2016-02-26

Bu gün Xocalı soyqırımının 24-cü ildönümüdür

Xocalı soyqırımının 24-cü ildönümü 

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən işğal siyasəti çərçivəsində Ermənistan tərəfindən müharibə, insanlıq əleyhinə cinayətlər və soyqırım cinayəti kimi ən ağır beynəlxalq cinayətlər törədilmişdir. Bu gün xalqımız Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilmiş dəhşətli cinayətlərin 24-cü ildönümünü yad edir.

25 fevral 1992-ci il tarixində gecə yarısı Xocalı şəhəri Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən daha öncə işğal edilmiş Xankəndi və Əsgəran şəhərlərindən atəşə tutuldu. Fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının Silahlı Qüvvələri keçmiş Sovet 366-cı motoatıcı alayının dəstəyi ilə şəhəri mühasirəyə aldılar. Şəhər Ermənistan tərəfindən azərbaycanlı əhaliyə qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində ətraf ərazilərdən artıq təcrid olunmuşdu. Ağır artilleriyanın gülləboranı nəticəsində xarabalığa çevrilmiş şəhər birgə qüvvələr tərəfindən işğal edildi. Şəhəri müdafiə edən 150 nəfərin öldürülməsindən sonra şəhərdə qalan bir neçə müdafiəçi yüzlərlə şəhər sakininin qaçıb canlarını qurtarmaları üçün humanitar dəhliz yaratdılar. Ağır şəraitdə gecənin zülmət qaranlığında dinc sakinlər pusquda duran Ermənistan hərbi qüvvələri tərəfindən yaxalandı. Canlarını qurtarmaq üçün yaxın dağ və meşələrdə sığınacaq tapmaq ümidi ilə evlərini tərk edən minlərlə dinc sakin gülləboran edildi. Pusquda duran Ermənistan silahlı qüvvələri müdafiəsiz qalmış mülki şəxsləri öldürür, şikəst edir, Qarabağ müharibəsi qəniməti kimi dərilərini soyub aparırdılar.

Fevralın 25-dən 26-na keçən gecə cəmi bir neçə saat ərzində 106-sı qadın, 63-ü uşaq və 70-i ahıl olmaqla 613 nəfər qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüşdür. 150 nəfərin taleyi isə bu günə qədər məlum deyildir. Soyqırım zamanı 76-sı uşaq olmaqla Xocalının 487 sakini əlil edilmiş, 6 ailə tamamilə məhv edilmiş, 26 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Qətlə yetirilənlərdən 56 nəfər xüsusi qəddarlıqla öldürülmüşdür: onların başları kəsilmiş, gözləri çıxarılmış, diri-diri yandırılmış, hamilə qadınların doğulmamış uşaqları qarınlarından çıxarılmışdır. 

Xocalıda törədilmiş hadisələrlə əlaqədar çoxsaylı faktlar bu cinayətin soyqırım cinayəti olması faktını təsdiq edir. Belə ki, BMT-nin Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 1948-ci il tarixli Konvensiyasının 2-ci maddəsinə əsasən “...soyqırım cinayəti, hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək niyyəti ilə törədilən aşağıdakı əməllərdən biridir: a) belə bir qrupun üzvlərinin öldürülməsi; b) belə bir qrupun üzvlərinə ağır bədən xəsarəti və yaxud əqli zərər yetirilməsi; c) hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması; ç) belə bir qrupda doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi; d) uşaqların zorla bir qrupdan başqa qrupa verilməsi. Bu anlayışdan aydın olur ki, actus reus və mens rea soyqırım cinayətinin əsas tərkib elementləridir. Xocalı hadisələrində actus reus insanların öldürülməsi, onlara ağır bədən xəsarəti yetirilməsi, habelə törədilmiş digər qeyri-qanuni amansız əməllərdən biridir. Milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək xüsusi niyyəti (mens rea) də Xocalı hadisələrində mövcud olmuşdur. Belə ki, çoxsaylı faktlar sübut edir ki, Xocalıda dinc sakinlərin qəsdən qırğını yalnız onlar azərbaycanlı olduğu üçün onların kütləvi məhv edilməsinə yönəldilmişdir. Bu səbəbdən də Xocalı şəhərində mülki şəxslərin qəsdən məhv edilməsi Ermənistan tərəfindən azərbaycanlılara qarşı soyqırımı cinayəti kimi tövsif edilməlidir.

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən işğal siyasəti çərçivəsində törədilmiş digər cinayətlər, habelə Xocalı soyqırımı Ermənistanın dövlət məsuliyyətini və bu cinayətlərin törədilməsində iştirak edən şəxslərin fərdi cinayət məsuliyyətini müəyyən edir. Bu məsuliyyət beynəlxalq ümumi hüquqdan, xüsusilə də BMT-nin Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasının və İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın müddəalarından, habelə Beynəlxalq hüquq pozuntularına görə Dövlətlərin Məsuliyyəti haqqında Beynəlxalq Hüquq Komissiyasının Maddələrindən  irəli gəlir.

Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarı ilə Xocalıda törədilən cinayətlərlə bağlı mühüm nəticəyə gəlmişdir. Məhkəmə Xocalı hadisələrini “xüsusi amansızlıqla törədilmiş müharibə cinayəti və ya insanlıq əleyhinə cinayətə bərabər əməl qismində” tövsif etmişdir. Avropa Məhkəməsinin bu xüsusda gəldiyi aşağıdakı nəticə cinayətin tövsifi və müvafiq məsuliyyətin müəyyən edilməsi məsələsində heç bir şübhə yaratmır:

“Müstəqil mənbələrdən alınmış məlumatlar göstərir ki, 25-26 fevral 1992-ci il tarixində Xocalı şəhərinin zəbt edilməsi zamanı şəhərdən qaçmağa çalışan yüzlərlə etnik azərbaycanlı şəhərə hücum edən erməni döyüşçüləri tərəfindən öldürülmüş, yaralanmış və ya girov götürülmüşdür.” (Avropa İnsan Hüquqları Məhkəməsinin 22 aprel 2010-cu il tarixli qərarı, 87-ci paraqraf).

Erməni rəsmiləri faktları saxtalaşdırmaqla və hadisələrə reallıqdan uzaq və adi məntiqə sığmayan şərhlər verməklə münaqişə zamanı törətdikləri cinayətlərə, habelə Xocalı cinayətlərinə görə məsuliyyətdən boyun qaçırırlar. Buna baxmayaraq, ən mahir təbliğat belə Ermənistan tərəfindən irəli sürülən fikirlərə tamamilə əks olan və real vəziyyəti göstərən faktları təkzib etmək iqtidarına malik deyildir.

Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının malik olduğu mühüm məlumatlarla yanaşı, çoxsaylı müstəqil mənbələrin sənədləri və hal şahidlərinin ifadələri də Ermənistanın bu soyqırım cinayəti ilə bağlı məsuliyyətini sübut edir.

Qərb kütləvi informasiya vasitələri Xocalının günahsız sakinlərinin erməni işğalçı qüvvələri tərəfindən hədəf ayırd edilmədən öldürülməsini və digər qəddar əməlləri böyük qorxu və dəhşətlə yaymışlar (daha təfsilatlı məlumat BMT İnsan Hüquqları Komissiyasının E/CN.4/2002/151 sənədindən əldə oluna bilər).

Günahını arsızcasına etiraf edərkən Ermənistanın həmin dövrdəki müdafiə naziri, hal-hazırda isə prezidenti olan S.Sarkisyanın sözlərini Britaniya jurnalisti Tomas de Vaal belə sitat gətirmişdir: “Xocalıdan öncə Azərbaycanlılar düşünürdü ki, ermənilər dinc mülki əhaliyə qarşı əl qaldıra bilməyən millətdir. Biz isə bu stereotipi qıra bildik.” (Thomas de Waal, Black Garden: Armenia and Azerbaijan through Peace and War (New York and London, New York University Press, 2003), səh. 172)).

Markar Melkoniyan adlı müəllif öz kitabında “... bəzi Xocalı sakinlərinin təxminən 6 mil uzağa qaçmağa nail olduğunu, lakin erməni əsgərlərinin onları qətlə yetirdiyini” ifadə etmişdir. Müəllif daha sonra əsgərlərin “uzun müddət saxladıqları bıçaqlarla insanları öldürməyə başladıqlarını” qeyd etmişdir (My Brother’s Road: An American’s Fateful Journey to Armenia (London and New York, I. B. Tauris, 2005), səh. 213-214).

1992-ci il tarixində Human Rights Watch/Helsinki qeyri-hökumət təşkilatının hesabatında Xocalı hadisələrinə istinadın Ermənistan tərəfinin kobud şəkildə yanlış təfsir etməsinə cavab olaraq, sözügedən QHT-nin icraçı direktoru Ermənistan Respublikasının xarici işlər nazirinə 24 mart 1997-ci ildə məktub ünvanlamış və qeyd etmişdir ki: “Mülki şəxslərin ölümü ilə bağlı birbaşa məsuliyyət Qarabağdakı Ermənistan qüvvələrinin üzərinə düşür. Həqiqətən də nə bizim hesabat, nə də həmin xatirələr Azərbaycan qüvvələrinin uçuşa mane olması və ya azərbaycanlı mülki əhaliyə qarşı atəş açması arqumentini dəstəkləyən dəlilə malik deyildir” (sözügedən məktub http://www.hrw.org/news/1997/03/23/response-armenian-government-letter-town-khojaly-nagorno-karabakh internet səhifəsindən əldə edilə bilər).

Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan müharibənin səbəb və nəticələrinin ümumi qiymətləndirilməsi Xocalıda dinc sakinlərə qarşı qəsdən törədilmiş qırğının təsadüfi və ayrıca bir əməl olmadığını, Ermənistanın geniş yayılmış və sistemli qəddarlıq siyasətinin və təcrübəsinin bir hissəsi olduğunu aydın şəkildə sübut edir. Bu siyasətin əsasında irqi və etnik ayrı-seçkilik, düşmənçilik və nifrət dayanır. Eyni zamanda qeyd edilməlidir ki, Xocalı soyqırımı və azərbaycanlılara qarşı münaqişə zamanı törədilmiş digər cinayətlər özünü həmişə “əbədi qurban” kimi təsvir edən erməni mifini də məhv etmiş oldu. Yalan və saxtakarlıqlar üzərində qurulmuş erməni təbliğat maşınının əsl siması artıq ifşa edilmiş, Xocalı həqiqətləri barədə beynəlxalq ictimai fikir formalaşmağa başlamışdır. Bu gün Xocalı soyqırımı 14 ölkənin parlamenti, eləcə də ABŞ-ın 21 ştatı tərəfindən tanınmış və kəskin şəkildə pislənmişdir.

Son illər ərzində “Xocalıya ədalət” kampaniyasının bir hissəsi kimi müxtəlif vətəndaş cəmiyyəti qurumları, gənclər və diaspor təşkilatları faciəyə müvafiq siyasi və hüquqi qiymət verilməsinə nail olmağa çalışırlar. Xocalı soyqırımının beynəlxalq tanınması faciə qurbanlarına münasibətdə ədalətə hörmət deməkdir. Bu, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüz siyasəti çərçivəsində törədilmiş cinayətlərə münasibətdə cəzasızlığa son qoyulmasına xidmət edəcəkdir. Cəzasızlığa son qoyulması təkcə ağır cinayətlərə görə fərdi cinayət məsuliyyətinin müəyyən edilməsi məqsədilə deyil, habelə sülh, həqiqət, barışıq və qurbanların hüquqlarının təmin edilməsi baxımından da vacibdir.

Arxiv üzrə axtarış