BMT-nin İqtisadi, Sosial və Mədəni hüquqlar üzrə Komitəsinin 50-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının üçüncü dövri məruzəsi nəzərdən keçirilmişdir.
2013-cü ilin 3 may tarixində BMT-nin İqtisadi, Sosial və Mədəni hüquqlar üzrə Komitəsinin 50-ci sessiyası çərçivəsində Azərbaycan Respublikası Hökumətinin İqtisadi, Sosial və Mədəni hüquqlar üzrə Beynəlxalq Paktı üzrə üçüncü dövri məruzəsi nəzərdən keçirilmişdir. Sessiyada ölkəmiz Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş və Xarici İşlər Nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.
Tədbirin əvvəlində Xarici İşlər Nazirinin müavini X.Xələfov açılış nitqi ilə üçüncü dövri hesabatımızı təqdim etmişdir. Çıxışında X.Xələfov Azərbaycan Respublikasının insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində universal beynəlxalq müqavilələrə qoşulduğunu və bu xüsusda, BMT-nin müvafiq müqavilə qurumları çərçivəsində dövri hesabatlarının vaxtında təqdim edildiyini qeyd etmişdir. Azərbaycan nümayəndə heyətinin rəhbəri ölkəmizin İHŞ-nin xüsusi məruzəçiləri ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd etmiş və bu xüsusda, Azərbaycan Respublikası Hökumətinin xüsusi məruzəçilərə daimi dəvət göndərməsi haqqında Komitəni məlumatlandırmışdır.
Ölkəmizdə iqtisadi, sosial və mədəni hüquqların təminatı və həyata keçirilməsi haqqında Komitə üzvlərini ətraflı məlumatlandıran X.Xələfov, bu xüsusda, Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi və onun həyata keçirilməsini, 2009-2013-cü illər üçün regionların iqtisadi və sosial inkişafı üzrə Dövlət Proqramını, Təhsil haqqında Qanunun qəbulunu, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması sahəsində atılan addımları qeyd etmişdir. Çıxış zamanı Azərbaycan rəsmisi həmçinin, səhiyyə sahəsində həyata keçirilmiş tədbirlər, o cümlədən əhalinin səhiyyə xidmətləri ilə təminatı, səhiyyə ocaqlarının yenidən qurulması, bərpası və müasir texnologiyalar ilə təchiz edilməsi və mədəniyyət sahəsində, kinematoqrafiya, kitabxanaların, muzeylərin inkişafı haqqında dövlət proqramlarının qəbulu barədə də məlumat vermişdir.
Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandıran X.Xələfov, ərazilərimizin 20%-nin Ermənistanın işğalı altında olmasını və işğalın nəticələrini insan hüquqlarının təşviqi və müdafiəsi istiqamətində başlıca maneə qismində dəyərləndirmişdir. X.Xələfov Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 1 milyona yaxın Azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü əlavə etmişdir.
Sessiya çərçivəsində Komitə üzvləri nümayəndə heyətimizin yüksək səviyyədə təmsil olunması, nümayəndə heyətinin açılış nitqini və hesabatımızda iqtisadi, sosial və mədəni hüquqların həyata keçirilməsi sahəsində görülmüş tədbirlərin ətraflı şəkildə əks etdirilməsini yüksək qiymətləndirmiş və sözügedən məsələləri Hökumətimizin iqtisadi, sosial və mədəni hüquqların təminatı sahəsindəki səylərinin bariz nümunəsi qismində səciyyələndirmişlər.
Sessiya çərçivəsində ölkəmizdə iqtisadi, sosial və mədəni hüquqların təmin olunması ilə əlaqədar Komitə üzvləri tərəfindən nümayəndə heyətinə ünvanlanmış suallar aidiyyəti üzrə və dolğun şəkildə cavablandırılmış, tədbir interaktiv dialoq formasında keçirilmişdir.
Azərbaycan Respublikasının məruzəsi və interaktiv dialoqun gedişi Komitə üzvləri tərəfindən yüksək qiymətləndirilmişdir. İqtisadi, Sosial və Mədəni hüquqlar üzrə Beynəlxalq Paktın yerinə yetirilməsi ilə bağlı Azərbaycan Respublikasının səylərinin təqdirəlayiq olduğu qeyd edilmişdir.