Cenevrədə “Beynəlxalq Novruz Günü” adlı tədbir keçirilmişdir
2014-cü ilin 25 mart tarixində BMT-nin Cenevrə şəhərində yerləşən bölməsinin Baş Qərargahının binasında Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Türkiyənin Daimi Nümayəndəliklərinin təşkilatçılığı ilə “Beynəlxalq Novruz Günü” adlı tədbir keçirilmişdir.
Sözügedən tədbir ölkəmizin təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının 64-cü sessiyasında 21 mart tarixinin “Beynəlxalq Novruz Günü” kimi qeyd olunması ilə bağlı qəbul etdiyi qətnaməyə uyğun olaraq keçirilmişdir.
Tədbirin açılış mərasimində çıxış edən BMT-nin Cenevrə Bölməsinin Baş Direktoru v.i.e M.Moller Novruz bayramının adət və ənənələrinin dünya mədəni irsinin mühüm tərkib hissəsi olduğunu, dünya mədəniyyəti və incəsənətinə xüsusi töhfə verdiyini qeyd etmişdir. Natiq tədbirin təşkilində iştirak etmiş 9 ölkənin Daimi Nümayəndəliklərinin bu addımını mədəni əməkdaşlığın əyani nümunəsi kimi səciyyələndirmişdir. O, eyni zamanda BMT-nin Baş Assambleyası tərəfindən Novruz bayramına beynəlxalq status verilməsini yüksək qiymətləndirmişdir. Tədbirdə, həmçinin, BMT-nin Cenevrə bölməsi yanında akkreditə olunmuş ölkələrin Daimi Nümayəndələri və diplomatik korpusun digər üzvləri, BMT-nin Cenevrə Ofisinin Katibliyi, Cenevrədəki beynəlxalq təşkilatların əməkdaşları, Cenevrə şəhərinin rəsmiləri, KİV nümayəndələri və diasporamızın nümayəndələri iştirak etmişlər.
İştirakçılar Novruz bayramı münasibətilə Daimi Nümayəndəliyimiz tərəfindən təqdim edilmiş şirniyyatları və milli mətbəx nümunələrini dadmış, ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı müxtəlif fotoşəkil və materiallardan ibarət sərgiyə baxmışlar.
Qonaqlar ölkəmizdə Novruz bayramının qeyd edilməsinin özəllikləri ilə maraqlanmış, tariximizin, mədəniyyətimizin, mətbəximizin və incəsənətimizin zənginliyinə, habelə xalqımızın qonaqpərvərliyinə olan heyranlıqlarını ifadə etmişlər.