2015-04-27

Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi BMT-nin Cenevrə Bölməsi yanındakı Daimi Nümayəndəliklər arasında keçirilmiş mini-futbol turnirinin qalibi olmuşdur

19-26 aprel 2015-ci il tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında akkreditə olunmuş ölkələrin Daimi Nümayəndəlikləri və beynəlxalq təşkilatlar arasında “İnkişaf və Sülh üçün Beynəlxalq İdman Günü” münasibətilə mini-futbol turniri təşkil edilmişdir. Turnir FIFA-nın mini-futbol turniri üzrə qaydaları əsasında Cenevrə Futbol Federasiyasının hakimləri tərəfindən idarə olunmuşdur.

Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin əməkdaşlarından ibarət komanda sözügedən turnirdə iştirak etmiş və oyunlardan öncə ölkəmiz, habelə “Bakı 2015 - I Avropa Oyunları” ilə bağlı rəqib komandalara kitab və jurnallar təqdim etmişdir.

Turnirin qrup mərhələsində bütün rəqiblərini məğlub edən komandamızın yarım-final mərhələsindəki rəqibi Türkmənistan, Gürcüstan, Misir, Latviya, Qırğızıstan, Moldova və Tacikistan Daimi Nümayəndəliklərinin əməkdaşlarından ibarət yığma komanda olmuşdur. Rəqibini 8-4 hesabı ilə məğlub edən komandamızın finaldakı rəqibi isə Paraqvay və Venesuela Daimi Nümayəndəliklərinin əməkdaşlarından ibarət yığma komanda olmuşdur. Beləliklə, finaldakı rəqibini 5-4 hesabı ilə məğlub edən Daimi Nümayəndəliyimiz turnirin qalibi olmuş və kubok və medallarla təltif olunmuşdur.

Turnirdə 20-dən çox ölkənin nümayəndələri iştirak etmişdir.

Arxiv üzrə axtarış