news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 oktyabr 2014

Azərbaycan Respublikasının Zəngilan rayonunun Ermənistan Respublikası tərəfindən işğalının 21-ci ildönümü

Azərbaycan Respublikasının Zəngilan rayonunun Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edilməsindən 21 il ötür.

Füsunkar təbiəti və zəngin təbii ehtiyatları ilə Zəngilan Azərbaycanın ən gözəl torpaqlarından biridir. Kiçik Qafqaz dağlarının ətəyində və Araz çayının sahilində yerləşməsi, habelə Həkəri, Oxçuçay və Bəsitçay kimi çaylara malik olması Zəngilanı ən cəlbedici ərazilərdən birinə çevirmişdir.

Əsrarəngiz təbii gözəlliyi ilə yanaşı, Zəngilan Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri hesab olunur. Belə ki, Süsən və Əsgülüm dağlarındakı mağaralar bu ərazinin ibtidai insan məskənlərindən biri olduğunu sübut edir. Qədim yaşayış məskənləri, qəbiristanlıq və mağara kimi arxeoloji abidələrlə yanaşı, Zəngilanda çoxlu sayda memarlıq abidələri də mövcud olmuşdur. Belə abidələrə nümunə qismində Əmirxanlı kəndində 12-ci əsrə aid “Qız qalası”, Hacallı kəndində dairəvi qala, Məmmədbəyli kəndində 14-cü əsrə aid səkkizguşəli türbə, Yenikənd kəndində 14-cü əsrə aid sərdabə və Aşağı Yeməzli kəndində Alban kilsəsi, habelə çoxsaylı məscid və saraylar göstərilə bilər.

İşğaldan əvvəl rayonda 10453 yaşayış evi, 28200 yardımçı bina, 195 inzibati bina, 870 təsərrüfat yardımçı binaları,  128 mədəniyyət müəssisəsi, 123 təhsil müəssisəsi, texniki peşə məktəbi, 64 səhiyyə müəssisəsi, sağlamlıq zonası, 80 rabitə müəssisəsi, 7 səyyar avtoklub, 21 kino qurğu, 2 diyarşünaslıq muzeyi, 142 ticarət obyekti, 49 ictimai-iaşə obyekti, 2 şərab zavodu,  konserv zavodu, toxuculuq sexi, kərpic zavodu, çörəkbişirmə zavodu, çınqıl zavodu, 2 asfalt zavodu, su stansiyası kompleksi, 8 dəmir yolu vağzalı, quşçuluq fabriki, mal-qara kökəltmə kompleksi, 3400 hektar üzüm bağları, habelə 6 süni sututar olmuşdur.  

Ermənistan Respublikasının məkrli, işğal və etnik təmizləmə siyasəti Zəngilandan da yan keçməmişdir. Belə ki, 29 oktyabr 1993-cü il tarixində Zəngilan rayonu Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra Zəngilan əhalisi 67 gün mühasirə şəraitində qalmışdır. Daha sonra Araz çayını keçməyə məcbur olan Zəngilan əhalisi İran İslam Respublikasının ərazisi vasitəsilə Azərbaycanın müxtəlif rayonlarına köç etmişdir.

İşğal zamanı Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən törədilən zorakılıq və etnik təmizləmə fəaliyyəti nəticəsində Zəngilanda 200-dən çox insan öldürülmüş, 127 nəfər əlil edilmiş, 12800 uşaq yaralanmış, 395 uşaq valideynlərini itirmiş, 40 mindən çox insan isə məcburi köçkün vəziyyətinə düşmüşdür.

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə əlaqədar beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən müvafiq sənədlər, xüsusilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi (822, 853, 874, 884), 25 yanvar 2005-ci il tarixində Avropa Şurası tərəfindən qəbul edilmiş 1416 saylı qətnamə, 14 mart 2008-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş 62/243 saylı “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamə, Avropa Parlamenti tərəfindən 20 may 2010-cu il tarixində qəbul edilmiş “Cənubi Qafqazda Avropa İttifaqı strategiyasına ehtiyac” adlı hesabat Azərbaycan Respublikasının ərazi bütövlüyünü bir daha təsdiq etmiş, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf ərazilərinin işğal edildiyini qəbul etmiş və Ermənistanın bütün işğalçı qüvvələrinin həmin ərazilərdən çıxarılmasını tələb etmişdir.

Buna baxmayaraq, sözügedən sənədlər Ermənistan Respublikası tərəfindən həyata keçirilməmişdir.

Azərbaycan Respublikası hesab edir ki, Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olmasının yeganə yolu Azərbaycan Respublikasının ərazilərinin Ermənistan Respublikası tərəfindən işğalına son qoyulması və Azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaq hüququnun təmin edilməsidir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti