci sessiyasının yüksək səviyyəli seqmenti çərçivəsində müzakirələr keçirilmişdir.

3 mart 2015-ci il tarixində BMT İnsan Hüquqları Şurasının 28-ci sessiyasının yüksək səviyyəli seqmenti çərçivəsində müzakirələr keçirilmişdir. 

Müzakirələrdə iştirak edən Ermənistanın xarici işlər naziri E.Nalbəndyanın çıxışına cavab olaraq, tərəfimizdən çıxış edilərək Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü zamanı Ermənistan tərəfindən müharibə, insanlıq əleyhinə cinayətlər və soyqırımı cinayəti kimi ən ağır beynəlxalq cinayətlərin törədildiyi bildirilmişdir. Çıxış zamanı, Ermənistan nazirinin soyqırımı cinayətinin qarşısının alınmasının əhəmiyyəti barədə digər ölkələrə məsləhət verməkdənsə Ermənistan tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc Azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətini xatırlamasının daha faydalı olacağı qeyd olunmuşdur. Bu xüsusda, 25-26 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində soyqırımının həyata keçirildiyi, uşaq və qadınlar da daxil olmaqla yüzlərlə Azərbaycanlının qətlə yetirildiyi, minlərlə dinc əhalinin yaralandığı və itkin düşdüyü, habelə Xocalı şəhərinin yerlə-yeksan edildiyi bildirilmişdir. 

Eyni zamanda, Ermənistanın həmin dövrdəki müdafiə naziri, hal-hazırda isə prezidenti olan S.Sarkisyanın Xocalı soyqırımı haqqında ingilis jurnalisti Tomas de Vaal ilə müsahibəsində işlətdiyi dəhşətli fikirlərin (“Xocalıdan öncə Azərbaycanlılar düşünürdü ki, ermənilər dinc mülki əhaliyə qarşı əl qaldıra bilməyən millətdir. Biz isə bu stereotipi qıra bildik.”) Ermənistan tərəfindən günahsız Azərbaycan mülki əhalisinə qarşı hücumları açıq-aşkar göstərdiyi qeyd edilmişdir.

Milli, etnik və irqi ayrı-seçkiliyin və kəskin nifrətin təzahürü kimi məqsədyönlü etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində Ermənistanda bir nəfər də olsun Azərbaycanlının qalmadığı, Ermənistanın mono-etnik ölkəyə çevrildiyi vurğulanmışdır. Çıxış zamanı, həmçinin, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində və Ermənistanda Azərbaycan maddi-mədəni irsinə qarşı törədilmiş vəhşiliklər barədə məlumat verilmişdir.

Çıxışın sonunda günahsız əhaliyə qarşı soyqırımı cinayəti törətmiş Ermənistan kimi ölkənin nümayəndəsinin soyqırımının qarşısının alınmasından danışmağa mənəvi və hüquqi nöqteyi-nəzərdən haqqının olmadığı qeyd edilmiş, Xocalı cinayətlərinə və Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü zamanı törədilmiş digər ağır cinayətlərə görə Ermənistanın məsuliyyətə cəlb edilməli olduğu və tez bir zamanda cəlb olunacağı vurğulanmışdır. 

Azərbaycan tərəfinin çıxışı Ermənistan tərəfindən susqunluqla qarşılanmışdır.

Yüksək səviyyəli seqment zamanı çıxış edən İslam Əməkdaşlıq Təşkilatının  Baş katibi İ.A.Madani də öz növbəsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində Ermənistan tərəfindən mülki azərbaycanlılara qarşı törədilmiş hərəkətləri pisləmiş və münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll edilməsinə çağırmışdır.

Arxiv üzrə axtarış