2012-10-06

Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 63-cü sessiyası keçirilmişdir

2012-ci ilin 1-5 oktyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) İcraiyyə Komitəsinin Cenevrədə keçirilən 63-cü sessiyası öz işini başa çatdırmışdır.

87 üzv dövlətin təmsil olunduğu sessiyada Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri, Baş nazirin müavini Əli Həsənov, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqov, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sədri Ayaz Orucov və digər şəxslər iştirak etmişlər.

BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş sessiyanı açaraq gündəlikdəki məsələlərdən danışmış, ötən sessiyadan sonra görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişdir. Ümumi müzakirələrdən əvvəl BMT-nin Dünya Ərzaq Proqramının icraçı direktoru xanım Ertarin Kuzinin çıxışı dinlənilmişdir. Sonra üzv dövlətləri təmsil edən nümayəndə heyətlərinin rəhbərləri çıxış etmişlər.

Sessiyada bir sıra ölkələrin (Kanada, Türkiyə, Əlcəzair, Sudan, Cibuti, Portuqaliya, Pakistan, Moldova, Kosta-Rika, Efiopiya, Tanzaniya və s.) təmsilçiləri çıxışlarında Azərbaycanı BMT QAK-ın İcraiyyə Komitəsinin üzvləri sırasında görməkdən məmnun olduqlarını bildirmiş və bu münasibətlə ölkəmizin nümayəndə heyətini təbrik etmişlər.

Tədbirdə Baş nazirin müavini Əli Həsənov çıxış edərək Ermənistanın yürütdüyü işğalçılıq və etnik təmizləmə siyasətinin nəticəsi olaraq ərazilərimizin 20 faizinin işğalı, 1 milyon qaçqın və məcburi köçkün problemi, Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyətləri nəticəsində ölkəmizdə bərqərar olmuş siyasi sabitlik, uğurlu iqtisadi islahatların qaçqın və məcburi köçkünlərin də həyat şəraitinin yaxşılaşdırılmasına əlverişli imkan yaratması, bu qəbildən olan insanlar üçün dövlətimiz tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlər, mövcud ehtiyaclar barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. Ə.Həsənov həmçinin mövcud qanunvericiliyin ən yüksək beynəlxalq standartlara cavab verəcək şəkildə harmonizasiyası üçün qətiyyətlə çalışıldığını, bu baxımdan yeni miqrasiya məcəlləsi  üzərində yekun işlərin aparıldığını nəzərə çatdırmışdır.

Müzakirələrə yekun vuran və çıxışlarda qaldırılan məsələlərə öz münasibətini bildirən ali komissar Antonio Quterreş Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işləri yüksək qiymətləndirmişdir. 

BMT QAK İcraiyyə Komitəsinin 63-cü sessiyası çərçivəsində təşkilatın büdcəsi, idarəçilik, maliyyə və inzibati nəzarət ilə bağlı müvafiq qərarlar, həmçinin İcraiyyə Komitəsinin 2012-2013-cü illər üçün dəyişikliklər edilmiş büdcəsi qəbul olunmuşdur. Tədbir rəsmi olaraq İcraiyyə Komitəsinin 63-cü sessiyasının hesabatının qəbul edilməsi ilə başa çatmışdır.

Oktyabrın 5-də BMT QAK-ın İcraiyyə Komitəsinin növbəti il üçün sədr və məruzəçisi müəyyənləşmişdir. BMT QAK İcraiyyə Komitəsinin növbəti dövr üçün sədri Kolumbiya, məruzəçisi isə Mərakeş seçilmişdir.

Cenevrəyə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri, Baş nazirin müavini Əli Həsənov və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev  BMT-nin qaçqınlar üzrə Ali komissarı Antonio Quterreşlə görüşmüşlər.

Ali komissar 2006 və 2011-ci illərdə Azərbaycanda səfərdə olduğunu, Prezident cənab İlham Əliyev ilə görüşünü məmnunluqla xatırlayaraq, yüksək qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir.

Sonra ali komissar BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü seçilməsi münasibətilə Azərbaycanı bir daha təbrik etmiş, bu üzvlüyün Azərbaycana öz təcrübəsi ilə qlobal qaçqın ehtiyacları barədə məlumatlılığın artırılması istiqamətində konstruktiv töhfələr verməyə, dünyada olan qaçqın və məcburi köçkün problemlərinin aradan qaldırılması barədə qərarların qəbul edilməsində daha fəal iştirak etməsinə şərait yaradacağını vurğulamış və Komitənin 63-cü sessiyasında yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunduğu üçün Azərbaycan hökumətinə səmimi təşəkkürünü bildirmişdir.

Baş nazirin müavini Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını ali komissara çatdırmaqdan şərəf duyduğunu bildirmiş, 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərən BMT QAK-la ölkəmiz arasında səmərəli əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır.

Baş nazirin müavini BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü seçilməsi münasibətilə Azərbaycan hökumətinə göndərdiyi təbrik məktubuna və həmin məktubda İcraiyyə Komitəsinin növbəti plenar iclasında Azərbaycanı yeni üzv kimi salamlamağı böyük səbirsizliklə gözlədiyini qeyd etdiyinə görə ali komissara səmimi minnətdarlığını bildirmişdir.

Əli Həsənov 2013-cü ildə BMT QAK-la birlikdə Bakıda qaçqınlar, məcburi köçkünlər, “qaçqın” statusu almaq niyyətində olan şəxslər və miqrasiya məsələlərinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsini təklif etmişdir.

Görüşün sonunda Quterreşə ingilis dilində xüsusi hazırlanmış “Vətən həsrəti... sönməyən ümidlər” sənədli filmi, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti dövründə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması və məşğulluqlarının artırılması ilə bağlı həyata keçirilmiş tədbirlərə həsr olunmuş məlumat kitabçaları təqdim olunmuşdur.

Arxiv üzrə axtarış