2015-05-08

“Şuşa. Azərbaycan mədəniyyətinin məbədi”. Daimi Nümayəndə, Səfir Murad Nəcəfbəylinin "UN Special" jurnalında məqaləsi

Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında akkreditə olunmuş diplomatik korpusun 10 minlik tirajla çap edilən ən nüfuzlu dövri nəşri olan “UN Special” jurnalında (www.unspecial.org) Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfir Murad Nəcəfbəylinin “Şuşa. Azərbaycan mədəniyyətinin məbədi” adlı məqaləsi dərc olunmuşdur. İsveçrədə böyük oxuyucu kütləsi və yüksək nüfuza malik olan “UN Special” dərgisində dərc olunmuş məqalədə, müəllif, çoxmədəniyyətli müxtəlifliyə malik olan ölkə kimi Azərbaycanın ərazisinin xalqımızın zəngin tarixi və mədəni irsini əks etdirdiyini qeyd etmişdir. Tarix boyu müxtəlif Azərbaycan dövlətlərinin xarici ölkələr ilə mütəmadi və fəal əlaqədə olduğunu və bunun nəticəsində mədəniyyət və incəsənət mübadiləsinin baş verdiyinin qeyd olunduğu məqalədə, Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin unikal mərkəzlərindən biri olduğu bildirilmişdir.

Məqalənin əvvəlində XVIII əsrin ortalarında əsası qoyulmuş və qısa zaman ərzində Azərbaycanın Qarabağ xanlığının mərkəzi olan Şuşa qala-şəhərinin tarixi və abidələri haqqında məlumat verilmiş, daha sonra XVIII və XIX əsr milli memarlığımız və şəhər quruculuğumuzun nadir nümunələri qismində “Gəncə qala divarları”, Xan bağı, Qara Böyükxanım qəsri, Yuxarı və Aşağı Gövhərağa məscidləri xüsusilə vurğulanmışdır.

“UN Special” jurnalında Şuşa şəhərinin Azərbaycan xalqının iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynadığı, milli-mənəvi dəyərlərimiz, musiqi ənənələrimizi əks etdirdiyi diqqətə çatdırılaraq, Şuşanın nəinki nadir abidələr şəhəri, eləcə də Qasım bəy Zakir, Mir Möhsün Nəvvab, Xurşidbanu Natəvan, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Üzeyir Hacıbəyli kimi, çoxlu sayda yazıçı, şair və musiqiçinin vətəni olduğu bildirilmişdir.

Məqalədə daha sonra Azərbaycan muğamının beşiyi hesab olunan Şuşanın XIX əsrdə “Qafqazın Konservatoriyası” adlandırıldığı qeyd olunmuş və bu şəhərdə yaşayıb yaratmış Azərbaycan musiqisinin görkəmli nümayəndələri – Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Bülbül, eləcə də Üzeyir Hacıbəylinin yaradıcılığı haqqında məlumat verilmişdir.

1970-80-cı illərdə Şuşada yeni mədəni və incəsənət abidələrinin, o cümlədən ikimərtəbəli mineral su qalereyası, M.P.Vaqifin mavzoleyi, M.M.Nəvvab və Ü.Hacıbəylinin abidələri, bir sıra Azərbaycan şairlərinin büstlərinin ucaldığı bildirilmiş, bu şəhərin ölkəmizin tarixi və mədəniyyətində əvəzsiz rolunu nəzərə alaraq, onun mədəni irsinin hər zaman Azərbaycan xalqının və Hökumətinin diqqət mərkəzində olduğu qeyd edilmişdir. Məqalədə Şuşa şəhərində yerləşən XIX əsr Saatlı məscidinin tavanı, şəhərin yuxarıdan görünüşü və xalq yaradıcılığına dair fotoşəkillər yerləşdirilmişdir.

Arxiv üzrə axtarış