BMT İnsan Hüquqları Şurasının 25-ci sessiyası çərçivəsində Soyqırımı cinayətinin qarşısının alınması üzrə yüksək səviyyəli panel müzakirələr keçirilmişdir.
2013-cü ilin 7 mart tarixində BMT İnsan Hüquqları Şurasının 25-ci sessiyası çərçivəsində Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiyanın 65 illiyinə həsr olunmuş yüksək səviyyəli panel müzakirələr keçirilmişdir. Müzakirələrdə Ermənistanın Xarici İşlər Naziri E.Nalbandyan iştirak etmişdir.
Müzakirələr çərçivəsində tərəfimizdən çıxış edilmiş, ölkəmizin soyqırımı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər daxil olmaqla, beynəlxalq cinayətlərin bütün növlərini pislədiyini bildirmişdir. Çıxışımızda 1992-ci ilin 25-26 fevral tarixlərində Ermənistanın hərbi qüvvələri tərəfindən Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı həyata keçirildiyi, uşaq və qadınlar da daxil olmaqla yüzlərlə azərbaycanlının qətlə yetirildiyini, minlərlə dinc əhalinin yaralandığı və itkin düşdüyü haqqında məlumat verilmiş, şəhərin yerlə-yeksan edildiyini qeyd edilmişdir. Bu xüsusda, Ermənistan tərəfindən Xocalı şəhərində tətbiq edilmiş əməl və hərəkətlərin adıçəkilən Konvensiyada müəyyən edilmiş soyqırımı məhfumu ilə eynilik təşkil etdiyi vurğulanmışdır.
Müzakirələr zamanı Ermənistanlı Nazirin çıxışında qeyd olunmuş “soyqırımın inkarı soyqırımının davamıdır” fikirlərinə cavab olaraq tərəfimizdən ilk növbədə Ermənistanın özü buna uyğun olaraq Xocalı soyqırımının tanınmasına çağrılmışdır. Bu xüsusda, Ermənistanın hazırkı siyasi və hərbi rəhbərliyinin Xocalı soyqırımında iştirakına istinad edilmiş və həmin şəxslərin dövlət səviyyəsində təqdir edilməsi və ödülləndirilməsinə diqqət yönəldilmişdir.
Çıxışımızın sonunda günahsız Azərbaycanlı əhaliyə qarşı soyqırımı törətmiş Ermənistan kimi ölkənin nümayəndəsinin soyqırımının qarşısının alınmasından danışmasının mənəvi və hüquqi nöqteyi-nəzərindən nə dərəcədə düzgün olduğu sorğu edilmişdir.
Azərbaycan tərəfinin çıxışını Ermənistan tərəfi pərtlik və susqunluqla qarşılamışdır.