Azərbaycan Respublikası Səhiyyə Naziri Oqtay Şirəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 67-ci Ümumdünya Səhiyyə Assambleyasında (19-24 may 2014, Cenevrə) iştirak edir
Azərbaycan Respublikası Səhiyyə Naziri Oqtay Şirəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 67-ci Ümumdünya Səhiyyə Assambleyasında (19-24 may 2014, Cenevrə) iştirak edir.
Assambleyanın birinci günü O.Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İcraedici Şurasının vitse-sədri qismində Şuranın 133 və 134-cü sessiyalarının nəticələri barədə çıxış etmişdir.
Sessiya çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Naziri O.Şirəliyevin ÜST-nin bir sıra yüksək səviyyəli rəsmiləri, habelə müxtəlif dövlətlərin səhiyyə nazirləri və nazir müavinləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Ümumdünya Səhiyyə Assambleyası zamanı 194 Üzv-Dövlətdən yüksək səviyyəli nümayəndələrin aşağıdakı mühüm səhiyyə məsələləri üzrə müzakirələr aparması və müvafiq qərarlar qəbul etməsi gözlənilir:
- Minilliyin İnkişaf Məqsədləri və səhiyyənin 2015-dən sonrakı İnkişaf Gündəliyində rolu;
- Vərəm xəstəliyinin qarşısının alınması və ona nəzarət edilməsi üzrə yeni qlobal strategiya və hədəflər;
- Şəkər, ürək xəstəliyi, xərçəng və xroniki ağciyər xəstəlikləri də daxil olmaqla, qeyri-yoluxucu xəstəliklərin qarşısının alınması və onlara nəzarət;
- Hepatit viruslu xəstələrin sağlamlığı;
- Yeni doğulmuş uşaqların sağlamlığı;
- Ana və uşaq qidalanması üzrə ÜST-nin qlobal strategiyası;
- Antimikrob dərman müqaviməti;
- Mühüm dərmanların əldə edilməsi imkanı və dərmanları tənzimləyən sistemlərin gücləndirilməsi;
- Autizmin idarəçiliyi;
- Daha çox insanın vaksinlə qarşısı alına biləcək xəstəliklərdən qorunması;
- İqlim və səhiyyə;
- ÜST-nin islahatları.
Ümumi məlumat:
Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının 194 Üzv-Dövləti tərəfindən idarə edildiyi forumdur. Assambleya dünyanın səhiyyə sahəsində siyasət müəyyən edən ən yüksək qurumu olmaqla Üzv-Dövlətlərin yüksək səviyyəli nümayəndələrindən ibarətdir.