2013-03-19

Daimi Nümayəndə, Səfir Murad Nəcəfbəylinin məktubu BMT-nin İnsan Hüquqları Şurasının 22-ci sessiyasının rəsmi sənədi kimi yayılmışdır

Erməni mənşəli Suriyalı qaçqınların ölkəmizin Ermənistanın işğalı altında olan torpaqlarına köçürülməsinin qəbuledilməzliyi Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Səfir Murad Nəcəfbəyli tərəfindən BMT-nin İnsan Hüquqları Şurasında qaldırılmışdır.

2013-cü ilin mart ayında Daimi Nümayəndəmiz, Səfir Murad Nəcəfbəyli erməni mənşəli Suriyalı qaçqınların ölkəmizin Ermənistanın işğalı altında olan torpaqlarına köçürülməsi ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasının prezidentinə məktub ünvanlamışdır.

Məktubda Suriyada davam etməkdə olan böhran ilə əlaqədar həmin ölkədən çıxan erməni mənşəli qaçqınların Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş torpaqlarında məskunlaşdırılmasına dair mətbuat və qeyri-hökumət təşkilatları tərəfindən yayılmış məlumatlara istinad olunmuş, beynəlxalq hüquq, xüsusilə IV Cenevrə Konvensiyası ilə ziddiyyət təşkil edən belə addımların arxasında Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün qəbuledilməz nəticələrinin möhkəmləndirilməsinə xidmət etməsi kimi siyasi məqsədlərin dayandığı bildirilmişdir.

Məktubda, eyni zamanda, ATƏT tərəfindən ölkəmizin işğal olunmuş ərazilərində həyata keçirilmiş fakt-araşdırıcı missiyaların müxtəlif ölkələrdən ermənilərin həmin ərazilərdə yerləşdirilməsini təsdiqlədiklərinə və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu halı pislədiklərinə baxmayaraq, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq bu siyasəti hələ də davam etdirməsi faktı qeyd edilmişdir.

Müraciətdə həmçinin BMT-yə üzv dövlətlər, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Qaçqınlar üzrə Ali Komissarlıq və İnsan Hüquqları Şurasının xüsusi mandat daşıyıcıları Azərbaycanın işğal edilmiş ərazilərində davam etməkdə olan qeyri-qanuni məskunlaşmaya yaxından diqqət yetirməyə və müvafiq qətiyyətli tədbirlərin həyata keçirilməsinə çağrılmışlar.

Daimi Nümayəndəmizin məktubu BMT-nin İnsan Hüquqları Şurasının 22-ci sessiyasının rəsmi sənədi(A/HRC/22/G/12) qismində yayılmışdır. 

Arxiv üzrə axtarış