2013-11-20

Azərbaycan BMT-nin İllik Bazarında iştirak edərək Filippindəki qasırğadan zərər çəkmiş uşaqlar üçün xeyriyyə fonduna maliyyə töhfəsi etmişdir

Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi 2013-cü ilin 19 noyabr tarixində BMT tərəfindən təşkil edilmiş “İllik Bazar”da iştirak etmişdir.

Hər il ənənəvi olaraq BMT-nin Cenevrə şəhərindəki bölməsi – Millətlər Sarayında təşkil olunan “İllik Bazar”ın keçirilməsində məqsəd, ölkələr tərəfindən onların mədəniyyəti, incəsənəti, mətbəxi və adət-ənənələrinin təbliğ edilməsindən və dünyanın müxtəlif bölgələrində yaşayan uşaqlara yardım üçün təsis olunmuş xeyriyyə fonduna töhfələrin edilməsindən ibarət olmuşdur.

Cari ildə keçirilən “İllik Bazar” “Uşaqlar naminə ittifaq” (United  for children) şüarı altında təşkil edilmişdir. Tədbirdə Cenevrədə şəhərindəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında akkreditə olunmuş Daimi Nümayəndələr, BMT-nin Cenevrə Bölməsinin Baş Direktoru  v.i.e M.Moller, Cenevrə kantonunun və şəhərinin rəhbərləri, diplomatlar, İsveçrə ictimaiyyəti, İsveçrədə akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri və digər şəxslər iştirak etmişlər.

Daimi Nümayəndəliyimizin ənənəvi olaraq iştirak etdiyi “İllik Bazar”da ölkəmizin sərgi stenddə milli mədəniyyətimizi, maddi-mənəvi irsimizi, incəsənətimizi və adət-ənənələrimizi əks etdirən əşyalar nümayiş olunmuş, eyni zamanda Azərbaycanın turizm potensialı, mədəniyyəti və incəsənətinə dair kitab, jurnallar və xəritələr, eləcə də digər vəsaitlər iştirakçılara paylanılmışdır. Sərgi stendimizdə həmçinin Azərbaycan Diplomatik Akademiyasının təhsil proqramları haqqında məlumatlar tədbir iştirakçılarına təqdim olunmuşdur. Daimi Nümayəndəlik tərəfindən təşkil edilmiş sərgi stend və nümayiş edilmiş əşyalar qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır.

Tədbirin sonunda Azərbaycan Respublikası Hökuməti adından müvafiq maliyyə töhfəsi BMT-nin aidiyyəti xeyriyyə fonduna köçürülmüşdür. Həmin maliyyə vəsaiti dünyanın müxtəlif yerlərində əlverişsiz şəraitdə olan uşaqların xeyrinə müxtəlif layihələrin həyata keçirilməsi üçün sərf olunacaqdır. Cari ilki tədbirdən əldə olunmuş maliyyə vəsaitinin müəyyən hissəsinin Filippində baş vermiş Hayan qasırğasından zərər çəkmiş uşaqlara yardım edilməsi üçün sərf olunması nəzərdə tutulmuşdur.

“İllik Bazar”dan hər il toplanan təxminən 300 min İsveçrə Frankı məbləğində vəsait dünyanın müxtəlif ölkələrində 100 minə yaxın uşağa yardım məqsədilə sərf olunur.

Növbəti “İllik Bazar”ın 2014-cü ilin noyabr ayında keçirilməsi nəzərdə tutulmuşdur.

Arxiv üzrə axtarış