Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ermənistan Respublikası tərəfindən işğalının 22-ci ildönümü
Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edilməsindən 22 il ötür.
Əsrarəngiz təbiəti, zəngin meşələri, 4 mindən artıq bitki növü (200-ü dərman bitkisi) və 30 mindən artıq bulaqları ilə Kəlbəcəri Azərbaycanın cənnəti adlandırmaq olar. Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Mozçay, Bağırsaq, Qotursu kimi çox böyük müalicəvi əhəmiyyətə malik mineral su yataqları Kəlbəcərə xüsusi şöhrət qazandırmışdır. Təbiətin Kəlbəcərə bəxş etdiyi min bir nemətdən biri də müalicəvi əhəmiyyətə malik olan İstisu mineral yatağıdır. Suyun temperaturu 58,8 °C olan İstisuda 1 litr suyun tərkibi ümumilikdə 6,7 qrama çatan litium, brom, yod, mərgümüş, fosfor, sink, med, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. İstisu mineral bulaq suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur. Statistik məlumatlara əsasən İstisu mənbələrindən hər il 3 milyard 963 milyon litr su çıxır.
Azərbaycan Respublikasının bir sıra digər əraziləri kimi Kəlbəcər rayonu da Ermənistan Respublikasının məkrli, işğal və etnik təmizləmə siyasətindən əziyyət çəkmişdir. Belə ki, 2 aprel 1993-cü il tarixində Kəlbəcər rayonu Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal zamanı Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən törədilən zorakılıq və etnik təmizləmə fəaliyyəti nəticəsində Kəlbəcərin 54 mindən artıq əhalisi məcburi köçkün vəziyyətinə düşmüş, 321 nəfər əsir olmuş və ya girov götürülmüş, 511 nəfər vəhşicəsinə qətlə yetirilmiş, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100 min baş qaramal, 500 min baş qoyun-quzu, yüzlərlə maşın, texnika və s. talan edilmiş və rayonun milyardlarla manatlıq sərvəti (o cümlədən zəngin qızıl ehtiyatları) Ermənistana daşınmışdır.
Kəlbəcərdən Azərbaycanın tarixi izlərini silmək məqsədilə Ermənistan Respublikasının silahlı qüvvələri zəbt etdikləri ərazidə çoxlu sayda mədəni və tarixi abidələrimizi, o cümlədən rayonun Vəng kəndindəki Alban məbədini, Çərəkdar kəndindəki Alban kilsəsini, Qanlıkənd ərazisindəki Lök qalasını, Qaraçanlı kəndindəki Uluxan qalasını, Tərtər çayının yaxınlığında yerləşən Alban kilsəsini, Qalaboynu, Comərd və Keşikçi qalalarını, Kəlbəcər şəhərindəki və Otaqlı kəndindəki məscidləri, Tərtər çayı üzərindəki Tağlıdaş körpüsünü, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyini, Aşıq Şəmşir adına Mədəniyyət Evini, Söyüdlü yaylağındakı Seyid Əsədullanın ziyarətgahını məhv etmişlər.
Xüsusilə qeyd edilməlidir ki, BMT Təhlükəsizlik Şurası Sədrinin 6 aprel 1993-cü il tarixli bəyanatında ilk dəfə olaraq Şura “Ermənistan Respublikası və Azərbaycan Respublikası arasındakı münasibətlərin pisləşməsi ilə bağlı ciddi narahatlığını” ifadə etmiş, “Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğal edildiyini” bildirmiş və “bütün döyüş əməliyyatlarının dərhal sonlandırılmasını və bütün qüvvələrin ərazilərdən dərhal çıxarılmasını” tələb etmiş, eyni zamanda, “regiondakı bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünü, habelə sərhədlərin toxunulmazlığını” yenidən təsdiq etmişdir. BMT Təhlükəsizlik Şurasının müraciəti əsasında hazırladığı 14 aprel 1993-cü il tarixli hesabatında BMT Baş katibi qeyd etmişdir ki, “Dağlıq Qarabağ və ətraf ərazilərdə döyüşlərin artması, xüsusilə də Azərbaycanın Kəlbəcər və Füzuli rayonlarına həyata keçirilmiş cari hücumlar bütün Transqafqaz regionundakı beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına ciddi təhlükə törədir”. Ermənistan tərəfinin “Ermənistan Respublikasının hərbi qüvvələrinin Kəlbəcərdə aparılan döyüş əməliyyatlarına cəlb olunmadığı” iddiası ilə əlaqədar isə Baş katib aşkar şəkildə bildirmişdir ki, “T-72 tankları, Mi-24 tipli silahlı helikopterlər və təkmil hərbi təyyarələr kimi ağır hərbi texnikadan istifadə edilməsi xüsusi narahatlıq mənbəyidir və bu, yerli etnik qüvvələrdən daha çox başqalarının bu münaqişəyə cəlb olunduğunu göstərir”.
Bu xüsusda, 30 aprel 1993-cü il tarixində qəbul etdiyi 822 saylı qətnaməsində BMT Təhlükəsizlik Şurası “ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyi” prinsipini bir daha təsdiq etmiş, “davamlı atəşkəsə nail olmaq üçün bütün döyüş əməliyyatları və düşmənçilik fəaliyyətlərinin dərhal sonlandırılmasını, habelə Azərbaycanın işğal edilmiş Kəlbəcər və digər rayonlarından bütün işğalçı qüvvələrin dərhal çıxarılmasını” tələb etmişdir. Səsvermə zamanı bir sıra Şura üzvləri bəyanatla çıxış edərək döyüş əməliyyatlarının artması və sülh təşəbbüslərinə mane olduğuna görə Ermənistan tərəfinin məsuliyyət daşıdığını qeyd etmişlər. Belə ki, Böyük Britaniyanın nümayəndəsi çıxış edərək “sonuncu belə hücumun Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində danışıqların yenidən başlanması cəhdləri ilə üst-üstə düşməsi” və “hər hansı kompromis göstərməməsi” məsələsinə diqqəti cəlb etmişdir.
Buna baxmayaraq, BMT-nin sözügedən sənədləri Ermənistan Respublikası tərəfindən yerinə yetirilməmişdir.
Azərbaycan Respublikası hesab edir ki, Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olmasının yeganə yolu Azərbaycan Respublikasının ərazilərinin Ermənistan Respublikası tərəfindən işğalına son qoyulması və Azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaq hüququnun təmin edilməsidir.