Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi H.Zhao və Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Səfir Murad Nəcəfbəyli arasında görüş keçirilmişdir.
13 fevral 2015-ci il tarixində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş qərargahında BTİ-nin Baş katibi H.Zhao və Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Səfir Murad Nəcəfbəyli arasında görüş keçirildi.
Görüş zamanı BTİ və Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu bildirən Baş katib ölkəmizin BTİ-nin fəal üzvlərindən biri olduğunu və bu xüsusda, Azərbaycanın BTİ Şurasına üzv seçilməsini yüksək qiymətləndirdiyini ifadə etdi. Eyni zamanda, Azərbaycanda bir neçə dəfə səfərdə olduğunu qeyd edən Baş katib sonuncu belə səfərin 2014-cü ilin dekabr ayında “Bakutel 2014” tədbiri çərçivəsində baş tutduğunu bildirdi. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşdüyünü bildirən H.Zhao həmin görüşlə bağlı çox müsbət təəssüratları olduğunu qeyd etdi.
Daimi Nümayəndə isə öz növbəsində Baş katibi yeni təyinatı ilə bağlı bir daha təbrik etməkdən böyük məmnunluq duyduğunu ifadə etdi. Azərbaycan və BTİ arasındakı əməkdaşlığın hazırkı vəziyyətini yüksək qiymətləndirən Daimi Nümayəndə əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə inandığını bildirdi. Daimi Nümayəndə, eyni zamanda, Azərbaycan Respublikası Hökumətinin informasiya-kommunikasiya texnologiyaları sahəsində gördüyü çoxsaylı işlər barədə məlumat verdi.
Daha sonra Azərbaycan və BTİ arasındakı əməkdaşlığın qarşılıqlı maraq kəsb edən müxtəlif sahələri üzrə fikir mübadiləsi aparıldı.