Daimi Nümayəndəlik tərəfindən BMT-nin Cenevrə bölməsində “Beynəlxalq Novruz Günü” tədbiri və Azərbaycan Mədəniyyət Gecəsi təşkil edilmişdir
27 mart 2013-cü il tarixində BMT-nin Cenevrə şəhərindəki bölməsinin Baş Qərargahında Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Türkiyə Daimi Nümayəndəliklərinin təşkilatçılığı ilə “Beynəlxalq Novruz Günü” adlı tədbir keçirilmişdir.
Azərbaycan Respublikasının təşəbbüsü ilə irəli sürülmüş və BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş “Beynəlxalq Novruz Günü” adlı Qətnaməyə müvafiq olaraq, “Beynəlxalq Novruz Günü” tədbiri BMT-nin Cenevrə şəhərindəki Baş Qərargahında – Millətlər Sarayında hər il ənənəvi olaraq, BMT-nin Cenevrə bölməsi ilə birlikdə təşkil olunur. 2013-cü ildə Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi tədbirin keçirilməsində əsas təşkilatçı qismində çıxış etmişdir.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini xanım S.Məmmədəliyeva və BMT-nin Cenevrə bölməsinin rəhbəri K.Tokayev çıxış edərək, Novruz bayramının adət və ənənələrinin dünya mədəni irsinin mühüm tərkib hissəsi olduğunu, dünya mədəniyyəti və incəsənətinə xüsusi töhfə verdiyini qeyd etmiş və tədbirin təşkilində iştirak etmiş 9 ölkənin Daimi Nümayəndəliklərinin bu addımını mədəni əməkdaşlığın nümunəsi qismində səciyyələndirmişlər. Tədbirdə, həmçinin, BMT-nin Cenevrə Bölməsinin Kitabxanasının Rəhbəri və Mədəniyyət Komitəsinin Sədri D.Çikvaidze, BMT Katibliyi, beynəlxalq təşkilatların əməkdaşları, diplomatik korpusun üzvləri, Cenevrə şəhərinin rəsmiləri, KİV nümayəndələri və diasporamızın nümayəndələri iştirak etmişlər.
“Beynəlxalq Novruz Günü” tədbiri çərçivəsində Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti və incəsənətinə dair foto və video sərgi, milli yeməklərdən ibarət xüsusi guşə təşkil edilmiş, “Bakı” və “İrs” jurnallarının nüsxələri və digər materiallar təqdim edilmiş, həmçinin Azərbaycandan dəvət edilmiş milli musiqi instrumental ansamblının ifasında Azərbaycan xalq mahnıları və muğam sədaları səsləndirilmişdir. Tədbir iştirakçıları Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi tərəfindən xonçalarda təqdim edilmiş şirniyyat və milli mətbəx nümunələri - Novruz bayramında süfrələrin bəzəyi olan paxlava, şəkərbura və ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı müxtəlif materiallardan ibarət sərgiyə xüsusi maraq nümayiş etdirmişlər. Qonaqlar ölkəmizdə Novruz bayramının qeyd edilməsinin özəllikləri ilə maraqlanmış, tariximizin, mədəniyyətimizin, mətbəximizin və incəsənətimizin zənginliyinə, habelə xalqımızın qonaqpərvərliyinə olan heyranlıqlarını ifadə etmişlər.
Elə həmin gün BMT-nin Cenevrə bölməsinin Baş Qərargahında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi tərəfindən Azərbaycan Mədəniyyət Gecəsi adlı tədbir təşkil olunmuşdur. Mədəniyyət Gecəsinin açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini S.Məmmədəliyeva və BMT-nin Cenevrə bölməsinin rəhbəri K.Tokayev çıxış etmişlər. Natiqlər çıxışlarında Azərbaycan mədəniyyətinin dünya mədəni irsinə verdiyi töhfələrdən bəhs etmiş və bu xüsusda, təşkil edilmiş bu mədəniyyət gecəsinin BMT-nin Cenevrə bölməsində mövcud olan mədəni müxtəliflik və zənginlik ruhuna əlavə dəyər qatdığını bildirmişlər. K.Tokayev, öz çıxışında, həmçinin, “Beynəlxalq Novruz Günü” və Azərbaycan Mədəniyyət Gecəsinin təşkilinə görə Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinə və bilavasitə Səfir, Daimi Nümayəndə M.Nəcəfbəyliyə öz dərin minnətdarlığını ifadə etmişdir.
Azərbaycan Mədəniyyət Gecəsi çərçivəsində ölkəmizin istedadlı musiqiçilərinin ifasında Azərbaycan muğamından parçalar, milli musiqi əsərləri və xalq mahnılarından ibarət möhtəşəm konsert proqramı keçirilmişdir. Tədbirin sonunda Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi tərəfindən rəsmi ziyafət təşkil edilmişdir .