2014-11-19

Azərbaycan BMT-nin “İllik Bazar”ında iştirak edərək uşaqlar üçün xeyriyyə fonduna maliyyə töhfəsi etmişdir

Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi 18 noyabr 2014-cü il tarixində BMT-nin Cenevrə şəhərindəki bölməsi tərəfindən təşkil olunmuş “İllik Bazar”da iştirak etmişdir.

Hər il ənənəvi olaraq BMT-nin Cenevrə şəhərindəki bölməsi – Millətlər Sarayında təşkil olunan “İllik Bazar”ın keçirilməsində məqsəd, ölkələrin mədəniyyəti, incəsənəti, mətbəxi və adət-ənənələrinin təbliğ edilməsindən və dünyanın müxtəlif bölgələrində yaşayan uşaqlara yardım üçün təsis olunmuş xeyriyyə fonduna töhfələrin edilməsindən ibarətdir.

Cari ildə keçirilən “İllik Bazar” “Uşaqlar naminə ittifaq” (United  for children) şüarı altında təşkil edilmişdir. Tədbirdə BMT-nin Cenevrə Bölməsinin Baş Direktoru  v.i.e M.Moller, BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında akkreditə olunmuş Daimi Nümayəndələr, Cenevrə kantonunun və şəhərinin rəhbərləri, diplomatlar, İsveçrədə akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlar iştirak etmişdir.

Daimi Nümayəndəliyimizin ənənəvi olaraq iştirak etdiyi “İllik Bazar”da ölkəmizin sərgi stendində milli mədəniyyətimizi, maddi-mənəvi irsimizi, incəsənətimizi və adət-ənənələrimizi əks etdirən əşyalar nümayiş olunmuş, eyni zamanda Azərbaycanın turizm potensialı, mədəniyyəti, incəsənəti və mətbəxinə dair kitab, jurnal və xəritələr, eləcə də digər vəsaitlər iştirakçılara paylanılmışdır. Sərgi stendimizdə, həmçinin, ADA Universitetinin təhsil proqramları haqqında məlumatlar tədbir iştirakçılarına təqdim olunmuşdur. BMT-nin Cenevrə Bölməsinin Baş Direktoru  v.i.e M.Moller Daimi Nümayəndəlik tərəfindən təşkil edilmiş sərgi stendini ziyarət etmiş və nümayiş olunmuş əşyaları yüksək qiymətləndirmişdir. 

Tədbirin sonunda Azərbaycan Respublikası Hökuməti adından müvafiq maliyyə töhfəsi BMT-nin aidiyyəti xeyriyyə fonduna köçürülmüşdür. Həmin maliyyə vəsaiti dünyanın müxtəlif yerlərində əlverişsiz şəraitdə olan uşaqların xeyrinə çoxsaylı layihələrin həyata keçirilməsi üçün sərf olunacaqdır. 

Arxiv üzrə axtarış