Azərbaycan Respublikası Nəqliyyat Nazirinin müavini cənab Musa Pənahov BMT-nin Avropa İqtisadi Komissiyasının iclasında iştirak etmişdir
26 fevral 2013-cü il tarixində BMT-nin Avropa İqtisadi Komissiyasının Daxili Nəqliyyat Komitəsinin 75 illik yubileyi çərçivəsində keçirilmiş Avro-Asiya nəqliyyat əlaqələri (EATL) üzrə Nəqliyyat Nazirlərinin 2-ci görüşündə Azərbaycan Respublikası Nəqliyyat Nazirinin müavini cənab Musa Pənahov iştirak etmişdir.
Görüş zamanı, BMT-nin Avropa İqtisadi Komissiyası və Asiya və Sakit Okean regionu üzrə İqtisadi və Sosial Komissiyası tərəfindən birgə hazırlanmış Avro-Asiya nəqliyyat əlaqələri (EATL) layihəsinin gələcək perspektivləri barədə fikir mübadiləsi aparılmış, habelə layihənin II fazasının nəticələri təsdiqlənmiş və III fazasının (2013-2017) davam etdirilməsi barədə ümumi razılıq əldə olunmuşdur.
Nazirlər görüşündə, həmçinin, dəmiryolları üçün vahid hüquqi rejimi nəzərdə tutan unifikasiya edilmiş dəmiryolu qanunu ilə bağlı son yeniliklər nəzərdən keçirilmiş və bununla əlaqədar, mövcud səylərin ümumiləşdirilməsi və təşviq edilməsi barədə razılıq əldə edilmişdir.
Görüşün sonunda “Avro-Asiya nəqliyyat əlaqələrinin gələcək inkişafı üçün Birgə Bəyanat” 32 ölkə və “Avro-Asiya dəmiryolu nəqliyyatının təşviqi və unifikasiya edilmiş dəmiryolu qanunu üçün fəaliyyət üzrə Birgə Bəyannamə” 37 ölkə tərəfindən imzalanmışdır. Hər 2 sənəd Azərbaycan Respublikası adından müvafiq bəyanatlarla imzalanmışdır.
Görüşdən sonra “Transport in motion” adlı foto sərgi müsabiqəsi keçirilmişdir. Müsabiqədə 22 ölkə və bir sıra beynəlxalq təşkilatlar tərəfindən nəqliyyatla əlaqədar təqdim edilmiş 300-dən çox şəkil nümayiş etdirilmişdir. Foto müsabiqədə “İnsan üzü” kateqoriyasında ölkəmiz qalib olmuşdur. Qələbə münasibətilə BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi S.Alkalac tərəfindən Azərbaycan Respublikasının Nəqliyyat Nazirinin müavini M.Pənahova müvafiq təsdiqnamə təqdim edilmişdir.