Xarici İşlər Nazirinin müavini Xələf Xələfov Yüksək Səviyyəli Seqmentdə iştirak etmişdir
Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Xələf Xələfov 2013-cü ilin 25-28 fevral tarixlərində keçirilən BMT İnsan Hüquqları Şurasının 22-ci sessiyasının Yüksək Səviyyəli Seqmentində iştirak etmişdir. X.Xələfov 2013-cü ilin 25 fevral tarixində - Yüksək Səviyyəli Seqmentin ilk günündə çıxış etmişdir.
Çıxışında X.Xələfov Azərbaycan Respublikası ilə İnsan Hüquqları Şurası arasında mövcud əməkdaşlıq əlaqələri haqqında danışmış və İnsan Hüquqlar Şurasının Universal Dövri İcmal mexanizmi çərçivəsində Azərbaycan Respublikası Hökumətinin ikinci dövri mili hesabatına 2013-cü ilin 30 aprel tarixində baxılacağını bildirmişdir. Azərbaycan rəsmisi çıxışında həmçinin, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, işğal faktı və onun ağır nəticələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Bu günlərdə Azərbaycan xalqının dərin kədər və hüzn ilə Xocalı soyqırımının 21-ci ildönümünü qeyd etdiyini nəzərə çatdıran X.Xələfov, müxtəlif ölkələrdən tədbirdə iştirak edən yüksək vəzifəli şəxslərə Xocalı soyqırımının mahiyyətindən, azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi qırğının bir sıra ölkələrin parlamentləri tərəfindən tanınmasından bəhs etmiş və beynəlxalq tanınmanın ədalətə xidmət edəcəyini vurğulamışdır. Bu xüsusda, Xarici İşlər Nazirinin müavini X.Xələfov İnsan Hüquqları Şurasını Xocalı soyqırımı üzrə faktların baxılması və qiymətləndirilməsi məqsədilə Xüsusi Komissiya yaratmağa çağırmışdır.
Eyni zamanda səfər çərçivəsində X.Xələfov 2013-cü ilin 25 fevral tarixində Vyetnam Sosialist Respublikasının Xarici İşlər Naziri Fam Bin Min və Özbəkistan Respublikası Milli İnsan Hüquqları Mərkəzinin sədri Akmal Saidov ilə ikitərəfli görüşlər keçirmişdir. Görüşlərdə ölkələrimiz arasında münasibətlərin mövcud durumu və əməkdaşlığın gələcək perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.