Azərbaycan Respublikasının nümayəndə heyəti ÜƏMT-in 51-ci Baş Assambleyasında iştirak etmişdir
Azərbaycan Respublikasının nümayəndə heyəti 23 sentyabr - 2 oktyabr 2013-cü il tarixində Cenevrə şəhərində təşkil olunmuş Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) 51-ci Baş Assambleyasında iştirak etmişdir. Azərbaycan nümayəndə heyəti, 24 sentyabr 2013-cü il tarixində ÜƏMT-nin baş direktoru F.Qarri ilə görüş keçirmişdir. Görüş zamanı, 2013-cü ildə Azərbaycanda həm patent, həm də müəllif hüquqları ofislərinin yaradılmasının 20-ci ildönümünün qeyd olunduğu xatırladılmış və Qarri tərəfindən edilmiş video çıxış yüksək qiymətləndirilmişdir. Daha sonra qeyd edilmişdir ki, Azərbaycan Hökuməti əqli mülkiyyət sahəsinin inkişafına prioritet istiqamət kimi baxır və ölkəmiz ÜƏMT-nin bu sahədəki təşəbbüslərini və gördüyü işləri dəstəkləyir. Bildirilmişdir ki, ötən ilki Assambleyadan keçən bir il ərzində ölkəmizin müəllif-hüquq sahəsində bir sıra əhəmiyyətli hadisələr baş vermiş, o cümlədən 2012-ci ilin oktyabr ayında “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” yeni Qanun qüvvəyə minmişdir. Həmçinin Hökumətin Qərarı ilə Agentliyin tabeliyində “Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi” yaradılmışdır. Azərbaycan Rəhbərliyinin əqli mülkiyyət sahəsinə göstərdiyi böyük diqqətin daha bir bariz nümunəsi odur ki, bu sahənin inkişafı ilə bağlı məsələlər prioritet istiqamət kimi 2012-ci ilin dekabr ayında qəbul olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına daxil edilmişdir. Son illər görülən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsi olaraq, ölkəmizdə əqli mülkiyyətin iqtisadi çəkisi yüksəlmiş, piratçılığın səviyyəsi müxtəlif seqmentlər üzrə orta hesabla 9-28% aşağı düşmüşdür. Assambleya çərçivəsində ölkəmizin 2013-2015-ci illər üçün ÜƏMT-nin Proqram və Büdcə, həmçinin Əlaqələndirmə Komitələrinə namizədliyi təsdiq edilmişdir.