news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 iyul 2014

Dağlıq Qarabağ bölgəsində 19 iyul 2012-ci il tarixində qondarma “prezident seçkiləri”nin keçirilməsi ilə bağlı Bəyanat

Erməni kütləvi informasiya vasitələrində yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 19 iyul 2012-ci il tarixində qondarma “prezident seçkiləri”nin keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bununla bağlı bir daha təkrar edir ki, Ermənistan Respublikası Azərbaycanın ərazilərini işğal etmək və yerli azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti aparmaqla işğal edilmiş ərazilərdə qanunsuz rejim yaratmışdır. Qondarma “seçkilər” Ermənistanın işğal edilmiş ərazilərin anneksiya edilməsi və Azərbaycan ərazilərinin davam edən işğalının nəticələrini təşviq etmək məqsədi güdən siyasətini ört-basdır etmək məqsədilə keçirilir.

Yerli azərbaycanlı əhalinin iştirakı olmadan və Azərbaycan Respublikasının müvafiq strukturları tərəfindən lazımı icazə verilmədən bu cür addım atılması Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur və beləliklə, heç bir hüquqi qüvvəyə malik deyildir.

Legitim seçkilərin keçirilməsi yalnız Ermənistanın işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması, bölgədə həyatın normallaşdırılması, işğal edilmiş ərazilərdən qovulmuş azərbaycanlı əhalinin geri qayıtması və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpası üçün zəruri şəraitin yaradılmasından sonra mümkün olacaqdır.

Azərbaycan Respublikası Ermənistan tərəfini heç bir perspektiv vəd etməyən qanunsuz addımlar əvəzinə öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaqla bütün regionda davamlı sülh, təhlükəsizlik və inkişaf üçün yeni perspektivlər açmağa çağırır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti