2013-cü ilin 20 sentyabr tarixində BMT İnsan Hüquqları Şurasının (İHŞ) 24-cü sessiyası çərçivəsində Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun Azərbaycan Respublikası üzrə hesabatının qəbul edilməsi ilə bağlı iclas keçirilmişdir.
İclas zamanı Çin, Avropa Şurası, Kuba, Cibuti, Malayziya, Mərakeş, Nigeriya, Pakistan, Filippin, Rusiya Federasiyası, Şri Lanka, YUNİSEF və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri çıxış edərək, ölkəmizin UDİ üzrə növbəti prosesinin uğurla və müvəffəqiyyətlə həyata keçirilməsi və ölkəmizin nümayəndə heyətinin konstruktiv iştirakına görə Azərbaycan tərəfini təbrik etmiş, Azərbaycan Respublikasının UDİ üzrə hesabatının İHŞ tərəfindən yekdilliklə qəbul edilməsini tövsiyə etmişlər. Tədbir çərçivəsində, həmçinin bəzi beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri də çıxış etmişlər.
Tədbirin əvvəlində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş UDİ üzrə İşçi Qrupa nümayəndə heyətinin başçısı, xarici işlər nazirinin müavini Xələf Xələfov açılış nitqi ilə çıxış etmişdir.
Çıxışda Xələf Xələfov UDİ üzrə baxışda ölkəmizə təqdim olunmuş 162 tövsiyədən 158-nin tamamilə və ya qismən qəbul edildiyini və həmin tövsiyələrin bir hissəsinin artıq həyata keçirildiyini və qalan tövsiyələrin isə həyata keçirilməkdə olduğunu bildirmişdir. Son 10 il ərzində Azərbaycanın iqtisadi göstəricilərinin artmasının davamlı və ardıcıl inkişafın göstəricisi olduğunu diqqətə çatdıran Xələf Xələfov, Azərbaycan Hökuməti tərəfindən iqtisadi-sosial, səhiyyə, təhsil, qadın hüquqlarının müdafiəsi, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər haqqında ətraflı məlumat vermişdir.
Ölkəmizin BMT-nin xüsusi mandat daşıyıcıları ilə fəal əməkdaşlığına toxunan Xələf Xələfov, Azərbaycan Respublikasının İHŞ-nin xüsusi məruzəçiləri ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd etmiş və bu xüsusda, 2013-cü ilin aprel ayında Azərbaycan Respublikası Hökumətinin xüsusi məruzəçilərə daimi dəvət göndərməsini bir daha xatırlatmışdır.
Xələf Xələfov Azərbaycan Hökumətinin 162 tövsiyədən yalnız Ermənistan tərəfindən təqdim edilmiş 4 tövsiyəni qəbul etmədiyini, həmin tövsiyələrin 1988-ci ildən bəri azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirən, 1992-ci ildə Xocalı soyqırımını törətmiş və Azərbaycan Respublikası ərazisinin 20%-ni təşkil edən Dağlıq Qarabağ və ətraf 7 rayonunu işğal edən Ermənistan Respublikasının qəsbkar siyasətini əks etdirdiyini qeyd etmişdir. Xələf Xələfov eyni zamanda Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulmasına gətirib çıxaran işğal faktının Azərbaycanın insan hüquqları sahəsində problemlərinin başlıca səbəbini təşkil etdiyini qeyd etmiş, ərazilərimizin işğalının 1 milyondan çox qaçqın və məcburi köçkün problemi ilə yanaşı, Azərbaycanda siyasi, sosial və iqtisadi problemlər yaratdığını bildirmişdir.
İclasın sonunda UDİ üzrə İşçi Qrupunun Azərbaycan Respublikasının baxışı üzrə hesabatı (A/HRC/24/13) İHŞ tərəfindən yekdilliklə qəbul olunmuşdur.