2013-05-10

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə İsveçrənin Cenevrə şəhərində rəsmi qəbul mərasimi təşkil edilmişdir.

2013-cü ilin 10 may tarixində Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə İsveçrənin Cenevrə şəhərində rəsmi qəbul mərasimi təşkil edilmişdir. Tədbirdə BMT-nin Cenevrə Bölməsinin Baş Direktoru K.Tokayev, İnsan Hüquqları Şurasının prezidenti R.Henczel, Parlamentlərarası İttifaqın Baş Katibi A.Conson, Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Katibi N.Al-Sleybi, BMT-nin Katibliyi, digər beynəlxalq təşkilatların rəhbər şəxsləri və əməkdaşları, diplomatik heyətin üzvləri, Cenevrə  Respublikasının Kantonun Şurasının yüksək vəzifəli şəxsləri, KİV nümayəndələri və eləcə də İsveçrədə təhsil alan Azərbaycanlı tələbələr və diasporamızın nümayəndələri iştirak etmişlər.

Rəsmi qəbulun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Səfir Murad Nəcəfbəyli ilk növbədə Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermiş, dahi şəxsiyyətin Respublikamızın ali rəhbəri seçilməsindən başlayaraq daha sonra Sovet İttifaqının faktiki rəhbərlərindən birinə çevrilməsini əks etdirən məqamları diqqətə çatdırmışdır. Dağlıq Qarabağda münaqişə alovlananda, bunun da nəticəsi kimi ölkədə ciddi hakimiyyət böhranı yarananda Azərbaycana qayıdan və 1993-cü ildə Azərbaycan xalqının təkidli tələb ilə yenidən Respublikaya rəhbərlik edən Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən ətraflı bəhs edən Səfir, Daimi Nümayəndə Murad Nəcəfbəyli, siyasi sistemin, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi sayəsində Azərbaycanın uğurla inkişaf etməkdə olan ölkəyə çevrildiyini qeyd etmişdir.

Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və bunun nəticəsində ərazilərinin 20%-nin işğal edilməsi və Azərbaycanın Ermənistanla müharibə vəziyyətində olmasına baxmayaraq, ölkəmizin iqtisadi, siyasi, sosial və diplomatik sahələrdə əhəmiyyətli nailiyyətlər əldə etdiyini diqqətə çatdıran M.Nəcəfbəyli, bu nailiyyətlərin birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamışdır. Hazırda cənab Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu islahatların Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi davamı olduğuna diqqəti yönəldən Daimi Nümayəndə, siyasi və iqtisadi islahatların ölkəmizdə davamlı inkişafı təmin etdiyini bildirmişdir.

Çıxışında Azərbaycan – BMT əlaqələri və bu xüsusda, ölkəmizin etibarlı tərəfdaş qismində 155 dövlətin dəstəyi sayəsində BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini bildirən M.Nəcəfbəyli, ölkəmizin BMT sistemi çərçivəsində bütün sahələrdə əməkdaşlığını həyata keçirdiyini əlavə etmişdir.

Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video film nümayiş olunmuş, dahi şəxsiyyətin müxtəlif sahələrdəki fəaliyyətinə dair kitab və məlumatlar tədbir iştirakçılarına paylanmışdır.

Arxiv üzrə axtarış