2013-05-04

2013-cü ilin 2 may tarixində BMT İHŞ-nin UDİ üzrə İşçi Qrupunun 16-cı sessiyası çərçivəsində ölkəmiz üzrə baxışın hesabatı qəbul edilmişdir. 04 may 2013

2013-cü ilin 30 aprel tarixində BMT İnsan Hüquqları Şurasının (İHŞ) Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun 16-cı sessiyası çərçivəsində Azərbaycanda insan hüquqlarının vəziyyəti üzrə interaktiv dialoq keçirilmişdir. Sessiya çərçivəsində milli hesabatımız üzrə  ümumilikdə 77 dövlət interaktiv dialoqda çıxış etmiş, sual və tövsiyələrini səsləndirilmişlər. İnteraktiv dialoq çərçivəsində nümayəndə heyətləri tərəfindən Azərbaycan Respublikası Hökumətinin insan hüquq və əsas azadlıqlarının təşviqi və müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər, bu sahədə əldə edilən irəliləyişlər, həmçinin mövcud çətinliklər qeyd edilmişdir.

Tədbirin əvvəlində  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş UDİ üzrə İşçi Qrupa nümayəndə heyətinin başçısı, Xarici İşlər Nazirinin müavini Xələf Xələfov açılış nitqi ilə milli hesabatı təqdim etmişdir.

Çıxışda X.Xələfov Azərbaycan Respublikasının insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində universal beynəlxalq müqavilələrə qoşulduğunu və bu xüsusda, BMT-nin müvafiq müqavilə qurumları çərçivəsində dövri hesabatlarının vaxtında təqdim edildiyini qeyd etmişdir. Azərbaycan nümayəndə heyətinin rəhbəri ölkəmizin İHŞ-nin xüsusi məruzəçiləri ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd etmiş və bu xüsusda, Azərbaycan Respublikası Hökumətinin xüsusi məruzəçilərə daimi dəvət göndərməsi haqqında İşçi Qrupunu məlumatlandırmışdır.

X.Xələfov UDİ mexanizminin beynəlxalq səviyyədə insan hüquqları və əsas azadlıqlarının təşviqi və müdafiəsinə böyük töhfə verdiyini və Azərbaycan Hökumətinin İHŞ və onun mexanizmləri ilə əməkdaşlığa açıq və maraqlı olduğunu qeyd etmişdir.

X.Xələfov həmçinin UDİ üzrə İşçi Qrupa nümayəndə heyətinin yüksək səviyyəli olması haqqında məlumat vermiş və milli hesabatımızın tərtib olunması haqqında məlumat vermişdir. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandıran X.Xələfov, ərazilərimizin 20%-nin Ermənistanın işğalı altında olmasını bununla əlaqədar insan hüquqlarının təmin olunması istiqamətində başlıca maneə qismində dəyərləndirmişdir. X.Xələfov Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 1 milyona yaxın Azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü əlavə etmişdir.

Xarici İşlər Nazirinin müavini Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması  üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi və onun həyata keçirilməsi, korrupsiyaya qarşı mübarizə, ASAN xidmətinin yaradılması, ölkəmizin dinlər və sivilizasiyalar arası dialoqa töhfə verməsi haqqında ətraflı məlumat vermişdir.

İclas zamanı çıxış edən ölkələr Azərbaycan Hökuməti tərəfindən insan hüquqları sahəsində həyata keçirilən tədbirləri və pozitiv dəyişiklikləri, o cümlədən ölkəmizin insan hüquqları üzrə beynəlxalq sənədlərə qoşulmasını, İHŞ və onun mexanimzləri ilə sıx əməkdaşlıq etməsi və ümumilikdə Azərbaycan Hökumətinin insan hüquqlarının təşviqi və müdafiəsinə davamlı olaraq diqqət yetirməsini alqışlamışlar. Eyni zamanda dövlətlər ölkədə yoxsulluğun aradan qaldırılması və davamlı inkişaf sahəsində görülən tədbirləri, qanunvericilik və məhkəmə sistemində həyata keçirilən islahatlar, korrupsiya ilə mübarizə sahəsində görülən tədbirlər, təhsil, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına qarşı mübarizə, gender bərabərliyi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, qadınların siyasi və ictimai həyatda rolunun artırılması sahəsində atılan addımlar, birinci UDİ baxışında Azərbaycan tərəfindən qəbul edilmiş tövsiyələrin həyata keçirilməsi, milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində görülən tədbirlər, institutsional və qanunvericilik çərçivənin genişləndirilməsi kimi müsbət məqamları qeyd etmişlər. Baxış zamanı dialoqa qatılan ölkələrin böyük əksəriyyəti Azərbaycanda insan hüquqları və əsas azadlıqlarının təmin edilməsi sahəsində göstərilmiş səyləri müsbət qiymətləndirmişlər. İşçi Qrupun hesabatının qəbul edilməsi ilə əlaqədar Azərbaycana insan hüquqlarının daha da inkişafı və möhkəmləndirilməsi məqsədilə çoxsaylı tövsiyələr təqdim edilmişdir.

Sessiya çərçivəsində Ermənistan nümayəndəsi Azərbaycan nümayəndə heyətinin rəhbərinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ədalətli mövqeyimizin səsləndirilməsinə maneə törətmək istəməsinə baxmayaraq, İHŞ prezidenti Ermənistan tərəfini belə addımlar atmaqdan çəkinməyə çağırmışdır. Bu xüsusda, X.Xələfov ölkəmizdə insan hüquqlarının və əsas azadlıqlarının təşviqi və müdafiəsi sahəsində əsas çətinliklərin birbaşa olaraq Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və bunun nəticəsində torpaqlarımızın 20%-nin Ermənistanın hərbi qüvvələrinin işğalı altında olması ilə əlaqəli olduğunu bir daha nəzərə çatdırmış, Ermənistanın bu davranışını məqsədyönlü şəkildə Azərbaycanın Universal Dövri İcmal baxışının gedişatının pozulmasına cəhd kimi qiymətləndirmişdir.

Tədbir çərçivəsində yekun nitqində gənc demokratiya olan Azərbaycanı islahatların aparılmaqda olduğu açıq cəmiyyət qismində səciyyələndirən nümayəndə heyətinin başçısı X.Xələfov, Azərbaycanın İHŞ-də fəal rol oynadığını və beynəlxalq ictimaiyyət ilə dialoqa hazır olduğunu bildirmişdir. Xarici İşlər Nazirinin müavini müzakirələr zamanı Ermənistan tərəfindən səsləndirilən əsassız qeydlərə münasibət bildirərək, həmin dövlətin nümayəndəsinin bütün etik normalardan kənara çıxdığını və sadəcə olaraq ölkəmizin beynəlxalq nüfuzunu zədələməyə növbəti uğursuz cəhd etdiyini vurğulamışdır. Beynəlxalq hüquq çərçivəsində xalqların öz müqəddəratını təyin etmə prinsipinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan erməni azlığa ayrıca dövlət yaratmaq hüququ vermədiyinə diqqəti yönəldən X.Xələfov, Ermənistan tərəfindən sözügedən prinsipin ölkəmizə hərbi təcavüzünün nəticələri və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonunun işğalı nəticəsində yaranmış qəbuledilməz acınacaqlı vəziyyətin beynəlxalq ictimaiyyətdən gizlədilməsi və pərdələnməsi məqsədilə bəhanə qismində sui-istifadə edildiyini və belə destruktiv mövqeyin Ermənistana heç zaman uğur gətirməyəcəyini qeyd etmişdir. Ölkəmizin öz torpaqlarını Ermənistanın işğalçı hərbi qüvvələrindən azad edəcəyini və öz yurd-yuvalarından zorla qovulmuş Azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıdacağını vurğulayan X.Xələfov, bu dövlətin yalnız Azərbaycana münasibətdə deyil, digər qonşu dövlətlərə qarşı da ərazi iddiaları sürdüyünü və buna görə regionda təcrid olunmuş vəziyyətə düşdüyünü bildirmişdir. Azərbaycanda olduğu kimi dünyanın heç bir ölkəsində hər 9 nəfərdən birinin qaçqın və ya məcburi köçkün olmadığını diqqətə çatdıran Azərbaycan rəsmisi, bu xüsusda, beynəlxalq ictimaiyyətə bir daha müraciət edərək, bu məsələdə Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsinin vacibliyini vurğulamışdır.

2013-cü ilin 2 may tarixində  BMT İHŞ-nin UDİ üzrə İşçi Qrupunun 16-cı sessiyası çərçivəsində İşçi Qrupun Peru, Liviya və Maldivdən ibarət məruzəçiləri tərəfindən ölkəmiz üzrə keçirilmiş baxışın hesabatı təqdim edilmiş və İşçi Qrup tərəfindən qəbul edilmişdir (A/HRC/WG.6/16/L.11 saylı, 2 may 2013-cü il tarixli sənəd). İclas zamanı yekun nitqində X.Xələfov baxış çərçivəsində ölkəmizə ünvanlanmış tövsiyələrə münasibət, eləcə də interaktiv dialoq çərçivəsində qaldırılmış məsələlər üzrə məlumatın tərəfimizdən  İHŞ-nin 24-cü sessiyasına qədər təqdim ediləcəyini bildirmişdir.

Arxiv üzrə axtarış