2013-02-23

Daimi Nümayəndə tərəfindən Xocalı soyqırımı ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasının Prezidentinə məktub ünvanlanıb

Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi nümayəndəsi, Səfir Murad Nəcəfbəyli BMT-nin İnsan Hüquqları Şurasının Prezidentinə müvafiq məktub ünvanlayıb. Məktubda Azərbaycan tərəfinin mövqeyinin BMT-nin İnsan Hüquqları Şurasının 22-ci sessiyasının rəsmi sənədi qismində tədbir iştirakçılarına yayılması xahiş olunub.

Xocalı şəhərinin Ermənistanın hərbi qüvvələri tərəfindən işğalı və hərbi əməliyyatlar zamanı dinc mülki əhalinin qətlə yetirilməsi və soyqırımına məruz qalması haqqında əsaslı faktların verildiyi məktubda Xocalı soyqırımına dair müxtəlif mətbuat orqanları, jurnalistlər və qeyri-hökumət təşkilatlarının məlumatlarından sitatlar gətirilib. Eyni zamanda Xocalı şəhərində baş vermiş hadisələr haqqında həqiqətlərin dünya ictimaiyyətinə obyektiv çatdırılmasının təmin edilməsi məqsədilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası və onun fəaliyyəti haqqında ətraflı məlumat verilib. Sənədlərdə Xocalı soyqırımına obyektiv qiymətin verilməsi və tarixi, hüquqi ədalətin bərpa edilməsinin zəruriliyi bildirilib.

Məktubda daha sonra beynəlxalq insan hüquqları və humanitar hüquq pozuntuları törədən şəxslərin məsuliyyətə cəlb olunması sahəsində dövlətlərin öhdəlikləri xatırlanıb və cəzasızlıq mühitinə son qoyulmasının sülh, barışıq və soyqırım qurbanlarının hüquqlarının təminatı baxımından vacibliyi diqqətə çatdırılıb. Sözügedən məktub BMT-nin İnsan Hüquqları Şurasının 22-ci sessiyasının rəsmi sənədi qismində yayılacaq.

Eyni məzmuna malik müraciətlər Daimi Nümayəndəlik tərəfindən, həmçinin BMT-nin Cenevrə Bölməsinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, Afrika İttifaqı, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatının üzv və müşahidəçi dövlətlərinə, eləcə də BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında akkreditə olunmuş ölkələrin Daimi Nümayəndəliklərinə də göndərilib.

Arxiv üzrə axtarış