Daimi Nümayəndə, Səfir M.Nəcəfbəyli ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru F.Qarri arasında görüş keçirilmişdir
2014-cü ilin 13 yanvar tarixində Daimi Nümayəndə, Səfir M.Nəcəfbəyli ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktoru F.Qarri arasında görüş keçirilmişdir.
Qarri qeyd etmişdir ki, son illər ərzində onun rəhbərliyi altında, ÜƏMT çərçivəsində bir sıra irəliləyişlər olmuş, 2 yeni çoxtərəfli saziş qəbul olunmuş, qlobal əqli mülkiyyət sistemi güclənmiş, əqli mülkiyyət xidmətləri genişlənmiş, ÜƏMT-nin maliyyə resursları möhkəmlənmiş, məhsuldarlıq və səmərəlilik artmış, bütün ölkələri birləşdirmək üçün mükəmməl informasiya texnologiyaları sistemi formalaşdırılmışdır.
F.Qarri vurğulamışdır ki, ÜƏMT ilə ölkəmiz arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Eyni zamanda qeyd edilmişdir ki, ölkəmiz sürətlə inkişaf edir, bu müstəvidə əqli mülkiyyət ilə iqtisadi inkişaf məqsədlərinin birləşdirilməsi əqli mülkiyyətin Azərbaycanın davamlı inkişafına və bilik iqtisadiyyatının inkişafına müsbət töhfə verə bilər.
Daimi Nümayəndəmiz ölkəmizdə son illər ərzində əqli mülkiyyət sahəsində görülmüş işləri vurğulamış, əqli mülkiyyətin iqtisadiyyatımızın inkişafında oynadığı rolu qeyd etmiş, ÜƏMT ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsinin yüksək olduğunu bildirmişdir. Daimi Nümayəndəmiz həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə qarşı tərəfə məlumat vermişdir.