2014-08-11

Beynəlxalq Ticarət Mərkəzi Azərbaycanın iqtisadi inkişaf sahəsindəki nailiyyətlərini yüksək qiymətləndirir

Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru Arança Qonzalez Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Səfir Murad Nəcəfbəyliyə bildirmişdir ki, Azərbaycan tərəfindən çoxtərəflilik və inkişaf yardımlarına, o cümlədən BMT-nin qurumlarının inkişaf təşəbbüslərinə edilmiş artan töhfələri alqışlayır.

Arança Qonzalez, Azərbaycanın iqtisadi inkişaf sahəsində əldə etdiyi son nailiyyətləri təqdir etmiş və ölkəmizin dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına çevrildiyini qeyd etmişdir.  

Beynəlxalq Ticarət Mərkəzinin rəhbəri ölkəmizdə makroiqtisadi sabitlik, struktur dəyişiklikləri, birbaşa xarici investisiyaların cəlb olunması üzrə təlqinedici nəticələri, o cümlədən davamlı inkişaf sahəsində ümumi irəliləyişi yüksək qiymətləndirmişdir.

A.Qonzalez, Respublikamızın qarşısına qoyduğu iqtisadi inkişaf məqsədlərinin dəstəklənməsi üçün Beynəlxalq Ticarət Mərkəzinin potensialının olduğu və bu xüsusda, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, tikinti, nəqliyyat sektorlarının rəqabət qabiliyyətliliyinin gücləndirilməsi, o cümlədən ixracların təşviq olunması sahələrində Azərbaycanla daha sıx əməkdaşlığa hazır olduğunu bildirmiş və Azərbaycan ilə Beynəlxalq Ticarət Mərkəzi arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün kifayət qədər imkanların olduğunu qeyd etmişdir.

Beynəlxalq Ticarət Mərkəzi, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının və Ümumdünya Ticarət Təşkilatının ticarətin inkişafının biznes aspektləri üçün birgə əməkdaşlıq qurumudur, 1964-cü ildə yaradılmışdır, qərargahı Cenevrə şəhərində yerləşir və məqsədi, ticarət və beynəlxalq biznesin inkişafı vasitəsilə inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrdə davamlı iqtisadi inkişafın stimullaşdırılmasından və Minilliyin İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verilməsindən ibarətdir.

Arxiv üzrə axtarış