2013-cü ilin 30 aprel tarixində BMT İnsan Hüquqları Şurasının Universal Dövri İcmal üzrə İşçi Qrupunun 16-cı sessiyası çərçivəsində Azərbaycanda insan hüquqlarının vəziyyəti üzrə interaktiv dialoq keçirilmişdir.
2013-cü ilin 30 aprel tarixində BMT İnsan Hüquqları Şurasının (İHŞ) Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun 16-cı sessiyası çərçivəsində Azərbaycanda insan hüquqlarının vəziyyəti üzrə interaktiv dialoq keçirilmişdir. Müzakirələr çərçivəsində ölkəmizin İşçi Qrupa təqdim etdiyi ikinci dövri hesabatı nəzərdən keçirilmiş, BMT-yə üzv dövlətlərin təklif və tövsiyələri səsləndirilmişdir.
Tədbirin əvvəlində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş UDİ üzrə İşçi Qrupa nümayəndə heyətinin başçısı, Xarici İşlər Nazirinin müavini Xələf Xələfov açılış nitqi ilə milli hesabatı təqdim etmişdir.
Çıxışda X.Xələfov Azərbaycan Respublikasının insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində universal beynəlxalq müqavilələrə qoşulduğunu və bu xüsusda, BMT-nin müvafiq müqavilə qurumları çərçivəsində dövri hesabatlarının vaxtında təqdim edildiyini qeyd etmişdir. Azərbaycan nümayəndə heyətinin rəhbəri ölkəmizin İHŞ-nin xüsusi məruzəçiləri ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd etmiş və bu xüsusda, Azərbaycan Respublikası Hökumətinin xüsusi məruzəçilərə daimi dəvət göndərməsi haqqında İşçi Qrupunu məlumatlandırmışdır.
X.Xələfov həmçinin UDİ üzrə İşçi Qrupa nümayəndə heyətinin yüksək səviyyəli olması haqqında məlumat vermiş və milli hesabatımızın tərtib olunması haqqında məlumat vermişdir. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandıran X.Xələfov, ərazilərimizin 20%-nin Ermənistanın işğalı altında olmasını bununla əlaqədar insan hüquqlarının təmin olunması istiqamətində başlıca maneə qismində dəyərləndirmişdir. X.Xələfov Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 1 milyona yaxın Azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü əlavə etmişdir.
Xarici İşlər Nazirinin müavini Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi və onun həyata keçirilməsi, korrupsiyaya qarşı mübarizə, ASAN xidmətinin yaradılması, ölkəmizin dinlər və sivilizasiyalar arası dialoqa töhfə verməsi haqqında ətraflı məlumat vermişdir.
İclas zamanı çıxış edən ölkələr Azərbaycan Hökuməti tərəfindən insan hüquqları sahəsində həyata keçirilən tədbirləri və pozitiv dəyişiklikləri, o cümlədən ölkəmizin insan hüquqları üzrə beynəlxalq sənədlərə qoşulmasını, İHŞ və onun mexanimzləri ilə sıx əməkdaşlıq etməsi və ümumilikdə Azərbaycan Hökumətinin insan hüquqlarının təşviqi və müdafiəsinə davamlı olaraq diqqət yetirməsini alqışlamışlar. Daha sonra nümayəndə heyəti ölkələr tərəfindən qaldırılmış məsələlərə münasibət bildirərək, məhkəmə sistemində aparılan islahatlar, mətbuat, ifadə və yığıncaq azadlığının ölkəmizdə tam şəkildə həyata keçirilməsi, uşaq və qadın hüquqlarının təminatı və ölkəmizin tərəfi olduğu insan hüquqları sahəsində beynəlxalq sənədlərin həyata keçirilməsinin vəziyyəti haqqında tədbir iştirakçılarını məlumatlandırmışlar.
Sessiya çərçivəsində Ermənistan nümayəndəsi Azərbaycan nümayəndə heyətinin rəhbərinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ədalətli mövqeyimizin səsləndirilməsinə maneə törətmək istəməsinə baxmayaraq, İHŞ prezidenti Ermənistan tərəfini belə addımlar atmaqdan çəkinməyə çağırmışdır.
Tədbir çərçivəsində yekun nitqində gənc demokratiya olan Azərbaycanı islahatların aparılmaqda olduğu açıq cəmiyyət qismində səciyyələndirən nümayəndə heyətinin başçısı X.Xələfov, Azərbaycanın İHŞ-də fəal rol oynadığını və beynəlxalq ictimaiyyət ilə dialoqa hazır olduğunu bildirmişdir. Xarici İşlər Nazirinin müavini müzakirələr zamanı Ermənistan tərəfindən səsləndirilən əsassız qeydlərə münasibət bildirərək, həmin dövlətin nümayəndəsinin bütün etik normalardan kənara çıxdığını və sadəcə olaraq ölkəmizin beynəlxalq nüfuzunu zədələməyə növbəti uğursuz cəhd etdiyini vurğulamışdır. Beynəlxalq hüquq çərçivəsində xalqların öz müqəddəratını təyin etmə prinsipinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan erməni azlığa ayrıca dövlət yaratmaq hüququ vermədiyinə diqqəti yönəldən X.Xələfov, Ermənistan tərəfindən sözügedən prinsipin ölkəmizə hərbi təcavüzünün nəticələri və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonunun işğalı nəticəsində yaranmış qəbuledilməz acınacaqlı vəziyyətin beynəlxalq ictimaiyyətdən gizlədilməsi və pərdələnməsi məqsədilə bəhanə qismində sui-istifadə edildiyini və belə destruktiv mövqeyin Ermənistana heç zaman uğur gətirməyəcəyini qeyd etmişdir. Ölkəmizin öz torpaqlarını Ermənistanın işğalçı hərbi qüvvələrindən azad edəcəyini və öz yurd-yuvalarından zorla qovulmuş Azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıdacağını vurğulayan X.Xələfov, bu dövlətin yalnız Azərbaycana münasibətdə deyil, digər qonşu dövlətlərə qarşı da ərazi iddiaları sürdüyünü və buna görə regionda təcrid olunmuş vəziyyətə düşdüyünü bildirmişdir. Azərbaycanda olduğu kimi dünyanın heç bir ölkəsində hər 9 nəfərdən birinin qaçqın və ya məcburi köçkün olmadığını diqqətə çatdıran Azərbaycan rəsmisi, bu xüsusda, beynəlxalq ictimaiyyətə bir daha müraciət edərək, bu məsələdə Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsinin vacibliyini vurğulamışdır.