2014-07-23

Azərbaycan Respublikasının Ağdam ərazisinin Ermənistan Respublikası tərəfindən işğalının 21-ci ildönümü

Azərbaycan Respublikasının Ağdam ərazisinin Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edilməsindən 21 il ötür.

İqtisadi və elmi potensialına görə Azərbaycanın həyatında mühüm rol oynayan Ağdam 23 iyul 1993-cü il tarixində Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

Ağdam ərazisində olan çoxsaylı maddi mədəni irs nümunələri Azərbaycanın zəngin tarixinə şahidlik etmişdir. Üzərlik təpə abidəsi, Qutlu Musa oğlu günbəzi (1314), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələr (XIV əsr), Xanoğlu türbəsi (XVII əsr), XVIII əsrə aid türbə və məscidlər, Qarabağ xanı Pənahəli Xan və onun ailəsinin imarəti (XVIII əsr), Şahbulaq qalası və digər mеmarlıq abidələri Azərbaycan tarixinin füsunkar incilərindəndir. Eyni zamanda, rayonun ərazisində 1950-ci illərdən başlayaraq aparılan arxeoloji tədqiqat işləri bu ərazinin qədim insanların yaşayış məskənlərindən biri olduğunu təsdiq edir.

Ağır, yüngül və yeyinti sənayesinin, habelə kənd təsərrüfatının inkişaf etdiyi Ağdam rayonunda işğaldan öncə çoxsaylı sənaye və kənd təsərrüfatı mərkəzləri, habelə 38 kollektiv və dövlət təsərrüfatı, 24 tikinti–quraşdırma idarəsi və 12 sənaye müəssisəsi, 74 məktəb, 105 səhiyyə müəssisəsi, 271 mədəniyyət evi, 67 idarə, 99 klub, habelə Ü.Hacıbəyov adına Musiqi məktəbi, Ə.Haqverdiyev adına Dövlət Dram Teatrı və özünəməxsus Çörək muzeyi fəaliyyət göstərmişdir.

Ağdam ərazisi Ermənistan Respublikasının məkrli, işğal və etnik təmizləmə siyasətindən əziyyət çəkmiş ərazilərdən biri olmuşdur. Ağdam müharibədən ən çox mənfi təsirə məruz qalan ərazilərdən biridir. 1988-ci ilin son aylarında Ermənistandan, daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə Azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirmişdir. Dağlıq Qarabağı bütünlüklə işğal etməsindən kifayətlənməyən Ermənistan, daha sonra Dağlıq Qarabağın ətrafında yerləşən ərazilərə göz dikmişdir. Ermənistan Respublikası Ağdamı zəbt etmək üçün 1993-cü il iyun ayının 11-dən irimiqyaslı hücum əməliyyatlarına başlamış və həmin ilin iyul ayının 23-də Ağdamı işğal etmişdir. Hərbi təcavüz nəticəsində Ermənistan Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail olmuşdur. İşğal edilmiş Ağdam şəhəri və rayonun 89 kəndi bəşər tarixində bənzəri olmayan bir vəhşiliklə darmadağın edilərək, yerlə-yeksan edilmişdir. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə 5897 nəfər öldürülmüş, 3531 nəfər əlil edilmiş, 1871 nəfər uşaq isə valideynləri itirmişdir. Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min (1993) nəfərdən artıq Ağdam sakini isə məcburi köçkün vəziyyətinə düşmüşdür.

Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən müvafiq sənədlər, xüsusilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, 25 yanvar 2005-ci il tarixində Avropa Şurası tərəfindən qəbul edilmiş 1416 saylı qətnamə, 14 mart 2008-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş 62/243 saylı “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamə, Avropa Parlamenti tərəfindən 20 may 2010-cu il tarixində qəbul edilmiş “Cənubi Qafqazda Avropa İttifaqı strategiyasına ehtiyac” adlı hesabat Azərbaycan Respublikasının ərazi bütövlüyünü bir daha təsdiq etmiş, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf ərazilərinin işğal edildiyini qəbul etmiş və Ermənistanın bütün işğalçı qüvvələrinin həmin ərazilərdən çıxarılmasını tələb etmişdir.

Qeyd edilməlidir ki, BMT Təhlükəsizlik Şurası 29 iyul 1993-cü il tarixli 853 saylı qətnaməsində silahlı düşmənçilik vəziyyətinin pisləşməsi, xüsusilə, Azərbaycan Respublikasının Ağdam rayonunun zəbt edilməsi, həmçinin, Azərbaycan Respublikasında çoxsaylı mülki şəxslərin məcburi köçkün vəziyyətinə düşməsi ilə bağlı narahatlığını qeyd etmiş, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü, habelə beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazilərin işğal edilməsi üçün gücdən istifadə edilməsinin yolverilməzliyini bir daha təsdiq etmişdir. Eyni zamanda, Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Ağdam rayonunun və ətraf ərazilərinin işğal edilməsini pisləmiş və bütün işğalçı qüvvələrin Azərbaycan Respublikasının işğal edilmiş Ağdam və digər ərazilərindən dərhal və şərtsiz çıxarılmasını tələb etmişdir.

Buna baxmayaraq, sözügedən qətnamə digər müvafiq beynəlxalq sənədlər kimi Ermənistan Respublikası tərəfindən həyata keçirilməmişdir.

Azərbaycan Respublikası Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün yeganə yolun Azərbaycan Respublikasının ərazilərinin işğalına son qoyulması və Azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaq hüququnun təmin edilməsi barədə beynəlxalq ictimaiyyət tərəfindən Ermənistan Respublikasının məcbur edilməsindən keçdiyi qənaətindədir.

Arxiv üzrə axtarış