“UN Special” jurnalında Səfir, Daimi Nümayəndə Murad Nəcəfbəylinin “Nizami Gəncəvi. İnsan dühasının əlçatmaz nümunəsi” adlı məqaləsi dərc olunmuşdur.
İsveçrədə BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında akkreditə olunmuş diplomatik korpusun ən nüfuzlu dövri nəşri olan “UN Special” jurnalının(www.unspecial.org) 2013-cü il aprel tarixli, 727 saylı buraxılışında Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfir Murad Nəcəfbəylinin “Nizami Gəncəvi. İnsan dühasının əlçatmaz nümunəsi” adlı məqaləsi dərc olunmuşdur. İsveçrədə böyük oxuyucu kütləsi və yüksək nüfuza malik olan “UN Special” jurnalında dərc olunmuş məqalədə, müəllif, orta əsr Azərbaycan fəlsəfi poeziyasının ən görkəmli nümayəndəsi, böyük Azərbaycan şairi Nizami Gəncəvinin dünya mədəniyyət tarixindəki layiqli yeri, onun həyat və yaradıcılığından bəhs etmişdir. Nizami Gəncəvinin yaşadığı, ədəbi fəaliyyətini həyata keçirdiyi yerin məhz Azərbaycanın Gəncə şəhəri olmasının vurğulandığı məqalədə, Nizami Gəncəvinin 5 ölməz poemasının dünya ədəbiyyatında tamamilə yeni bir poetik xətt və istiqamət təşkil etdiyi bildirilmişdir.
Məqalədə Azərbaycan şairi Nizaminin milli və beynəlxalq ədəbiyyata gətirdiyi ədəbi və fəlsəfi yeniliklər təhlil edilmiş, Nizami yaradıcılığının əsasında dayanan mərkəzi yanaşmanı insan amili və onun xoşbəxtliyinin təşkil etdiyi qeyd olunmuşdur. Belə ki, məhz həmin ideya daha sonra özünü məşhur Avropa İntibahı sənətkarlarının yaradıcılığında büruzə vermişdir.
“UN Special” jurnalında Nizami yaradıcılığının humanist səciyyəsi vurğulanmış və eyni zamanda Azərbaycan şairinin böyük ustalıq və məharətlə tarixi mövzulara müasirlik baxımından yanaşması, əsərlərində xalqın istək və arzularını, xalq yaradıcılığından alınmış müdrik fikirləri yüksək sənət dili ilə ifadə etməsi qeyd edilmişdir.
Daha sonra məqalədə bildirilmişdir ki, böyük dahi tərəfindən müəyyən edilmiş humanizm və demokratizm prinsipləri yalnız Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta Şərq, eləcə də bir sıra Qərb ədəbiyyatlarında humanist meyllərin yayılmasına təkan vermiş, söz və ifadə azadlığına böyük önəm verən Nizami Gəncəvi BMT-nin Nizamnaməsində əks olunmuş “pasifizm” ideyasının əsasını qoymuş, insanları, xüsusən də o dövrün hökmdarlarını sülhə və təhlükəsizliyə dəvət etmişdir.
Məqalədə dahi şair və mütəfəkkirin böyük adının doğma vətəni Azərbaycanda əbədiləşdirildiyi, anadan olmasının 800 və 840 illik yubileylərinin geniş qeyd edildiyi, hazırda isə onun 870 illik yubileyinin keçirilməsi ilə bağlı ölkəmizdə və xarici ölkələrdə müxtəlif tədbir və mərasimlərin keçirilməkdə olduğu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmışdır.
Məqalədə Nizami Gəncəvinin portreti və Gəncə şəhərindəki Nizami məqbərəsinin fotoşəkilləri yerləşdirilmişdir.